BMT Təhlükəsizlik Şurasının avqustun 16-da keçirilmiş iclasında Qarabağda humanitar böhran şousu dəstək qazanmadıqdan sonra Ermənistan cəmiyyətində isterik depressiya yaranıb. İşğalçı ölkədə Azərbaycanın reinteqrasiya təkliflərini heçə sayan, bu təşəbbüsün qeyri-səmimi olduğunu vurğulayan fikirlər tirajlanmaqdadır. Belə rəy formalaşdırılır ki, guya Bakı Qarabağ ermənilərinə öz vətəndaşı kimi yanaşa bilməz, məqsəd erməniləri Qarabağdan tamamilə çıxarmaqdır.
Bu, bir həqiqətdir ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün səylər göstərir. Amma Ermənistan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirir və bu gün sülhə əngəl olan məhz Hayastandır. Baxmayaraq ki, işğalçı ölkə 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb, amma hələ də üçtərəfli Bəyanatın müddəalarını tam yerinə yetirmir. Belə ki, bu ölkə hələ də Qarabağ ərazisindən qanunsuz silahlı dəstələrini çıxarmayıb, eləcə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması öhdəliyinə əməl etmir. Bütün bunlar isə regionda vəziyyəti mürəkkəbləşdirir. Nəzərə almaq lazımdır ki, sülh sazişinin prinsiplərini müəyyən edən məhz Azərbaycandır. Bu prinsiplər ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn məlum prinsipləridir. Avropa İttifaqı, ABŞ və Rusiya bu prosesdə vasitəçilik edir. Azərbaycan sülh naminə bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir.
Əgər bu təşəbbüslər sülhə xidmət edirsə, nəticə olmalıdır. Məlumdur ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bəyan edib. Amma işğalçı dövlət sözdə belə desə də əməldə təxribatçı siyasətini davam etdirir. İşğalçı dövlət və onun havadarları unutmamalıdırlar ki, nəticə ədalətli olmalıdır. Ədalətli olmaq üçün isə dünyanın, indiki halda Azərbaycan-Ermənistan münasibətlərində vasitəçi qismində çıxış edən tərəflərin ikili standartlardan uzaqlaşmaları mütləqdir.
Bu gün Ermənistan hakimiyyəti, Qərbdəki ermənipərəst dairələr Qarabağ ermənilərinin blokadası kimi absurd məsələni qabardarkən 120 min rəqəmi üzərində dayanırlar. Halbuki Qarabağ ermənilərinin sayı bəyan edildiyi kimi heç də 120 min deyil, təqribən 30 minə yaxındır. Onlar guya Azərbaycanın yaratdığı vəziyyət nəticəsində bu sayda əhalinin sosial durumunun ağırlığını, həyati ehtiyaclardan məhrum vəziyyətə düşdüyünü önə çəkirlər. Dünyanın müxtəlif media orqanları da məsələsini gündəmə gətirmək yolu tuturlar. Belə təəssürat formalaşır ki, heç kəs Azərbaycanın Qarabağın erməni əhalisi ilə bağlı konstitusion öhdəliklərini yerinə yetirməyə hazır olduğunu nəzərə almaq fikrində deyil.
Prezident İlham Əliyev hələ ötən ilin aprelində demişdi ki, əgər Ermənistanda hələ də revanşizm haqqında düşünən, buna əsaslanaraq sülh müqaviləsinin imzalanmasına və Azərbaycanın ərazi bütövlüyünün tanınmasına mane olan müəyyən qüvvələr varsa, o zaman biz də analoji addımlar atmalı və işğalçı Ermənistanı tanımamalı olacağıq. Yəni, Ermənistanın ərazi bütövlüyünü məhz bu ölkədəki revanşistlər təhlükə altına alırlar. Amma Azərbaycan lideri bu məqamda da ermənilərə xatırladır ki, indiki halda bizim Ermənistana heç bir ərazi iddiamız yoxdur. Ona görə də daşnaklar və onların ətrafındakılar yaxşı düşünməlidirlər.
Nigar Orucova, “İki sahil”
Azərbaycan və Özbəkistan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpü yaradır
Dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin yüksəlişini tarixiləşdirdi