23 avqust 2023 00:23
322

Reinteqrasiya Qarabağ erməniləri üçün yeganə çıxış yoludur

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini 27 il müddətində nümayişkaranə şəkildə icra etməyən Ermənistan indi bu qurumda Azərbaycan əleyhinə qərarların qəbul edilməsinə çalışır. Bu, Ermənistanın beynəlxalq münasibətlər sistemində ardıcıl və obyektiv mövqedən çıxış etmədiyini bir daha təsdiqləyir. Avqustun 16-da BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr Azərbaycanın öz mövqeyində haqlı olduğunu bir daha təsdiq etdi. 

Bu fikirləri “İki sahil”ə özəl açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov bildirib.

Deputat vurğulayıb ki, Laçın yolunda vətəndaşların, nəqliyyat vasitələrinin və humanitar məqsədli yüklərin daşınması üçün heç bir maneə yoxdur. Eyni zamanda, Azərbaycan dövləti humanizm prinsiplərindən çıxış edərək, humanitar məqsədli yüklərin daşınması üçün alternativ variantlar da təklif edib: “Azərbaycan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə tam sadiq olduğunu hər zaman nümayiş etdirib. Bizim ölkəmiz beynəlxalq hüquqa və üzərinə götürdüyü öhdəliklərə zidd siyasət yürütmür. Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir ki, regionda sülhün, sabitliyin təmin olunması, qarşılıqlı faydalı əməkdaşlıq mühitinin yaradılması üçün vəziyyəti gərginləşdirən addımlardan çəkinmək lazımdır. Təəssüf ki, Ermənistan hökuməti bir çox hallarda bu konstruktiv yanaşmanı düzgün qiymətləndirə bilmir”.

Ermənistan üçün yeganə çıxış yolu

Soltan Məmmədov qeyd edib ki, Ermənistan tərəfinin “humanitar məsələlər” adı altında pərdələdiyi destruktiv siyasət iki ölkə arasında münasibətlərin normallaşmasına və Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin reinteqrasiyasına maneələr yaratmağa hesablanıb. Sərhəd xəttində törədilən təxribatlar, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mülki təyyarələrin uçuşuna radioelektron müdaxilələr məhz bu siyasətin təzahürüdür: “Çox təəssüf ki, Ermənistan yaxın tarixin dərslərindən nəticə çıxarmır. Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən addımlardan çəkinmək, bütün açıq alan məsələləri danışıqlar masası ətrafında müzakirə etmək üçün konkret və inandırıcı addımlar atmalıdır. Regiondakı ümumi siyasi və iqtisadi proseslər, beynəlxalq münasibətlər sistemində yaranmış yeni reallıqlar kontekstində Azərbaycanla münasibətlərin normallaşmasına nail olmaq Ermənistan üçün yeganə çıxış yoludur”.

Deputat bildirib ki, Ermənistan silahlı qüvvələrinin qalıqları Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz  çıxarılmalıdır. Əks halda Azərbaycan dövləti öz ərazisində tam suverenliyini təmin etmək üçün beynəlxalq hüququn verdiyi legitim hüquqdan istifadə etmək məcburiyyətində qala bilər ki, bu da Ermənistan üçün daha ağır nəticələrə səbəb olar.

Fransadan sonra Hindistan...

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərlinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrdə  Azərbaycanın əleyhinə məcburedici hansısa qətnamənin və ya qərarın qəbulu baş vermədi. Əksinə, Laçın yolunun müzakirəsi zamanı Ağdam - Xankəndi yolunun beynəlxalq aləmə Azərbaycan və bir neçə başqa ölkə tərəfindən təqdimatı oldu: "Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclasında çıxışında BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələr zamanı üzv dövlətlər tərəfindən səslənmiş bəyanatları təhrif etməsi, eləcə də xarici işlər naziri Ararat Mirzoyanın elə həmin iclasda səsləndirdiyi yalanlar bir daha göstərir ki, Ermənistan həm 44 günlük müharibə, həm də diplomatik sahədə məğlubiyyəti ilə barışmaq istəmir."

R.İskəndərli diqqətə çatdırıb ki, Ermənistan Qarabağda vəziyyətin gərginləşməsi, regiona guya xilas üçün beynəlxalq aktorların yaxından cəlb edilməsi və hətta hərbi vəziyyətin eskalasiyasına çalışmaqdadır. Bu məsələdə hətta Ermənistanı dəstəkləyən ölkələr də tapılır. Belə ki, bu günlərdə bəlli oldu ki, nəinki Fransa, eləcə də Hindistan Ermənistanı aktiv silahlandırır. İranın Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistana hərbi yükün olduğu avtomobil karvanının hərəkəti videogörüntülərdə qeydə alınıb. Məlum olduğu kimi, Ermənistan və Hindistan arasında 400 milyon dollarlıq hərbi müqavilə imzalanıb. Bu isə regionda məhz Azərbaycanın səyləri nəticəsində formalaşmış sülh arxitekturasına qarşı ciddi təhdidlər yaradır. Lakin Ermənistan başa düşməlidir ki, yalnız Azərbaycanla sülh müqaviləsi onun yeganə ağrısız çıxış yoludur.  Buna isə Azərbaycanla konstruktiv danışıqlarla nail oluna bilər.

Yaqut Ağaşahqızı, “İki sahil”