Avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün iclas keçirib.
Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan danışıb, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyi barədə olan fikirlərini bildirib.
Eyni zamanda Yaşar Əliyev öz çıxışında qeyd etmişdir ki , Laçın-Xankəndi yolunda ekofəalların etirazları başlayandan dərhal sonra Azərbaycan BQXK-dan yerli sakinlər üçün lazım olan malların siyahısını təqdim etməyi xahiş edib və onların çatdırılması üçün bütün maddi-texniki və infrastruktur dəstəyi göstərməyə hazır olduğunu bildirib. BQXK cavab verib ki, Ermənistan tərəfi Azərbaycan üzərindən hər hansı təchizat istəmir.
Ermənistan BQXK-nın vasitəçiliyindən sui-istifadə etməklə Qarabağ bölgəsinə mikroçiplər kimi ikili təyinatlı texnologiyaları qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərməklə presedentsiz addım atıb. BQXK Komitənin humanitar mandatına və nüfuzuna ciddi zərbə vuran bu faktı etiraf etməyə məcbur olub.
Ermənistan BQXK-nın Bakıda yerləşən beynəlxalq tibb işçilərinin Xankəndiyə göndərilməsini qəbul etməyib. Bu təklif BQXK-nın tibbi evakuasiyalarını asanlaşdırmaq və tibbi məsələlərin yerində həllinə kömək etmək çərçivəsində irəli sürülüb və Azərbaycan tərəfindən dəstəklənib.
Ermənistanın BQXK-dan siyasi məqsədləri üçün sui-istifadə etməsi də açıq şəkildə göstərir ki, beynəlxalq mövcudluğun, o cümlədən BMT-yə bağlı təşkilatların artırılmasına dair çağırışların humanitar narahatlıqlarla heç bir əlaqəsi yoxdur, bunun əvəzinə məqsəd manipulyasiya etmək üçün daha çox alət əldə etməkdir”.
Qarabağ bölgəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu və orada yaşayan etnik ermənilərin Azərbaycanın sakinləri hesab edildiyini vurğulayan daimi nümayəndə bildirib ki, Azərbaycan hökuməti bu sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. Bu məqsədlər beynəlxalq hüquqa və beynəlxalq humanitar hüququn prinsiplərinə tam uyğundur ki, bu da Azərbaycanın sözügedən standartlara riayət etməkdə sarsılmaz sadiqliyini nümayiş etdirir.
Onuda qeyd etməliyik ki Ermənistan rəhbərliyinin Azərbaycanın, Qarabağ regionu daxil olmaqla, suverenliyinin və ərazi bütövlüyünün tanınması ilə əlaqədar şifahi bəyanatları sülhün həqiqətən də əlçatan olması ilə bağlı ehtiyatlı nikbinliyə zəmin yaratdı. İndi Ermənistan bu bəyanatı real əmələ çevirməli və Azərbaycanın suverenliyini, o cümlədən Qarabağda yaşayan yerli erməni sakinlərinin “humanitar ehtiyacları” bəhanəsi ilə şübhə altına almaqdan çəkinməlidir.
Son bir neçə ay ərzində beynəlxalq tərəfdaşların fəal iştirakı ilə normallaşma prosesinin intensivləşdirilməsi üzrə birgə səylər ümidverici nəticələr verib. Bu diplomatik dialoqlar davamlı sülhün və dövlətlərarası münasibətlərin qurulmasına yönəlmiş gələcək ikitərəfli sazişin bir sıra maddələri üzrə fikir ayrılıqlarının aradan qaldırılmasında və nəzərəçarpacaq irəliləyişin əldə edilməsində həlledici rol oynayıb.
Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu əsassız iddialarla BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmaqdan yox, ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir.
Aliyə Orucova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı