18 avqust 2023 00:47
822

Avropa Komissiyasının rəhbərliyi ölkəmizi məhz belə də adlandırır: Etibarlı tərəfdaş

Bütün bunlar iki böyük strateqin – Ulu Öndər Heydər Əliyevin və Onun layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsidir

Prezident İlham Əliyevin siyasi fəaliyyətinin qızıl dönəmlərindən biri kimi məhz enerji siyasətinin düzgün müəyyən edilməsində böyük rolu, tarixi xidmətləri olub. Dövlət başçısının prezidentlik dönəmində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu daxili və xarici siyasətin davam etdirilməsi, həmçinin ölkənin müdafiə potensialının artırılması nəticəsində ərazi bütövlüyümüz təmin olundu.

Prezidentin fəaliyyətinə nəzər salarkən yüksək tribunalardan erməniləri ifşa etməsi, güclü diplomatik bacarığı ilə Ermənistan dövlətinin başçılarını auditoriyalar qarşısında çətin durumlara salmasının şahidi olduq. Xüsusilə xarici siyasət kursunun düzgün müəyyən edilməsi, Qoşulmama Hərəkatında uğurlu fəaliyyətimiz, pandemiya və digər təbii fəlakətlər zamanı onlarla ölkəyə yardım edilməsi, ən əsası isə düşmən üzərində tarixi Qələbənin təmin olunması dövlət başçısının tarixə qızıl hərflərlə yazdığı səhifələr, həmçinin enerji strategiyasının gətirdiyi siyasi dividendlərdəndir.

Artıq doqquzuncu dəfə təşkil olunan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasının keçirilməsi, eləcə də bu il daha iki mühüm tədbirin - Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının və yaşıl enerjinin ötürülməsinə dair dördtərəfli Sazişin icrası üzrə Rəhbər Komitənin ilk iclasının baş tutması Azərbaycanın Avropanın enerji təminatında artan rolunu açıq şəkildə ortaya qoyur. İqtisadi inkişafını durmadan şaxələndirərək genişləndirən ölkəmiz bununla da Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə deyil, həm də alternativ enerji mənbələri hesabına təmin etməsi işində əhəmiyyətli addım atıb.

Ötən ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması digər sahələrdən fərqli olaraq, enerji təminatı sahəsində vəziyyəti xüsusilə kəskinləşdirdi. Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq etməyə başlayan Avropa özünün enerji təminatı üçün alternativ mənbələrə üz tutdu. Bu istiqamətdə ötən il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə vurğulamaq lazımdır ki, artıq həmin sənədin icrasına başlanıb.

2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. 2023-cü ildə isə ölkəmizdən ixrac ediləcək təbii qazın ümumi həcmi 24,5 milyard kubmetr olacağı gözlənilir. Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, həmin ölkələr üçün də uduşlu vəziyyətdir. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qorumaq üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var.

Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Ölkənin nəhəng bərpa olunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir. Bərpa olunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorların biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır, bunun 80 faizi ixrac olunacaq. Azərbaycan 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırır.

Xüsusi vurğulamaq lazımdır ki, Cənub Qaz Dəhlizi ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. Bu layihənin əhəmiyyətini Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı mətbuata bəyanatında aydın görmək olur: “Vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparılmışdı. Ancaq maliyyə mənbələri müəyyən edilmədiyi üçün NABUKKO layihəsi icra edilmədi. Buna baxmayaraq Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə Cənub Qaz Dəhlizi icra edildi. Bu müasir enerji infrastrukturunun uzunluğu 3500 kilometrdir və artıq Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır.”

Bu nəhəng layihə ilə bağlı ilk sənəd - Azərbaycan ilə Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə 2011-ci ildə imzalanıb. Bu, həmin layihənin icrasının başlanğıc mərhələsi sayılır. Prezident İlham Əliyevin 2013-cü il oktyabrın 29-da imzaladığı Sərəncamla Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycanın mənafeyini qorumaq və layihə iştirakçılarına dövlət dəstəyinin təmin edilməsi məqsədilə Dövlət Komissiyası yaradılıb. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin iyirmi illiyində Səngəçalda Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçılarının, nazirlərinin və beynəlxalq şirkətlərin rəhbərlərinin iştirakı ilə Cənub Qaz Dəhlizi layihəsinin təməlqoyma mərasimi keçirilib.

