Antimilli mövqeləri ilə xalq arasında özlərini rəzil duruma salan AXCP sədri Əli Kərimli, qondarma “Milli Şura”nın rəhbəri Cəmil Həsənli kimilər və onların havadarları tarixi Qələbəmizi həzm edə bilmirlər. Onların bu mövqeyi heç də təsadüfi deyil. Bu azmış kimi antimilli ünsürlər erməni lobbisinin sifarişləri əsasında Azərbaycanın hərbi və diplomatik qələbələrinə kölgə salmağa uğursuz cəhdlər göstərərək özlərini biabır edirlər. Tutduğu antimilli mövqeyi ilə xalqın nifrətini qazanan Əli Kərimli milli maraqlarımızın əleyhinə fəaliyyət göstərməkdən sanki həzz alır. Ölkəni sevən şəxs heç “Gərək canlı qüvvə itkisi bahasına olsa da Xankəndiyə hərbi yürüş təşkil olunaydı” və yaxud “Qaragöl istiqamətində mövqelərin möhkəmləndirilməsi Azərbaycanın xeyrinə olmayacaq” kimi milli ruhu sarsıtmağa xidmət edən açıqlamalar verərmi? Və yaxud qondarma “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun “Zəngəzur dəhlizi Azərbaycanın avantürasıdır” deməsi onun Xocalı qatilləri koçaryanlardan, sarkisyanlardan geri qalmadığını təsdiqləyir. Ə. Kərimli və yandaşları dərhal özlərinə məxsus internet kanallarında heç bir məntiqə sığmayan fikirlərlə ictimai rəyi çaşdırmağa çalışıb, yenə də kütləyə yönəlik cəfəng fikirləri ilə yadda qaldılar. İddia etməyə başladılar ki, rəsmi Bakı Zəngəzur dəhlizindən imtina edir. Bu, ictimai rəyi çaşdırmağa yönəlik, populizmlə dolu boşboğazlıqdan başqa bir şey deyil. AXCP sədri və onunla həmfikir olan bir qrup başa salan yoxdur ki, axı Azərbaycan heç bir zaman bu dəhlizdən imtina etdiyini bəyan etməyib. Layihənin reallaşmasında əsas problem Ermənistandır və bu işğalçı ölkə dəhlizin açılmasına mane olmaqla illər əvvəl yaşadığı uğursuzluğu yenidən yaşaya bilər. İşğalçılıq siyasəti üzündən beynəlxalq nəqliyyat layihələrindən məhrum olan rəsmi İrəvan növbəti şansını da itirə bilər. Nədənsə Əli Kərimlinin cəfəngiyyat dolu boşboğazlığında bu fikrə bir yerdə də rast gəlinmir. Bu tip insanları bu cür fikirləşməyə vadar edən səbəb nədir? Əlbəttə ki xaricdəki sahiblərindən aldıqları vəsaitlər. Qaragüruh isə daim öz ampluasındadır... Əli Kərimli yenə də öz sosial şəbəkə hesabında Zəngəzurla bağlı cəfəng fikirlər səsləndirir. Göz önündə olan isə budur ki, Zəngəzur dəhlizinin inşasına start verilib, Böyük Qayıdış təntənəli Zəfər yürüşünün bir halqasına çevrilib. Deməli, Əli Kərimli və onun “siyasi yandaş”larının iddia etdikləri kimi, Azərbaycan Qarabağ məsələsini bir kənara qoymayıb. Atılan addımlar Qarabağa yeni nəfəs və həyat gətirir, ölkəmiz strateji hədəflərinə doğru addım-addım irəliləyir. Ümumiyyətlə, Qarabağda bərpa-quruculuq işlərinin aparılması Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ilə bir-birini tamamlayan, paralellik təşkil edən prosesdir.
O ki qaldı Zəngəzur dəhlizinin reallaşdırılmasının əhəmiyyətinə, bu, təkcə Azərbaycan üçün deyil, həm region xalqları və dövlətləri, həm də dünya siyasətində güc mərkəzi kimi çıxış edən ölkələr üçün strateji məsələdir. Çünki bu kommunikasiyanın açılması regionda iki əsrlik geosiyasi arxitekturanın dəyişilməsinə, Cənubi Qafqazın önəminin və statusunun artmasına səbəb olacaq. Yaradılacaq infrastruktur nəticəsində Zəngəzur nəqliyyat dəhlizi bir çox dövlətlərin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini, mühüm iqtisadi mənfəət və siyasi dividend qazanmasını şərtləndirəcək. Bəhs olunan tendensiya və proseslər isə Azərbaycanın regional supergüc kimi beynəlxalq münasibətlərin gələcək inkişafında rolunun artacağını proqnozlaşdırmağa əsas verir.
Zəngəzur dəhlizinin reallaşmasının Azərbaycanın tarixində müstəsna hadisə olması isə inkaredilməz həqiqətdir. Xüsusi təfərrüatlara varmadan qeyd etmək lazımdır ki, bu, hətta əsl müstəqilliyin qazanılması qədər dəyərli - önəmli hadisədir, strateji şans və tarixi fürsətdir. Zəngəzur dəhlizinin açılması həm tarixi yaddaşın yenilənməsi, həm iqtisadi potensialın gücləndirilməsi, həm siyasi imkanların genişləndirilməsi, həm də strateji məsələlərin həlli baxımından böyük əhəmiyyət daşıyır. Əli Kərimli kimilərin isə bunun əksini iddia etmələri, Zəngəzur dəhlizindən, sadəcə tranzit məsələsi kimi bəhs etməyə çalışmaları onların həm də siyasi savadsızlığını göstəricisidir.
Nigar Orucova, “İki sahil”