19 avqust 2023 11:40
315

Azərbaycan diplomatiyasının növbəti uğuru

Ermənistan hökuməti özünün siyasi məsuliyyətsizliyini və riyakarlığını növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. 
Qeyd edək ki,  BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazilərinin işğalı ilə bağlı dörd qətnaməsinin olduğu 30 ilə yaxın bir vaxtda Şuranın Ermənistan qoşunlarının torpaqlarımızdan çıxarılması və işğala son qoyulması ilə bağlı bir dəfə də hər hansı toplantının keçirilməməsi ölkəmizə qarşı haqsızlıq idi. Bildirmək lazımdır ki, buna imkan verməyənlərdən biridə Fransa olmuşdu. Məhz onun dəstəyi ilə Ermənistan 30 il ərzində BMT-nin qərar və qətnamələrini yerinə yetirməkdən boyun qaçıra bildi. İndi isə fərqlidir. Vaxtilə BMT-nin qətnamələrini vecinə almayan Ermənistan indi bu qurumdan yardım diləməklə məşğuldur. Bu yardımın da arxasında həmişəki kimi erməni yalanı, məkr və hiylə dayanır. 

Avqustun 16-da keçirilən BMT TŞ-nin iclasında sözün həqiqi mənasında Azərbaycan diplomatiyası qələbə qazanmış oldu. Bildirmək lazımdır ki, iclasda Qarabağda humanitar böhran, Laçın–Xankəndi yolunun açılması, yəni, faktiki olaraq ölkəmizin şərti sərhəddə qurduğu nəzarət-buraxılış məntəqəsinin əhəmiyyətsizliyinin göstərilməsinə dair hansısa müraciət, qətnamə, çağırış, yaxud bu qəbildən digər sənəd qəbul edilmədi. İclasa qədərki dönəmdə erməni diasporu Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Ocamponun qərəzli və faktlara əsaslanmayan hesabatının beynəlxalq ictimaiyyəti ayağa qaldıracağına ümid edir, bu məqsədlə genişmiqyaslı təbliğat kampaniyası aparırdı. Nəticədə məlum oldu ki, Okamponun hesabatının səs-sorağı heç İrəvandan kənara çıxmayıb. TŞ-də məruzəçi dövlətlərin heç biri Okamponun qərəzli hesabatı haqqında bir söz belə olsun demədi. Əvəzinə isə, Okamponun hesabatına münasibət bildirən beynəlxalq hüquq üzrə aparıcı məsləhətçi və ekspert Rodney Diksonun fikirləri dilə gətirildi. TŞ-də müzakirələrdə istənilən nəticələrin alınmaması onu göstərdi ki, Ermənistan hökuməti və diaspora arasında ciddi narazılıq və anlaşılmazlıqlar var və bu hər gün dərinləşir. Ağdam-Xankəndi yolunun açılmasının vurğulanması bir daha vurğulandı və sərhəd keçid məntəqəsinin yaradılmasının Azərbaycan dövlətinin suveren hüququnun olması bir daha təsdiq edildi.”

Bu qələbə son 20 ildə ölkəmizin başçısı cənab İlham Əliyevin apardığı xarici siyasətin tərkib hissəsidir. Bu qələbə müharibədə qazandığımız tarixi qələbənin diplomatik müstəvidə davamıdır. Bu diplomatik qələbə bir daha sübut etdi ki, Azərbaycan dövlət kimi bütün beynəlxalq hüquq normalarına əməl edir. 

Nəcəfağa Rəhimov,
YAP Xətai rayon təşkilatının fəalı,
Beynəlxalq münasibətlər üzrə mütəxəssis,
Politoloq