Azərbaycan strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı, səhmdarı və ev sahibinə çevrilib. Bu təşəbbüsə ilk olaraq Türkiyə və Gürcüstan, sonrakı dövrdə İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya qoşulub. Hazırda yeni və potensial tərəfdaşlar arasında Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro da yer alıb.

Artıq Azərbaycan hasil etdiyi qazı qonşu dövlətlərə ixrac edir və Avropa bazarına ixraca başlamaq üçün yeni kəmərlər tikilib. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri (Cənubi Qafqaz Qaz Boru Kəməri) istifadəyə verilib və “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qaz Gürcüstan, Türkiyə və Yunanıstana ixrac edilməyə başlanıb. 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin o zamankı Baş naziri Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İstanbulda iki ölkə arasında TANAP (Trans-Anadolu təbii qaz boru kəməri) layihəsinə imza atılıb. 2013-cü ildə “Şahdəniz” konsorsiumu TANAP kəməri ilə daşınacaq Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Türkiyə sərhədini İtaliyanın cənubuna birləşdirən TAP (Trans-Adriatik təbii qaz boru kəməri) layihəsini seçib və kəmərin tikintisi 2020-ci ildə başa çatdırılıb. Bu layihələr “Şahdəniz” yatağını İtaliyanın cənubuna birləşdirməklə Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına imkan verib.

25 aprel 2023-cü il tarixində Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada Avropaya əlavə qazın tədarükü üçün ötürücü sistem operatoru ilə razılaşma memorondumu imzalayıb. “Həmrəylik Halqası” adlandırılan əlavə qaz tədarükü Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Bu razılaşma Azərbaycana təbii qaz satışında müxtəlif bazarlar əldə etmək imkanı yaradır və o cümlədən, Bolqarıstanda imzalanmış bu sənəd ötən il Bakı ilə Avropa İttifaqı arasındakı enerji memorandumundan irəli gələn addımlardan biridir.

Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetr civarındadır. Yalnız “Ümid” yatağının potensialı 200 milyard kubmetrdən çoxdur. Bu isə qarşıdakı 100 ildə də Azərbaycanın karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi tanınmasına imkan verir. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə icrasına başlanan “D 230” bloku və “Şəfəq-Asiman” qaz yatağının işlənilməsi üzərində işlər davam etdirilir. Beləliklə, Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə və etibarlı tərəfdaşa çevirir. Prezident İlham Əliyev bu barədə bildirib: “Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi ölkəmizi məhz belə də adlandırır: “Etibarlı tərəfdaş.”

Ölkəmizin iqtisadi potensialının ən vacib komponenti olan neft amilinin düzgün idarə edilməsi 44 günlük Vətən müharibəsində özünü göstərdi. Azərbaycanın dünyanın hərbi baxımdan ən güclü dövlətlər sırasına çıxmasında məhz bu siyasətin düzgün qurulması həlledici rol oynadı. Vaxtilə Ümummilli Lider Heydər Əliyev tərəfindən iqtisadi prioritetlərin düzgün müəyyən edilməsi və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi bizimlə müharibə vəziyyətində olan Ermənistanın iqtisadi blokadaya alınmasına gətirib çıxardı. Əvəzində isə güclü iqtisadiyyatımız bizə müdafiə sənayemizin inkişaf edirilməsinə şərait yaratdı. Bütün bunlar iki böyük strateqin – Ulu Öndər Heydər Əliyevin və Onun layiqli davamçısı Prezident İlham Əliyevin zəkasının Azərbaycan xalqına töhfəsi idi.

Cavid Əkbərov, “İki sahil”