17 avqust 2023 20:58
439

Bundan sonra Ermənistanın bir yolu var: Azərbaycanın bütün şərtlərini qəbul etmək və...

Əhməd Abbasbəyli: Bir daha hər kəsə əyan oldu ki, dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hörmət edir

Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) Ermənistanın istəyi ilə keçirilən iclası başa çatdı və yekunda heç bir qərar qəbul olunmadı. Ermənistanın, dünya ermənilərinin, eləcə də onlara havadarlıq edənlərin gözlədiyi, ümid etdiyi nə qətnamə, nə də bəyanat qəbul edildi. Yəni, əvvəlcədən hazırlanmış, külli miqdarda pullar xərclənmiş “humanitar fəlakət şousu” fiaskoya uğradı.

“İki sahil” xəbər verir ki,  bu fikirləri siyasi ekspert Əhməd Abbasbəyli deyib.

“Əslində, nəticənin başqa cür olacağı da inandırıcı deyildi. Bu da bir neçə sənədə əsaslanır. Əvvəla, BMT TŞ-də bu və digər sənədin qəbul edilməsi proseduru bunu kifayət qədər çətin edir. Belə ki, Azərbaycan diplomatiyasının uğurlu fəaliyyəti tələb olunan səs çoxluğunu qazanmağı müşkül məsələyə çevirib. BMT TŞ-də səs verəcək dövlətlərin bir neçəsi Qoşulmama Hərəkatının üzvləridir. Qoşulmama Hərəkatında isə Azərbaycanın, onun Prezidentinin nüfuzu barədə heç müzakirə və müqayisəyə ehtiyac belə yoxdur. Digər tərəfdən isə əvvəlcədən də məlum olduğu kimi, bu müzakirələrdə Azərbaycanın haqlı mövqeyini birmənalı şəkildə müdafiə edən dövlətlər olacaqdı. Bu mənada qardaş Türkiyəni, Albaniyanı və digər ölkələri xüsusi qeyd etmək lazımdır”, - deyə o qeyd edib.

Əhməd Abbasbəylinin sözlərinə görə, ümumiyyətlə bu hadisəni dəyəndirərkən hər kəs, xüsusilə də düşmənlərimiz birdəfəlik bilməli və yadında saxlamalıdır ki, Azərbaycan Vətən müharibəsindəki şanlı Zəfərindən sonra regionda yeni reallıq formalaşdırıb. Reallığı qəbul etmək və bununla hesablaşmaq məcburiyyətindədirlər. Bu, hadisə sübut etdi ki, həmişə belə olmasa da nəhayət, ədalətin, beynəlxalq hüququn eyni tərəfdə olması və qalib gəlməsi mümkündür. Bir daha hər kəsə əyan oldu ki, dünya Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır və hörmət edir.

“Xüsusi vurğulamaq istədiyim məqam isə odur ki, Ermənistan və Fransa bacılarının beynəlxalq səviyyədə ard-arda məğlubiyyətləri dünyanın mütərəqqi kəsiminin artıq “isterikalara”, saxta “məzlum obrazlarına”, “vay-şüvənlərə” inanmadığını sübut edir. Bu, həm də Ermənistan və Fransa diplomatiyasının iflasıdır. Deməli, belə çıxır ki, bundan sonra Ermənistanın bir yolu var: Azərbaycana üzrxahlıqla müraciət etsin, onun bütün şərtlərini qəbul etsin və dərhal sülh müqaviləsini imzalasın”, - deyə Ə.Abbasbəyli əlavə edib.