Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri regionda yeni reallıqlar yaratmış oldu. Bu mühüm tarixi hadisə eyni zamanda Cənubi Qafqazda qalıcı sülhün, əməkdaşlığın bərqərar olunması baxımından əlverişli zəmin formalaşdırdı. Lakin təəssüflər olsun ki, bəzi xarici güclərin əlində oyuncağa çevrilmiş rəsmi İrəvan ölkəmizin Qarabağ iqtisadi zonasında yaşayan etnik erməni vətəndaşların Azərbaycan cəmiyyətinə reinteqrasiyasına hər vasitə ilə maneələr törətməyə çalışır. Bu məsələdə Ermənistana “havadarlıq” edən əsas dövlətlərdən biri və bəlkə də birincisi Fransadır. Artıq Fransa Azərbaycana qarşı bütün platformalarda sistematik xarakter almış düşmənçilik münasibəti sərgiləyir. Lakin buna baxmayaraq BMT Təhlükəsizlik Şurasının 16 avqust 2023-cü il tarixli iclasında aparılan müzakirələr zamanı Fransanın aşkar dəstəyi də erməni tərəfinə heç bir fayda vermədi. Bununla da Ermənistan və onun havadarlarının ədalətsiz, beynəlxalq hüquqa zidd gözləntiləri puca çıxmış oldu. Eyni zamanda bu, ölkəmizin sərgilədiyi hücum diplomatiyasının məntiqi nəticəsi idi. Rəsmi İrəvanın sərgilədiyi ziddiyyətli davranışlar şübhəsiz ki, erməni xalqına müsbət heç nə vəd etmir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Qarabağda yaşayan ermənilərlə bağlı fikir bildirərkən dönə-dönə qeyd edir ki, onlar Azərbaycan vətəndaşlarıdır və biz onların taleyini, gələcəklərini heç bir ölkə ilə, o, cümlədən Ermənistanla da müzakirə etmək fikrində deyilik. Bu məsələ birmənalı olaraq ölkəmizin daxili işidir. Dövlət başçımız ölkəmizin milli maraqlarını hər zaman yüksək səviyyədə müdafiə edir və daxili işlərimizə hansısa kənar qüvvələrin müdaxiləsi yolverilməzdir. Ölkəmizin Qarabağ iqtisadi zonasında yaşayan etnik erməni vətəndaşların Azərbaycan cəmiyyətinə reinteqrasiyası labüd prosesdir və gec-tez reallaşacaq.
BMT Təhlükəsizlik Şurasının 16 avqust 2023-cü il tarixli növbədənkənar iclası birmənalı olaraq Azərbaycan dövlətinin daha bir parlaq qələbəsi kimi qiymətləndirilməlidir. Keçirilən dinləmələrdə bir daha müəyyən olundu ki, Ermənistanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardan ibarət növbəti qarayaxma kompaniyasıdır. Rəsmi İrəvan növbəti dəfə Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsi və Laçın-Xankəndi yolunun beynəlxalq güclərdən istifadə edərək açılması üçün əlində olan bütün imkanları səfərbər etsə də, buna nail ola bilmədi. Ermənistan həm növbəti dəfə ciddi, sarsıdıcı məğlubiyyətə uğradı, həm də beynəlxalq müstəvidə təsir imkanlarının tükəndiyini və dövlət olaraq iflas durumda olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.
BMT Təhlükəsizlik Şurasının son qərarı Ermənistan rəhbərliyində və Qarabağda kök salmış qanunsuz, cinayətkar, separatçı xunta rejimində dərin məyusluq hissi yaratdı. Bütün bunlara baxmayaraq separatçılar öz təxribatlarını davam etdirirlər. Lakin onlar unudurlar ki, artıq qarşılarında güclü və sarsılmaz orduya və qətiyyətli Liderə malik olan bir dövlət- Azərbaycan Respublikası var.
Cavid Məmiyev,
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini