Separatizmə dəstək verən Rusiya pasportlu ermənilər Qarabağı tərk edirlər
Azərbaycan dövlətinin bölgədə artan gücü həm Ermənistandakı revanşistləri, həm də Xankəndidəki terrorçuları ciddi şəkildə narahat edir. Xüsusilə Ermənistanın Laçın sərhəd- keçid məntəqəsində yaratdığı «humanitar şou»nun Birləşmiş Millətlər Təşkilatının iclasında beynəlxalq səviyyədə fiaskoya uğraması onları daha real düşünməyə məcbur edir.
İndi ağıllı ermənilər anlayırlar ki, onlar üçün yeganə çıxış yolu Azərbaycan dövlətinin təklif etdiyi ədalətli şərtləri qəbul etməkdir. Əks halda onları heç də yaxşı sonluq gözləmir. Artıq Xankəndidə və ətraf qəsəbələrdə müvəqqəti məskunlaşmış ermənilər və başqa ölkələrin vətəndaşları Azərbaycan torpaqlarından çıxmağa başlayıblar.
Bu məsələdə Azərbaycan dövləti onlara yardımçı olur. Belə ki, ötən günlərdə Laçın sərhəd-buraxılış məntəqəsində erməni əsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Erməni əsilli vətəndaşlar Xankəndidən gəlib Gorus istiqamətinə keçiblər. Ümumilikdə keçənlərin sayı 60 nəfər olub. Keçid zamanı əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan dövlətinin bu müsbət addımları xarici KİV nümayəndələri tərəfindən də izlənilərək təqdir edilib. Qeyd edək ki, sərhəd-keçid məntəqəsindən keçib Ermənistan istiqamətində gedənlər, əsasən, Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir.
Bu faktın özü bir daha aydın göstərir ki, həm onlar, həm də himayədarları anlayıblar ki, bundan sonra Azərbaycanla bağlı bu çirkin oyunlarını davam etdirə bilməyəcəklər, ona görə də Qarabağı tərk etmək məcburiyyətində qalıblar.
Rəsmi Bakı daim ən müxtəlif səviyyələrdə bəyan edib ki, yalnız Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər burada qala bilərlər. Bu şərti qəbul etməyənlər üçün qapılar açıqdır, buranı tərk edib istədikləri yerdə yaşaya bilərlər.
Qarabağı tərk edərək Ermənistana gedən şəxslərin əksəriyyətinin Rusiya pasportu daşıyan insanlar olması bir daha onu göstərir ki, separatizmə dəstək verən Rusiyanın Dnestryanı, Donbas kimi ssenariləri Azərbaycanda keçmədi. Bir sözlə, Azərbaycana qarşı hazırlanan növbəti təxribat- «Russkiy mir» iddiası burada baş tutmadı və ölkəmiz daha bir təxribatdan ustalıqla yayına bildi.
Təbii ki, könüllü xarakter daşıyan bu prosesin davamlı olacağı gözlənilir. Yerdə qalan ermənilərin isə hələ də şansları var. Onlar ya Azərbaycan vətəndaşlığını qəbul edərək Azərbaycan qanunları ilə yaşayacaqlar, ya da ki, torpaqlarımızdan çəkib gedəcəklər. Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər azərbaycanlılar kimi Azərbaycan torpaqlarında yaxşı yaşamaq imkanları qazanacaqlar. Bunu qəbul etməyənlər üçün isə sərhəd açıqdır, istədikləri yerə çıxıb gedə bilərlər.
Elçin Zaman, «İki sahil»