"Müzəffər Ordumuzun zəfəri ilə başa çatan 44 günlük müharibənin yaratdığı əsas geosiyasi reallıq odur ki, bütün cəhdlərə rəğmən Qarabağı Azərbaycandan qoparmağın mümkün olmayacağı hər kəsə aydın oldu. Ölkəmiz işğalda olan ərazilərinin üçdə ikisindən çoxunu güc yolu ilə azad etdi, düşmənə sarsıdıcı zərbə vurdu. Bütün bunları beynəlxalq hüquqdan kənara çıxmadan, müharibə qanunlarına uyğun apararaq, heç bir sanksiyaya, təzyiqə bəhanə vermədən həyata keçirdi.
Azərbaycan Qarabağda 30 il ərzində heç kimin köməyi olmadan, dağılan, talan edilən yerləri bərpa edir. Artıq vətəndaşlarımız öz dədə-baba yuvalarına qayıdır, ərazilər minalardan təmizlənir. Son üç ilə yaxın müddətdə Azərbaycan çox böyük işlər həyata keçirir. Bu prosesləri dünyanın bir çox diplomatları, jurnalistləri öz gözləri ilə izləyirlər. Bu gün işğaldan azad olunmuş torpaqlarımız yenidən abadlaşdırılır, nəhəng infrastruktur layihələri bu əraziləri də əhatə edir. Ancaq 30 il əvvəl olduğu kimi bu gün də, ölkəmizə qarşı ikili yanaşma və qərəz davam edir."
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının tərəfkeş mövqe tutması beynəlxalq təşkilatın statusuna qətiyyən uyğun deyil. Bu günə qədər əzəli torpaqlarımızın işğalına, xalqımıza qarşı törədilmiş çoxsaylı müharibə cinayətlərinə susanların indi, insan hüquq və azadlıqlarından, humanizmdən danışması təəssüf doğurur. Avropa İttifaqının (Aİ) qanunsuz müşahidə missiyası ilk gündən «Laçın» dövlət sərhədindən buraxılış məntəqəsi ətrafında başlanan «humanitar böhran» şousunun fəal iştirakçısına çevriliblər. Aİ missiyası, informasiya savaşında ermənipərəst mövqe sərgiləyərək tərəf kimi davranmağa başlayıblar. Bildiyimiz kimi, hazırda Avropa İttifaqının Ermənistandakı missiyasının müşahidə apardığı ərazilərdə tarix boyu Qərbi azərbaycanlılar yaşayıblar və sonradan deportasiyaya, insanlıqdan kənar münasibətə məruz qalıblar. Bununla bağlı, Qərbi Azərbaycan İcması dəfələrlə bütün beynəlxalq qurumlara, o cümlədən, Aİ-yə əsaslı müraciətlər edib. Lakin, bu müraciətlərə heç bir reaksiya verilməyib.
K.Bayramov diqqətə çatdırıb ki, Azərbaycanın Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini yaratması ilə bu ölkənin Qarabağa təhlükəli yüklər daşınmasının və mina tarlaları əkilməsinin qarşısı alınıb. Qarabağ İqtisadi rayonunda Ermənistanın qeyri-qanuni fəaliyyəti ilə bağlı bütün təzyiqlərə baxmayaraq bir addım belə geri atmaması, prinsipial şəkildə milli maraqlarını qoruması ölkəmizə qarşı olan qüvvələri birləşdirib. Ermənistanla bağlı bir neçə qətnaməsi icra edilməyən və buna səs çıxara bilməyən BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri Ermənistanın «humanitar blokada» şousuna qoşularaq, guya Qarabağda «gərgin humanitar vəziyyət» yarandığı barədə bəyanatlar yayırlar. Azərbaycanın Qarabağda guya etnik təmizləmə siyasəti həyata keçirməsi kimi absurd təbliğat kampaniyasının BMT Təhlükəsizlik Şurasında (TŞ) müzakirəsini təşkil edən Ermənistan və havadarları bununla regionda yeni şərtlər formalaşdırmağa cəhdlər edirlər.
Deputat qeyd edib ki, ölkəmizə qarşı belə ədalətsiz münasibət qəbuledilməzdir. Müdafiə Nazirliyinin yaydığı məlumatda da ifadə edildiyi kimi, "Avropa İttifaqının müşahidəçilərinin Ermənistanda şərti sərhəd istiqamətində səfərlərinin vaxtı, onların hərəkət marşrutu, ərazidəki koordinatları, eləcə də, avtomobillərin markası və nömrə nişanları Azərbaycan tərəfinə əvvəlcədən təqdim edilir. Azərbaycan Ordusunun bölmələri missiyanın səfərləri barədə məlumatlıdır".
Bu baxımdan da, Avropa İttifaqının müşahidəçilərinin atəşə tutulması mümkün deyil. Bu müşahidəçilər faktiki olaraq özlərinin qərəzli və şantajçı mövqeyi ilə Ermənistanın saxta informasiyalarına işıq tutur. Təsəvvür edin, atəşə tutulduqlarını iddia edən beynəlxalq "müşahidəçilər"in atəşə tutulmasını şərh edərkən, müsahibədə onların üzü görünmür. Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının Ermənistanın əlində təbliğat alətinə çevrilməsi təəssüf doğurur.