Vallah, mən belə mübahisəli mövzuları qatlayıb qoymuşdum bir tərəfə ki, bir də bunlara toxunmayım. Ancaq dinc durmağa qoyurlar ki, adamı? Biri bir tikanlı söz atır ortaya, məcbur qalırsan ki, fikir bildirəsən, cavab verəsən, onu başa salasan ki, hər şey sənin düşündüyün kimi ola bilməz. Düzdür, bəzilərinin fikirlərinin özəyində müəyyən həqiqətlər var. Amma xalqların sürətli inteqrasiya dövründə şübhəsiz, ayrı-ayrı fərdlərin müəyyən ifrata varmaq məsələsi var. Bəli, cəmiyyətimizdə xoşagəlməz hallar, mənəvi aşınmalara yol açan "cığırlar", mentalitetimizə yad ünsürlərin soxuşdurulması, ədəbiyyat adına mənasız cızma-qaraların, əcaib musiqilərin dəbə salınması və s. çoxdur.
Bununla bağlı AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı öz fikirlərini irəli sürüb. Lakin o, bunlara münasibət bildirərkən yenə də birtərəfli, radikal yanaşmalarından əl çəkə bilməyib. Özü sual verir ki, niyə belə olur? Özü də cavablandırır: "Çünki kütlə mədəniyyətinin mənasızlıq sindromunu yaşayırıq. Zahir, forma, görünüş daha önəmli, dəyərli hesab olunur. Bu mənəvi tənəzzül kütlə təbiətinin və şüurunun bəsitliyindən, düşünmək əziyyətinə qatlaşmaq istəməməsindən, mənəvi ehtiyacın və zövqün əyləncə və fiziki həzzlə əvəzlənməsindən qaynaqlanır." Bəli, təəssüf ki, belə hallara rast gəlinir. Amma orası təəccüblüdür ki, Fuad Qəhrəmanlı bütün bunların da günahını mövcud hakimiyyətdə və xalq kütləsində axtarır. Qəribə məntiqdir. F. Qəhrəmanlının olmayan məntiqindən belə çıxır ki, Nizami Gəncəvi, İmaddədin Nəsimi, Məhəmməd Füzuli, Nəsirəddin Tusi, Əcəmi Naxçıvani, Molla Pənah Vaqif, Üzeyir Hacıbəyli, Yusif Məmmədəliyev, Səməd Vurğun, Məmməd Araz, Tahir Salahov, Kərim Kərimov və yüzlərlə digər görkəmli şəxsiyyətlərimizin yetişdikləri dövrlərdə də cızma-qaraları ilə meydan sulayanlara görə həmin vaxtlar mövcud olmuş xalq kütlələrini və iqtidarları günahlandırmalıyıq. Bu ki, absurddur. Hər əsrin, quruluşun öz seçilmişləri var. Hamı seçilmiş ola bilməz. Bəlkə həmin dövrlərdəki cəmiyyətlərdə hər şey steril, nümunəvi idi? Axı, elə o dövrlərdə də "meşə çaqqalsız" deyildi.
Məsələ ondadır ki, heç bir cəmiyyət yekrəng və bir ehkam üzərində inkişaf edə bilməz. Cəmiyyətdə fikir ayrılıqları, zövq müxtəliflikləri olub və olacaqdır. Elə bir zaman gəlib ki, hamını eyni cür geyinməyə, eyni cür düşünməyə və danışmağa məcbur etmək olmaz. Demokratiya, insan haqları, qanunlar buna yol verməz. Eyni məsələyə hərə öz düşüncə tərzi ilə yanaşır və qiymət verir. Nəyisə kiməsə təzyiqlə qəbul etdirmək mümkün deyil.
Fuad Qəhrəmanlının bəhs açdığı mövzu çox genişdir və lazım gələrsə ona daha ətraflı cavab vermək olar. Ancaq bir məsələni qeyd etmək lazımdır ki, cəmiyyətdə baş verənlər üçün yalnız iqtidarı günahlandırmaq, kəskin tənqid etmək, xalq kütlələrinə yuxarıdan aşağı baxmaq cılızlıqdır. Axı, bizim hamımız Fuad Qəhrəmanlının bəyənmədiyi o "kütlə"nin məhsuluyuq. Ona qarşı hücuma keçməyə haqqımız yoxdur. Bu səlahiyyəti bizə heç kəs verməyib. Hakimiyyətin hər addımında bir "əmma" axtaran Fuad Qəhrəmanlı və onun mənsub olduğu dağıdıcı müxalifət düşərgəsinin üzdəniraq "araşdırmaçıları" bunu heç vaxt unutmamalıdırlar.
Vəli İlyasov, "İki sahil"
Azərbaycan və Özbəkistan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpü yaradır
Dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin yüksəlişini tarixiləşdirdi