Azərbaycan dövlətinin qazandığı bütün uğurlar Ulu Öndər Heydər Əliyevin müdrikliyi sayəsində məhz müstəqilliyimizin qorunub saxlanmasının nəticəsidir.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.
Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.
İnsan hüquq və azadlıqlarının qorunması ilə davamlı demokratik islahatlar kursunun həyata keçirilməsinə başlanıldı. Bütün insan hüquqları, o cümlədən söz, mətbuat azadlığı, şəxsiyyətin toxunulmazlığı təmin edildi. Ölkəmizdə tarixən mövcud olmuş tolerantlıq mühiti daha da möhkəmləndirildi, vətəndaş cəmiyyətinin formalaşdırılması yolunda köklü irəliləyiş əldə olundu. Bütün bunlar Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyasında təsbit edildi. Eyni zamanda Heydər Əliyevin uzaqgörənliyi ilə mütərəqqi dövlət quruculuğuna start verildi, dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı, vətəndaşla dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan sosial sabitliyin təməli qoyuldu və dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi. Ulu Öndərin rəhbərliyi ilə başlanan islahatlar nəticəsində dövlət idarəçiliyinin bütün sahələri dünya standartlarına uyğunlaşdırıldı.
Ölkədə azad bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi nəticəsində qısa zaman kəsiyində dövlətin və xalqın maraqlarına cavab verən iqtisadi sistem yaradıldı. Eləcə də vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edildi.
Heydər Əliyevin dövlətçilik konsepsiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi dərin məzmunlu və çoxşaxəli siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirirMüstəqil daxili və xarici siyasət yürüdən Azərbaycan yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınır. Cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlu siyasət, qazanılan bütün uğurlar əminliklə söyləməyə əsas verir ki, ölkəmizin dövlət müstəqilliyi bir də heç vaxt əldən verilməyəcək və əbədi olacaqdır.
Aliyə Orucova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
Azərbaycan-Özbəkistan münasibətləri Türk dünyasının yeni güc mərkəzini formalaşdırır
Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır