21 avqust 2023 22:46
344

Artıq separatçılar anlayırlar ki...

“Laçın” sərhəd-buraxılış məntəqəsində erməni əsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Erməni əsilli vətəndaşlar Xankəndidən gəlib Gorus istiqamətinə keçib. Həmin sərhəd-buraxılış məntəqəsi vasitəsilə ümumilikdə 60 şəxs Azərbaycandan Ermənistana keçib.

Əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub. Ermənilərin sərbəst keçidini xarici KİV nümayəndələri də izləyib. Sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistan istiqamətində gedənlər, əsasən, Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir.

Həm onlar, həm də arxalarında duranlar artıq anlayırlar ki, Azərbaycanla bağlı bu çirkin oyunu davam etdirə bilməyəcəklər, ona görə də Qarabağı tərk etmək məcburiyyətində qalıblar. Rəsmi Bakı ən müxtəlif səviyyələrdə daim bəyan edib ki, yalnız Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər burada qala bilərlər. Bu şərti qəbul etməyənlər üçün isə qapılar açıqdır, buranı tərk edib istədikləri yerdə yaşaya bilərlər.

Bu gün Qarabağı tərk edərək Ermənistana gedən şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, həmin ölkənin pasportu daşıyan insanlardır. Baş verənlər onu göstərir ki, Dnestryanı, Donbas kimi ssenarilər Azərbaycanda keçmədi. Başqa sözlə, “Russkiy mir” iddiası burada baş tutmadı.

Könüllü xarakter daşıyan bu prosesin davamlı olacağı gözlənilir. Yerdə qalanlar Azərbaycan vətəndaşlığını qəbul edib ölkəmizin qanunları ilə yaşaya, hətta daha yaxşı yaşaya bilərlər. Bunu qəbul etməyənlər üçün isə sərhəd açıqdır, istədikləri yerə çıxıb gedə bilərlər.

Mövzunu “İki sahil”ə şərh edən Milli Məclisin deputatı Ceyhun Məmmədov öncə qeyd etdi ki, belə bir halın baş verməsi Azərbaycanın ciddi və mühüm bir uğuru kimi dəyərləndirilməlidir: “Yəni, deyə bilərik ki, Azərbaycan həyata keçirdiyi siyasət, atdığı addımlar, qətiyyət nəticəsində öz məqsədinə və hədəfinə nail oldu. Dövlət başçımız əvvəldən də demişdi ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycana inteqrasiya olunmalıdırlar, ya da bu əraziləri tərk etməlidirlər.”

C.Məmmədov qeyd etdi ki, xüsusilə də söhbət burada separatçılardan gedir və bu gün onların ərazimizi tərk etmələri bir daha Azərbaycanın qətiyyətinin, qarşıya qoyduğu hədəflərin və prinsiplərin gerçəkləşməsi kimi qiymətləndirilməlidir. Digər separatçılar da bu ərazilərimiz tərk etməlidirlər. Diqqət çəkən məqam budur ki, göründüyü kimi, Azərbaycanda Dnestryanı, Donbas kimi ssenarilər keçmədi. Məcburi olmayan, könüllü xarakter daşıyan bu prosesin davamlı olacağına şübhə yoxdur.

Deputat vurğuladı ki, hər bir təxribatın qarşısı qətiyyətlə alınacaq. Qarabağdakı ermənilər anlamalıdırlar ki, onlar Azərbaycan vətəndaşı kimi daha yaxşı yaşayacaqlar.

Cavid Əkbərov, “İki sahil”