23 avqust 2023 00:00
448

Füzuli və Cəbrayıl rayonları bu gün azadlığının 3-cü ilini yaşayır

Bu günlər Böyük Qayıdışın başlandığı Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni-rus hərbi birləşmələri tərəfindən işğal edilib. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Birinci Qarabağ müharibəsində Füzuli rayonu 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub.

1994-cü ilin yanvarında Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında  Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun Arazboyu 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub. Qısa müddət ərzində rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılmış, işğaldan azad olunmuş ərazilərdə həyat yenidən öz axarına düşmüşdür.

Otuz il öncə elə həmin gün, yəni avqustun 23-də həm də Cəbrayıl rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər həlak olub. Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayılın erməni-rus hərbi birləşmələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.

Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib. 2006-2007-ci illər ərzində erməni işğalçıları tərəfindən rayonun 16 min hektardan artıq ərazisində yanğınlar törədilib.

2020-ci il oktyabrın 4-də öncə Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Bundan sonra rayonun erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılması faktları bir daha dünyaya bəlli oldu. Aydınlaşdı ki, işğal nəticəsində ermənilər Cəbrayıla 13,928 milyard ABŞ dolları məbləğində ziyan vurub. Cəbrayıldan olan insanların hüquqları pozulub və 27 il davamlı qaçqınlıq həyatı yaşamağa, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmağa məcbur qalıblar.

2020-ci il noyabrın 26-da Prezident İlham Əliyevin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi və Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22 min 775 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

2020-ci ildə oktyabrın 17-də Azərbaycan Ordusu Füzuli rayonunu işğaldan azad edib. Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzulidə də bərpa və quruculuq işləri gedir. Prezident İlham Əliyevin Füzuliyə səfərləri zamanı mühüm strateji obyektlərin təməlləri qoyulub. Bu gün artıq Qarabağın hava qapısı hesab olunan Füzuli Beynəlxalq Hava Limanının tikintisi başa çatıb. Əminik ki, tezliklə Füzuli rayonu da ən qısa müddətdə bərpa ediləcək və öz sakinləri ilə firavan günlərinə qovuşacaq.

İşğaldan azad olunan Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması da rayonun inkişafı üçün önəmli hadisədir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı təsdiq edilib, hazırda Cəbrayılda 200 hektarı əhatə edən böyük bir layihə icra olunur, 4-6 zolaqlı yol çəkilir, SOCAR və BP 240 meqavatlıq günəş elektrik stansiyasının inşasını planlaşdırır.

Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayılda “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimləri keçirilib. “Cəbrayıl” yarımstansiyanın, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı olub. Bütün bunlar isə heç şübhəsiz ki, işğaldan azad olunmuş Cəbrayılın sürətli şəkildə bərpasına hesablanıb.

Cavid Əkbərov, “İki sahil”