18 avqust 2023 16:50
568

Xarici diplomatiyamızın BMT zəfəri

Avqustun 16-da Ermənistanın təşəbbüsü ilə çağrılmış BMT Təhlükəsizlik Şurasının təcili iclası iclas keçirilib. İclasda Azərbaycanın guya Qarabağ bölgəsində yaratdığı  «humanitar böhran»ın müzakirə  edilib. Erməni lobbisinin bütün gücünü ortaya qoymağa çalışdığı bu iclasda onlar Azərbaycan diplomatiyası qarşısında  yenidən məğlub olublar.

Xüsusilə ermənipəst Fransa və ABŞ nümayəndələrinin böyük canfəşanlığına baxmayaraq, ümumən tədbir iştirakçıları sadəcə olaraq tövsiyyə verməklə kifayətləniblər. Hətta iclasda bir çox ölkələrin nümayəndələri Azərbaycan dövlətinin Laçın-Xankəndi yoluna alternativ irəli sürdüyü Ağdam -Xankəndi yolunu da təqdir ediblər. Təbii ki, iclasın sadəcə adi müzakirədən uzağa getməyəcəyi Azərbaycanın BMT –dəki  daim nümayəndəsi Yaşar Əliyevin çoxəhatəli, əsaslandırılmış çıxışından sonra dəqiqləşdi. Azərbaycanlı diplomat elə nitqinin əvvəlində BMT Təhlükəsizlik Şurasının Ermənistan üçün sui-istifadə platformasına çevrildiyinə işarə edərək deyib: «Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı məsələ əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmaq məqsədilə aparılan təxribatçı və məsuliyyətsiz siyasi kampaniyadır.»

Buradakı qələbəmiz bir daha sübut etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə post -müharibə dövründə aparılan diplomatiyamız böyük hədəflərə çatıb. Xüsusilə cənab Prezidentin Brüssel və Moskva formatında görüşləri, Azərbaycan-Ermənistan XİN rəhbərləri arasında Vaşinqton formatında keçirilən görüşlər nəticə etibarı ilə bizim haqlı tərəf olduğumuzu, ərazi bütövlüyümüzün  və suverenliyimizin dünya dövlətləri tərəfindən dəstəkləndiyini  ortaya qoydu.

Sevindirici haldır ki, illərdir Azərbaycana qarşı yönəlmiş ikili standartlara, riyakarlıqlara baxmayaraq, dünya birliyi hələ də ədalət prinsiplərini tamamilə unutmayıb. Bu iclasda beynəlxalq ictimaiyyət bir daha ölkəmizin ərazi bütövlüyü nü və suverenliyini dəstəklədi,. Eyni zamanda, Qarabağda məskunlaşmış ermənilərə çağırış etdi ki, onlar nəinki Azərbaycanın qanunları çərçivəsində həyatlarını davam etdirməyə hazır olmalı, eyni zamanda, bu istiqamətdə artıq konkret addımlar atmalıdırlar.

Əminliklə deyə bilərik ki, sülhün əldə olunması üçün Ermənistanın artıq bir bəhanəsi qalmayıb. Xüsusilə Xankəndi və ətraf rayonlarda məskunlaşan ermənilər onlara təqdim olunan bu tarixi şansı əldən qaçırmamalı, sülh müqaviləsinin imzalanması üçün tezliklə hərəkətə keçməlidirlər. Ən mühümü isə odur ki, separatçıların rəhbərləri anlamalıdırlar ki, onlar üçün yolun sonudur və Azərbaycan dövlətinin təkliflərinə riyaət etməkdən başqa çarələri qalmayıb.

İsmayıl İbrahimov,

YAP Hacıqabul rayon təşkilatının sədri