23 avqust 2023 00:56
443

İranın şərlə qol-boyun olan molla rejimi

İranla Ermənistan arasında əlaqələr gündən-günə genişlənir. Şübhəsiz, bu əməkdaşlığın mərkəzində  hər şeydən əvvəl onların  ölkəmizə qarşı birgə fəaliyyəti dayanır. Minlərlə günahsız insanın ölümünə bais olmuş, Xocalı soyqırımı kimi dəhşətli qətliam törətmiş və bu siyasətdə xristian birliyinin köməyinə arxalanmış Ermənistanı dəstəkləməkdə davam edən İran Zəngəzur dəhlizinin açılmasına maneələr törətməklə yanaşı, hayların müdafiə qabiliyyətinin gücləndirilməsinə də əlindən gələn yardımı əsirgəmir.  Yəni, Ermənistanın siyasi-iqtisadi varlığının davam etdirilməsi və onun gücləndirilməsi üçün çalışır. Təkcə bir faktı xatırladaq ki, İran Ermənistanın kamikadze dronlarla təchizatını üzərinə götürüb. Bununla kifayətlənməyən mollakratiya Hindistandan Ermənistana göndərilən silahların öz ərazisindən daşınmasına da vasitəçilik etməkdədir. Bu günlərdə Hindistan istehsalı olan silahların növbəti dəfə İran vasitəsilə, bu ölkəyə məxsus avtomobillərlə Ermənistana göndərilməsi ilə bağlı yayılan foto və videolar deyilənlərin təsdiqidir. Xatırladaq ki, daha əvvəl Hindistan istehsalı olan "Pinaka" reaktiv yaylım atəş sistemlərini Ermənistana daşıyan yük maşınları Zəngəzurdan keçərkən Azərbaycan sərhədçilərinin texniki müşahidə avadanlığı tərəfindən qeydə alınmışdı.

Göründüyü kimi, İran bir tərəfdən Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasında maraqlı olduğunu bildirir, digər tərəfdən Ermənistana silah tədarükündə canfəşanlıq edir. Bu fakt isə bir daha  İranın Azərbaycanla münasibətləri normallaşdırılmasında o qədər də maraqlı olmadığından, daha doğrusu, öz erməni “qardaşlarına” sadiqliyindən xəbər verir. Şübhəsiz, Hindistandan göndərən silah-sursatın Ermənistana İran üzərindən daşınması bu sadiqlikdən irəli gəlir.  Elə Ermənistan da Fransa ilə yanaşı, İranı da özü üçün önəmli müttəfiq hesab edir. Yəni, bu təcavüzkar ölkə özünün təhlükəsizliyinin təminatçısı  kimi birinci yerdə İranı görür. Odur ki, Hayastan rəsmiləri bu gün ölkələrinin daha da ağır duruma düşməməsində, daha doğrusu, hələ ki, ayaq üstə dayanmasında “Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi kimi” dəyərləndirən fars-molla rejiminin kifayət qədər rolu olduğunu dəfələrlə vurğulayıblar.  

Şübhəsiz, İran bundan sonra da sükanı belə saxlamaqda davam edəcək. Belə ki, bu günlərdə Ermənistan parlamentinin spikeri Alen Simonyan İran İslam Respublikasının Ermənistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhanini qəbul edərkən bildirib ki, guya İran öz balanslaşdırılmış siyasəti ilə regionda sülhün bərqərar olmasına və sabitliyin möhkəmlənməsinə töhfə verən Ermənistan üçün xüsusi tərəfdaş olub və indi də olaraq qalır.

Şübhəsiz, bütün bunlar Qərblə ziddiyyət fo­nunda bütün sivil dünyadan təcrid edilən İranın bölgədə söz sahibi olan, öz suverenliyini bərpa edən, müstəqil siyasət yeridən, uğurları ilə beynəlxalq aləmdə nüfuz qazanan Azərbaycanın nailiyyətlərini həzm edə bilməməsindən irəli gəir. Halbuki  Azərbaycan indiyə qədər mollakratiyaya qarşı tətbiq edilən heç bir sanksiyaya qoşulmayıb, hər han­sı plan və fəaliyyətdə yer almayıb. Bütün bunlar rəsmi Bakının tarixi qonşusu kimi İranla münasibətlərə ciddi önəm verdiyini göstərir.

Artıq bütün dünyaya bəllidir ki, Ermənistan işğalçı, həm də beynəlxalq normalara riayət etməyən ölkədir. İstər müharibə, istərsə də atəşkəs dövründə bu ölkə yalnız hərbi mövqelərimizi atəşə tutmayıb. Həm də  cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrimizə ən dəhşətli silahlardan atəşlər yağdırıb, dinc insanlarımızı qətlə yetirib. Bu mənada Ermənistan sözün həqiqi mənasında şər yuvasıdır.

İran elə o dönəmdən nə Azərbaycan xalqına dəstək olub, nə də onun ərazi bütövlüyünün müdafiəsinə kömək edib. Bu, bir həqiqətdir ki, İran İslam Respublikası Azər­baycanın apardığı 44 günlük Vətən müharibəsinə və  qa­zandığı qələbəyə məyusluq hissi ilə yanaşıb. Bunu da son dərə­cə əsassız və hətta gülünc iddialarla əsaslandırmağa çalışıb. Bəli, bir zamanlar “İsrailə ölüm!”, “Amerikaya ölüm!“, “Şurəviyə ölüm!” deyən bu rejim ölkəmizin  ünvanına da müxtəlif arzuolunmaz fikirlər də səsləndirib. Amma həmişə Ermənistanı dəstəkəyib, ona gözün üstə qaşın var belə deməyib. Yəni, şərin - Ermənistanın yanında yanında yer alıb. Şərin yanında olmaq, şərə xidmət etmək tarix boyu heç bir ölkəyə fayda verməyib və verməyəcək də…. Görünür İranın bu adi həqiqətdən anlayışı, yaxud xəbəri  yoxdur. Anlayışı, xəbəri olsaydı, fars-molla rejimi bu gün şərlə qol-boyun olmazdı.

Qvami Məhəbbətoğlu, “İki sahil”