Əfqan Muxtarlı və dostları Azərbaycan əleyhinə təbliğat kampaniyasını həvəslə yerinə yetirirlər
Özünü bloger adlandıran, əslində isə Avropada erməni lobbsinin çaldığı havaya oynayan Əfqan Muxtarlı və Ələmdar Bünyadov kimi zatıqırıqlar Berlində Almaniyanın Xarici İşlər Nazirliyi qarşısında oturaq aksiya keçirirlər. Aksiya zamanı həmişəki kimi, Azərbaycan dövlətinə və xalqına qarşı yenidən böhtanlar yağdırırlar. Onlar Qubad İbadoğlunun və guya Azərbaycandakı digər «siyasi məhbus»ların azad edilməsini «tələb» edirlər.
İndi bu əxlaqsızlardan soruşmaq lazımdır ki, siz elə vətənpərvər və insansevər adamlarsınızsa, niyə Ermənistandakı hərbi əsirlərimizə görə, həmçinin ötən həftə BMT-də Azərbaycanla bağlı məsələ müzakirə olunanda xarici səfirliklər qarşısında erməni ədalətsizliklərinə qarşı səsinizi çıxarmadınız? Niyə separatçıların Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ekoloji terrorlarına etiraz etmədiniz? Niyə hələ də sərhədlərimizdə davam edən erməni təxribatlarına qarşı bağırmadınız? Bu niyələrin sırasını uzatmaq da olar. Ancaq sizdən bir məntiqli cavab almaq mümkün deyildir. Ona görə ki, antimilli duyğularınız və ermənipərəst xarakteriniz buna imkan verməyəcək.
Açıq-aşkar görünən odur ki, erməni lobbisi tərəfindən maliyyələşdirilən bu xəyanətkarlar Azərbaycan əleyhinə təbliğat sifarişlərini həvəslə yerinə yetirirlər. Hətta bu, onların qarşılarına bir vəzifə kimi qoyulub. Əks halda erməni himayədarları qarşısında aciz duruma düşə bilərlər.
Bu gün haqlı olaraq sual olunur: xaricədə məskunlaşmış belə antimilli blogerləri müdafiə edən AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı Arif Hacılı və qondarma «Milli Şura»nın funksionerləri hansı haqla xalqı öz ətraflarında görmək istəyirlər? Axı onlar Azərbaycan xalqının aşağılandığı bir məqamlarda xalqın və dövlətin yanında olmaqdansa Avropadakı ermənipərəst mühacirlərlə bir sırada dayanırlar.
Burada digər diqqət çəkən biabırçılıq isə odur ki, bu «siyasi mühacir»lər donuna bürünənlərin böyük əksəriyyəti əslində dağıdıcı müxalifətin lokomotivləri olan AXCP-nin və Müsavat Partiyasının üzvləridir. Onlar da üzvü olduqları partiyaların «liderləri» kimi ölkəmizdə sabitliyin pozulması, xaos, anarxiya və qarşıdurma yaranmasına calışırlar.
Bu blogerlərin digər böyük rəzilliyi isə sosial şəbəkələr vasitəsi ilə xalqımıza və dövlətimizə qarşı mənəvi və ideoloji terror törətmələridir. Belə ki, bütün mənəvi-əxlaqi dəyərləri ayaqlar altına atan bu avantüristlər dövlətimizə, onun atributlarına qarşı təhqiramiz ifadələr səsləndirir, dağıdıcı çağırışlar edirlər. Qaragüruhçu təfəkkürə malik olan bu ünsürlərin sosial şəbəkələrdən mənəvi terror vasitəsi kimi istifadə etmələri cəmiyyətimizdə ciddi etirazlar doğurur. Hətta onların həbs olunaraq ölkəyə gətirilməsi və Azərbaycan qanunları ilə mühakimə olunmaları istənilir.
Hər halda onların bu antimilli davranışları stəkanda fırtına yaradacaq qədər zəifdir və Azərbaycan dövlətinin inkişafına, beynəlxalq nüfuzuna, ən əsası isə haqq işinə kölgə sala bilməz. Ancaq bununla belə, atalar sözündə deyildiyi kimi, milçək bir şey deyil, ancaq ürək bulandırır. Bu rəzillərin də əlindən gələn zatən budur- ürək bulandırmaq.
Elçin Zaman, «İki sahil»
Azərbaycan və Özbəkistan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpü yaradır
Dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin yüksəlişini tarixiləşdirdi