Molla rejimi hələ də Azərbaycanın regionda artan nüfuzu ilə barışmaq istəmir
İran İslam Respublikası hələ də Azərbaycan dövlətinin regionda artan nüfuzu ilə barışmaq istəmir. Xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizdən sonra İran ölkəmizə qarşı təhdidlərini artırdı. Belə ki, 2022-ci ildə ölkəmizlə sərhədboyu hərbi təlimlər keçirməklə bizi qorxutmağa çalışırdı. Ancaq Azərbaycan bu təhdidlərə gözlənildiyindən də sərt reaksiya verərək Xüsusi Təyinatlı Qüvvələrimizin İranla sərhəddə mükəmməl hərbi təlimlərini keçirdi. Bu təlimlərdə Türkiyə hərbçilərinin iştirakı isə İranı daha çox əndişələndirdi.
Eyni zamanda, ötən il Tehrandan səsləndirilən siyasi təhdidlərə də Azərbaycanın cavabı özünü çox gözlətmədi. Prezident İlham Əliyev bu hədə dolu açıqlamalara tutarlı cavablar verdi. Ölkəmizin başçısı bir neçə dəfə İranda yaşayan 40 milyon azərbaycanlının hüquqlarının müdafiəsi ilə bağlı bəyanat səsləndirdi. Azərbaycan mediası İranın təxribatçı TV-lərindən ölkəmizə ünvanlanan şər-böhtanlara qarşı özünün məntiqli verilişlərini yayımladı. Hətta molla rejiminin təhdidlərinin çoxaldığı ən gərgin vaxtlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan hava limanının açılış mərasiminə qatılması İranın təhdidlərinə yönəlik ciddi siqnal idi.
Molla rejimi 2023-cü ildə də ölkəmizə yönəlik təxribatlarını davam etdirib. Belə ki, bu ilin yanvarında İran televiziyaları Azərbaycana qarşı təhdid və provokasiya məqamlarını əks etdirilən videoçarxlar yayaraq ölkəmizin İsraillə isti münasibətlərinə görə bizi günahlandırmağa çalışıblar. Xüsusilə İkinci Qarabağ müharibəsi zamanı İsrailin Azərbaycanın haqq işini ciddi şəkildə müdafiə etməsi İranı hərtərəfli narahat etmişdi. Bundan başqa, İsraildə Azərbaycan səfirliyinin açılması molla rejiminin yuxusunu ərşə çəkdi. Məlum olduğu kimi, Prezident İlham Əliyev ötən ilin noyabrın 25-də «Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat» mövzusunda beynəlxalq konfransda bəyan etmişdi ki, İsraildə səfirlik, Fələstində nümayəndəlik açılacaq. Məhz qısa müddətdə bu fikir reallaşdı.
Azərbaycan dövləti son 30 ildə İrana qarşı heç bir koalisiyaya, heç bir sanksiyaya qoşulmayıb. Amma təəssüf ki, İranın ali rəhbərliyi həmişə Azərbaycanın mehriban qonşuluq münasibətlərinə zidd olan siyasət yürüdüb. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığı 30 ilə yaxın müddətdə İran şirkətləri zəbt olunmuş ərazilərimizdə ermənilərlə sövdələşməyə gedərək oradakı evlərin daş- divarlarından tutmuş, qapı- pəncərəsinə kimi hamısını daşıyıblar. Eyni zamanda, İran fermerləri işğal olunmuş torpaqlarda əkinçiliklə məşğul olublar. Bundan başqa, İran tərəfi işğal altında olan torpaqlarımızda narkotiklərin qeyri-qanuni dövriyyəsini həyata keçirib.
İranın bir dövlət kimi ermənipərəstliyi isə 2022-ci ilin oktyabrın 21-də daha aydın şəkildə göründü. Belə ki, həmin gün İran Qafanda konsulluq açdı. Açılışda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və onun iranlı həmkarı Hüseyn Əmir Abdullahian iştirak etdilər.
Ekspertlər isə İranın belə tez-tələsik Qafanda konsulluq açmasını bir növ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan səfərinə cavab kimi dəyərləndirdilər. Çünki iranlı nazir Ərdoğanın Azərbaycan səfəri zamanı gözlənilmədən İrəvana getdi və yalnız bundan sonra mediada Qafan şəhərində baş konsulluğunun açılacağına dair xəbərlər yayıldı.
Düzdür, son aylarda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanla münasibətlərini yaxşılaşdırmağa çalışdıqlarını bəyan etsə də ancaq bu hələlik söz olaraq qalır və ciddi əməli addımlar atılmayıb. Əksinə bəzi xarici KİV-lərin məlumatına görə, Ermənistanın Laçın sərhəd-keçid məntəqəsində quraşdırdığı «humanirar şou»da İran dövlətinin də barmağı var.
Elçin Zaman, «İki sahil»