Ölkəmizin geopolitik uğurları İrəvanı oyundankənar vəziyyətə salıb
Ermənistanın BMT-dəki son məğlubiyyəti həm İrəvan hakimiyyətini həm də Xankəndidəki separatçıları tamamilə dalana dirəyib. Xüsusilə Azərbaycan dövlətinin bütün xarici təzyiqlərə rəğmən Laçın sərhəd –keçid məntəqəsindəki qətiyyəti ermənilərin son ümidlərinə də balta vurmuş oldu. Bununla da ölkəmiz birmənalı olaraq beynəlxalq aləmə Cənubi Qafqazda şəriksiz geosiyasi iradə sahibi olduğunu qəbul etdirdi. Təbii ki, bundan sonra Cənubi Qafqazın gələcək taleyi birmənalı şəkildə Azərbaycanın qərarlarından asılı olacaqdır.
Hadisələrin gedişi göstərir ki, Ermənistan bölgədə tədricən oyundankənar vəziyyətə düşür. Beynəlxalq himayədarlarının ənənəvi dəstəyinin əhəmiyyətini itirmək üzrə olması indi Paşinyan hakimiyyətini yalnız Ermənistanın mövcudluğunu qorumaq məcburiyyətindəqoyub. Məhz buna görə də Qarabağ iqtisadi zonasındakı separatçı-terrorçuların gələcək taleyi də Azərbaycan dövlətinin verəcəyi qərarlardan asılı olacaq.
Elə ona görə də erməni KİV-ləri separatçıların rəhbəri Araik Arutyunyanın Azərbaycanın Laçın-Xankəndi yoluna alternativ təklif etdiyi Ağdam- Xankəndi yolu ilə razılaşdığını yazıblar. Qondarma «respublika»nın qondarma «lideri» qondarma «təhlükəsizlik şurası»nı iclasını çağıraraq Ağdam- Xankəndi yollundan isifadəni məqbul hesab edib.
Təbii ki, Azərbaycan dövlətinin vaxtı gəldikcə Ermənistanın «ipini» dartması Xankəndi və ətraf bölgədəki situasiyaya birbaşa təsir göstərir. Yəni, erməni separatçı-terrorçuların indi nə beynəlxalq siyasi dairələrdən, nə də Ermənistandan dəstək almaq şansı qalmayıb. Ona görə də onlar bizim ədalətli təklif və şərtlərimizə boyun əyməyə məhkumdurlar.
Bu da çox önəmli faktdır ki, Cənubi Qafqazda strateji maraqları olan Rusiya da mövcud reallıqla barışmağa meyillidir. Məhz buna görədir ki Rusiya Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan vətəndaşlarını oradan çıxarmağa başlayıb. Bəzi məlumatlara görə, son bir həftə ərzində bölgədən təxminən 200-dək Rusiya vətəndaşı çıxarılıb. Bu isə Moskvanın Azərbaycana birbaşa təzyiq üçün işə salmağa çalışdığı «Rusiya vətəndaşı» layihəsinin tam olaraq iflasa uğramasıdır.
Qeyd edək ki, hələ İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra Xankəndi və ətraf bölgənin erməni əhalisinə kütləvi şəkildə Rusiya paspotları paylanmışdı. Moskva bununla da oradakı erməniləri öz himayəsinə aldığını göstərmək istəyirdi. Lakin Rusiya- Ukrayna müharibəsinin başlaması və rusların burada böyük çətinliklərlə üzləşməsi, o cümlədən Azərbaycan dövlətinin geosiyasi nüfuzunun və hərbi gücünün artması erməniləri ciddi xəyal qırıqlığına uğratdı. Halbuki ötən illər ərzində Rusiya ölkəmizə Qarabağda Rusiyanın himayəsində olan kütlənin mövcudluğu ilə bağlı təhdid mesajları verirdi. Xüsusilə Qarabağda da Abxaziya və Cənubi Osetiya variantının reallaşdırıla biləcəyinə işarə vururdu.
Məhz Prezident İlham Əliyevin qətiyyətli və prinsipal siyasəti Rusiyanın bu məkrli planını pozmuş oldu. Moskva hakimyyəti anladı ki, forpost Ermənistandan fərqli olaraq müstəqil siyasət yürüdən Azərbaycanla bu münasibətdə oyunları oynamaq mümkün deyil. Hətta istəsə belə, Azərbaycanın ən sərt addımları ilə üzləşəcək.
Son zamanların bölgə üçün önəmli hadisələrindən biri də odur ki, Xankəndidəki ermənilərin bir xeyli hissəsi Azərbaycana reinteqrasiya məsələsinə müsbət yanaşırlar. Hətta bu istiqamətdə separatçıların rəhbərləri arasında ciddi müzakirələrin aparıldığı da bildirilir. Lakin müzakirələrdə ermənilərin reinteqrasiya məsələsinə ciddi etiraz edən isə Moskvanın Xankəndidəki emissarı Ruben Vardanyandır. Bu vətənsiz erməni dığası Xankəndidə Azərbaycana qarşı silahlı təxribatlara çağırır və reinteqrasiya tərəfdarı olanları birbaşa xəyanətdə günahlandıraraq onları təhdid edir.
Yenə də erməni mətbuatının verdiyi məlumatlara görə, hazırda separatçı-terrorçuların rəhbəri Araik Arutyunyanla Ruben Vardanyan arasında ciddi qarşıdurma mövcuddur. Hətta Vardanyanın istəyi odur ki, Araikin «istefasını» tezləşdirməklə separatçılara rəhbərliyi tamamilə öz əlinə alsın.
Daha bir önəmli fakt isə odur ki, Araik Arutyunyan Ağdam-Xankəndi yolunun açılmasından sonra reinteqrasiya prosesinin sürətlənə biləcəyini bildirib. Onun dediyinə görə, Azərbaycan Xankəndi və ətraf bölgələrə təbii qaz və elektrik enerjisi xətlərinin çəkilişini planlaşdırır. Yəni, tezliklə Xankəndi və ətraf bölgənin bütün enerji təminatı məhz Qarabağın sahibi Azərbaycan tərəfindən reallaşdırılacaq. Deməli, i, Xankəndi və ətraf bölgənin Azərbaycana reinteqrasiyası qarşısıalınmazdır və gec-ya tez mütləq şəkildə reallaşacaq.
Elçin Zaman, «İki sahil»
Azərbaycan və Özbəkistan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpü yaradır
Dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin yüksəlişini tarixiləşdirdi