22 avqust 2023 01:15
489

Qafanda yeni təxribat ocağı qalanır

Sülh danışıqlarının intensivləşdiyi, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin geniş vüsət aldığı  bir dönəmdə ermənilər yenə öz ampluasındadır. Ölkəmizin əleyhinə apardıqları iyrənc təbliğatı gücləndirən, havadarlarından yeni silahlar almaqda davam edən, uydurma “humanitar böhran”, “soyqırımı” adı altıda beynəlxalq səviyyədə hazırladıqları şouların baş tutmamasından qeyzlənən, ölkə daxilində daha da dərinləşən sosial problemlərə əhəmiyyət verməyən Ermənistan şərti sərhədə canlı qüvvə və döyüş  texnikası cəmləşdirir. Şübhəsiz bu, onların təxribatların miqyasını genişləndirmək niyyətlərindən xəbər verir. Artıq Ermənistan cəmiyyətində də müharibəyə hazırlıq barədə açıq söhbətlər gedir. Bir sözlə, Hayastan yenidən revanş götürmək, itirdiklərini hərbi yolla bərpa etmək "mərəzinə" tutulub.

Haylar bu niyyətlərini reallaşdırmağa zəmin yaratmaq üçün yeni təxribat sevdasına düşüblər. Belə ki, bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan yenidən qurulan Qafan Hava Limanının “açılışını” edib. “Açılış” zamanı Paşinyan həmin hava limanı vasitəsilə İrəvandan Azərbaycanla həmsərhəd olan Qafan şəhərinə müntəzəm reyslər həyata keçiriləcəyini bildirib. Ermənistanın Mülki Aviasiya Komitəsinin məlumatına görə, İrəvan-Qafan-İrəvan üzrə uçuşlar hər bazar ertəsi və cümə günləri “NovAir” aviaşirkətinin L-410 tipli mülki təyyarələri  tərəfindən həyata keçiriləcək.

Bəri başdan eyd edək ki, ölkəmizlə şərti sərhədin bir neçə yüz metrliyində yerləşən, hava məkanımızın pozulması ehtimalını artıran və  sərhədçilərimiz tərəfindən asanlıqla izlənilə bilən  Qafan Hava Limanının fəaliyyətinin bərpası  Azərbaycan tərəfinin  razılığı alınmadan həyata keçirilib. Yeri gəlmişkən, erməni depuatlarından biri - Geqam Manukyan Qafan aeroportunun Azərbaycan sərhədinə çox yaxın olmasını nəzərə alaraq sosial şəbəkə hesabında yazıb: “Qafan Hava Limanı üzərində Azərbaycan bayrağı dalğalanır”. Halbuki dünya praktikasına əsasən belə bir razılıq olmalı, yaxud koordinasiya məsələləri nəzərdən keçirilməli idi. Amma qeyd etdiyimiz kimi, belə bir addım atılmayıb. Üstəlik, bununla bağlı Azərbaycanı məlumatlandırmayıb. Yəni bu, təcavüzkar ölkənin qonşu dövlətələr üçün ciddi təhlükə yaradacaq Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə - Arazdəyəndə iri metallurgiya zavodu inşa etmək məqsədilə həyata keçirmək istədiyi yaramaz planla eynilik təşkil edir. Bütün bunlar Ermənistanın  beynəlxalq standartlara, o cümlədən qonşularla münasibətlərə məhəl qoymamasından bir daha xəbər verir. Halbuki Zəngilan və Füzuli hava limanları, eləcə də tikilməkdə olan Laçın aeroportu Ermənistan sərhədindən xeyli uzaq məsafədədir. Bu mənada Ermənistanın orada hava limanını istifadəyə verməsi qeyri-qanunidir, çünki Azərbaycan sərhədinə çox yaxındır.

Digər tərəfdən, sülh müqaviləsi imzalamadan qonşu dövlətlə sərhəddə hava limanının istifadəyə verilməsi absurddur. Şübhəsiz, Ermənistanın bu addımı onun növbəti təxribatlarına hesablanıb. Ermənistanın “mülki” ad altında bu hava limanından hərbi məqsədlər üçün istifadə edəcəyi, gərginliyi artıracağı, sülh müqaviləsinin imzalanmasını uzadacağı, 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməyəcəyi açıq-aydın görünür. Şübhəsiz, bu addım həm də Zəngəzur dəhlizinə qarşı yönəlib.  Belə ki, haylar burada alternativ logistik mərkəzlər təşkil etmək istəyirlər.  Bu mənada güman etmək olar ki, belə bir addımın atılması ideyası yalnız Hayastana məxsus deyil, bu məsələdə onun Fransa və İran kimi havadarlarının da əlinin olması ehtimalı vardır. Digər tərəfdən, Ermənistanın hazırki maliyyə vəziyyətini nəzərə alsaq, həmin aeroportun təcavüzkar ölkənin yox, onun havadarlarının birbaşa dəstəyi ilə həyata keçirildiyi şəksizdir.

Bütün bunları analiz edəndə belə qənaətə gəlmək olar ki, Ermənistan və onun havadarları Laçın yolunda göstərdikləri şouları indi də Qafanda nümayiş etdirmək niyyətindədirlər. Artıq onlar bu istiqamətdə fəaliyyətə başlayıblar. Belə ki,  avqustun 19-da yerli sakinlər guya kiçikhəcmli təyyarələr üçün nəzərdə tutulan Qafan aeroportunda qalxıb-enən təyyarələrə “atəş açıldığını” iddia ediblər. Erməni mətbuatının məlumatına görə, guya hava limanında milli, etnik zəmində adam öldürmək məqsədilə dalbadal 3 dəfə atəş açılıb, onlardan 2-si hava limanının gəliş zalının və dispetçer otağının xarici divarlarına dəyib, inventar zədələnib, üçüncü atəşin izi qalmayıb. Bütün bunlar növbəti erməni yalanlarından başqa bir şey deyil.

...Bölgədə yeni reallıqlar yaradan, sülh danışıqlarına ciddi önəm verən Azərbaycanın dəfələrlə bəyan etdiyi kimi, onu öz suverenliyi uğrunda apardığı mübarizədən nə erməni kələyi, nə də Ermənistanın havadarlarının bu kimi təxribatları çəkindirə bilməyəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”