21 avqust 2023 14:36
372

Avropa ölkələri ilə siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələr daha da dərinləşəcək

Bu gün hər bir ölkə postpandemiya dövrü, habelə baş verən mövcud iqtisadi-siyasi kataklizmlərin,  dördüncü sənaye inqilabının gətirdiyi yeni çağırışlar fonunda proseslərin iştirakçısı olaraq öz maraqlarını təmin etməyə çalışır.

Azərbaycan Prezidenti qlobal arenada baş verən prosesləri düzgün qiymətləndirir və ölkəmiz artıq yeni çoxvektorlu xarici siyasət istiqamətində həyata keçirdiyi siyasi islahatları dərinləşdirir.

Azərbaycan artıq yeni sistemin üzərində qərarlaşmanı əsas hədəf olaraq müəyyənləşdirib, yerini daha da möhkəmləndirmək üçün dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirmək, o cümlədən dərin hörmətə əsaslanan münasibətlər çərçivəsində malik olduğu mövcud potensialın qarşılıqlı maraq əsasında istifadə olunması istiqamətində uğurlu xarici siyasət aparmaqdadır.

Bir tərəfdən bu gün ölkəmiz Cənubi Qafqazın lider dövləti olaraq enerji resurslarının istehsalı və tranziti sahəsində əhəmiyyətli regional hab mərkəzinə çevrilir, digər tərəfdən isə Azərbaycan bütün dünya dövlətləri ilə, xüsusilə İkinci Qarabağ Müharibəsi zamanı bizə dost olan, haqq işimizi dəstəkləyən, böyük strateji əhəmiyyət kəsb edən ölkələrlə əməkdaşlığını hərtərəfli intensivləşdirir.

20 avqust tarixində Prezident İlham Əliyevin artıq son bir il ərzində Budapeşt şəhərinə baş tutan ikinci rəsmi səfəri və səfər çərçivəsində Macarıstanın Baş naziri ilə yanaşı, bir sıra Balkan dövlətlərinin rəhbərləri ilə də görüşləri Azərbaycanın gündən-günə artan nüfuzunun, eləcə də Avropa dövlətləri ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərinin, xalqlararası dialoqun daha da dərinləşməsi istiqamətində əldə etdiyi yeni imkanların bariz göstəricisidir.

Macarıstanın Baş naziri Viktor Orbanla görüş əsnasında cari ilin 30 yanvar tarixində Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında imzalanmış Birgə Bəyannamə, eyni zamanda mədəniyyət, turizm, iqtisadiyyat, kənd təsərrüfatı, miqrasiya, nəqliyyat sahələrində əldə olunmuş müsbət nəticələrə dair məsələlərin səsləndirilməsi rəsmi Budapeşt üçün həmin tərəfdaşlığın nə dərəcədə vacib olduğunu bir daha ortaya qoydu.

Səfər çərçivəsində, eyni zamanda, ölkəmizin özünün xarici siyasətində Balkan dövlətləri ilə əməkdaşlığa verdiyi əhəmiyyətin yenidən şahidi olduq. Ümumiyyətlə, qeyd edim ki, son bir il ərzində Prezident İlham Əliyev Rumıniya, Albaniya, Bosniya və Herseqovina və Serbiyaya ardıcıl səfərlər edərək dövlətlər arasında müxtəlif sahələri əhatə edən, xüsusilə ənənəvi və alternativ enerji ixracı ilə bağlı bir sıra vacib Sazişlərin imzalanmasında iştirak edib.

Bu baxımdan, təsadüfi deyil ki, Cənab Prezidentin Macarıstan səfəri çərçivəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç və Serb Respublikasının Prezidenti Milorad Dodik ilə görüşü baş tutmuşdur.

Görüş zamanı cari ilin 13 aprel tarixində Prezident İlham Əliyevin Bosniya və Hersoqovinaya rəsmi səfəri və Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında imzalanmış Birgə Bəyannamənin onəminin qeyd olunması, orada nəzərdə tutulan müddəaların icrası ilə bağlı məsələlərin səsləndirilməsi iki ölkə arasında əməkdaşlığın inteqrasiyasına, xalqlarımız arasında sağlam dialoqun inkişafına dəstək olacaqdır.

Prezident İlham Əliyevin istər görüşlərdə, çıxışlarında, istərsə də müsahibələrində dəfələrlə vurğuladığı kimi, ölkəmiz bu gün yeni çağırışların artıq bir çoxuna hazırdır və əminliklə deyə bilərik ki, ölkə başçısının çoxvektorlu xarici siyasətdə müəyyən etdiyi istiqamət düzgün gələcəyə hədəflənir, xüsusilə Avropa ölkələri ilə siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə də əlaqələrin bundan sonra da dərinləşəcəyini göstərir.

Məzahir Əfəndiyev,

Milli Məclisin deputatı,

Azərbaycan-Bosniya və Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri