Heç kəsi bəyənməyən bəzi özündən müştəbehlər var. Əməllərinə baxırsan ki, işi-peşəsi ara qarışdırmaq, qeybət etmək, əlindən bir iş gəlmədiyi halda iş görənlərə "mız" qoymaqdır. Demokratiyanın verdiyi söz azadlığından sui-istifadə edən bu cür "işbazlar" "Belə bir zamanda afrist olmalı" prinsipindən geninə-boluna istifadə edirlər. Bunlar ağızlarına yiyəlik edə bilmədikləri halda yeri gəldi-gəlmədi "yuyulmamış çömçə" kimi özlərini ortaya atır, "mən də varam" deyirlər.
Reallıqdan uzaq olan ReAL Partiyasının sədri İlqar Məmmədovun canfəşanlığı buna əyani misal ola bilər. Azərbaycanın inkişaf strategiyasından xəbəri olmayan partiya sədri konkret iş əvəzinə kabinetində oturub nala-mıxa vurur. Ermənistanın işğalından azad edilmiş rayonlarda "ağıllı kənd"lərin salınması, uzun illər doğma yurd-yuvasından didərgin düşüb məcburi köçkünlük həyatı yaşayanların geri qayıtmaları bayram kimi qarşılanır. Bundan hər bir Azərbaycan vətəndaşının qürurlandırdığı halda adını çəkdiyimiz partiyanın sədri İlqar Məmmədovun dövlətin bu addımına dodaq büzməsi anlaşılmır. O, bildirir ki, guya "ağıllı kənd" Qarabağa qayıdış modeli ola bilməz. Niyə? Hansı əsasa görə ola bilməz? Əgər sakinlər üçün rahat həyat şəraiti təmin edilirsə bunun nəyi pisdir? Ancaq özü bu sualları cavab cavablandırmır, ortaya atdığı "mıza" açıqlama vermir. Bir yandan da düz edir. Axı, verib nə deyəcək, hansı arqumentləri gətirəcək? Yaxşı olar ki, gördüyü əhəmiyyətli bir iş barədə, həyata keçirdiyi hər hansı layihə haqqında danışaydı ancaq yəqin sərf etmir.
Təbii ki, İlqar Məmmədovun sözləri boş qazan dınqıltısından başqa heç nə deyil.
Vəli İlyasov, "İki sahil"
Azərbaycan və Özbəkistan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpü yaradır
Dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin yüksəlişini tarixiləşdirdi