17 avqust 2023 18:24
599

Azərbaycanın diplomatik gücünün təqdimatı - ŞƏRH

BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr bir daha bu reallığı təsdiqlədi ki, regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin, ərazi bütövlüyünün tanınmasıdır

Bugünümüzün reallıqları dünyanın real mənzərəsini təqdim edir. Tarixi Zəfərimizdən sonra bölgədə və dünya siyasətində baş verən yeniliklər diqqətdən kənarda qala bilməz. Avqustun 16-da BMT Təhlükəsizlik Şurasında  Azərbaycanın Qarabağ bölgəsinin ermənilərin yaşadığı hissəsini  Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün keçirilən təcili iclas bir çox məqamlara aydınlıq gətirdi. Bu müzakirələr öncə Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun təqdimatı oldu.

27 il  Təhlükəsizlik Şurasının  qətnamələrinə məhəl qoymayan Ermənistanın  Qarabağ məsələsi ilə bağlı təcili iclasın keçirilməsini tələb etməsi, ən əsası bu tələbin dərhal  yerinə yetirilməsi maraq doğurmaya bilməz. Azərbaycan dövləti ən yüksək tribunalardan, o cümlədən BMT tribunasından dünyaya bu çağırışı edir ki, ikili standartlara əsaslanan siyasətə son qoyulmalı, BMT qətnamələrinin icrası, beynəlxalq hüququn norma və  prinsiplərinin tətbiqi üçün vahid mexanizm olmalıdır. Tarixi Zəfərimizdən sonra 2021-ci ildə keçirilən  BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində dövlət başçısı İlham Əliyev videoformatda çıxışında işğal dövrünün reallıqlarına diqqəti yönəldərək bildirdi ki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Selektiv yanaşmaya yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var. Bu məqam da qeyd edilmişdir ki,  artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar,  üzərlərinə düşən vəzifələrin icrasına nail ola bilərdilər. Münaqişə dövründə Ermənistan öz yanaşması və hərəkətləri ilə nümayiş etdirirdi ki, onun yeganə məqsədi status-kvonu saxlamaq və işğalı möhkəmləndirməkdir. Azərbaycan dəfələrlə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini gündəmə gətirdi.  Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi. Həmin çıxışda bu əminlik də ifadə edilmişdi ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olunacaq. Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam etdirəcək. Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır.

Yuxarıda qeyd etdiyimiz kimi, 27 il ərzində  BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistan bu günlərdə quruma müraciət edərkən hansı qərarın qəbul ediləcəyinə ümid edirdi? Ermənistana və ona havadarlıq edən dövlətlərə bu xatırlatmanı etmək istərdik ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atmaqla BMT qətnamələrini təkbaşına icra etdi. 27 ildə dünya güclərinin edə bilmədiklərini Azərbaycan özü etdi. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan ölkəmiz dünyaya çatdırdı ki, bu prinsiplər mövcuddur, lakin onların icrası və tətbiqi vahid yanaşma tələb edir. Avqustun 16-da BMT Təhlükəsizlik Şurasında Ermənistanın müraciətinə uyğun olaraq aparılan müzakirələr məhz bu məqamların təqdimatı oldu. Ermənistan müzakirələrə nail olsa da diplomatik qələbəyə imza atan Azərbaycan oldu. Bu müzakirələr  Ermənistan diplomatiyasının tam iflasıdır. Bu, Fransa və Ermənistanın artıq ikinci iflasıdır. Ötən ilin deakbrında da məsələnin BMT Təhlükəsizlik Şurasında qaldırılması cəhdi olmuşdur. Hər iki halda edilən cəhdlər nəticəsiz  qaldı.  Bu reallığı  daim qeyd etməyi özümüzə sonsuz qürur bilirik ki, hazırda diktə edən tərəf Azərbaycandır. İşğalçı ölkə  və ona havadarlıq edən dövlətlər reallıqlarla barışaraq regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə, Ermənistanla münasibətlərdə yeni səhifənin açılmasına xidmət edən sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün səylər göstərməlidirlər. Ermənistan  30 illik işğal dövrünün ab-havası ilə yaşasa da bu, işğalçı dövlətin keçmişlə yaşamasından, gələcək barədə düşünməmək xislətindən irəli gəlir.

Bu gerçəklik göz önündədir ki, Ermənistanın bütün mümkün vasitələrdən Azərbaycanın əleyhinə istifadə etməsi cəhdlərinin sonu uğursuzdur. BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrin nəticəsi beynəlxalq hüququn, haqq-ədalətin Azərbaycanın tərəfində olduğunu sübut etdi. Bu da təbii ki, Azərbaycanın beynəlxalq nüfuzunun, tarixi həqiqətlərə, real faktlara əsaslanan müstəqil siyasətinin göstəricisidir. Azərbaycanın tarixi Zəfərində diplomatik uğurlarımız öz sözünü dedi. Qarabağ münaqişəsinin həlli ilə bağlı möhkəm hüquqi bazanının mövcudluğu, beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycana dəstək, Ermənistanın işğalçılıq siyasətinin pislənilməsi ölkəmizin xarici siyasətinin uğurlu nəticəsidir. Ermənistanın, erməni diasporunun  səyləri bu dəfə də  nəticəsiz qaldı. BMT tribunasından belə müzakirələrə ehtiyac olmadığı bir daha təsdiq olundu. Revanşist xülyalarla yaşayan ermənilərə başa saldılar ki, məsələ BMT və digər platformalarda deyil, yerində həll olunmalıdır.

Son üç ilə yaxın dövrdə qürurla bəhs etdiyimiz hadisə budur ki,  30 ilin işğalına 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizlə son qoyulması Azərbaycanın regionda, dünyada yerinə və roluna yeni əlavələr etdi, qalib, yeni reallıqlar yaradan ölkə olaraq diktə edən tərəf kimi çıxış etməsini şərtləndirdi. Azərbaycan bir daha işğalçı Ermənistana və ona 30 il azmış kimi bu gün dəstək verməkdə davam edən dövlətlərə mesajlarını çatdırdı. Bəyan etdi ki, əgər ədalət meyarı qorunsa, beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilsə və bunun üçün bütün dövlətlərə eyni şəkildə tətbiq olunacaq vahid mexanizm müəyyənləşdirilsə münaqişəli məsələlər zamanında, ən əsası sülh yolu ilə, müharibə olmadan öz həllini tapa bilər.  Artıq tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsinin 30 il həllini gözləməsi maraqları üst-üstə düşməyən dövlətlərin ikili siyasətinin nəticəsi kimi dəyərləndirilə bilər. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan keçmiş  ATƏT-in Minsk qrupu istər 30 illik işğal, istərsə də postmüharibə dövründə funksiyasını dərk etmək istəmirsə, mandatına uyğun olaraq neytrallığı qorumursa, bunun artıq geniş şərhə ehtiyacı yoxdur. Vətən müharibəsindən öncə ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin fəaliyyətsizliklərinə, işğalçını adı ilə çağırmaq istəmədikləri üçün bunu birtərəflilik prinsipinin qorunması kimi ört-basdır etmələri o qədər də ciddiliyə alınmasa da, amma bu gün tamamilə fərqli reallıqlar yaşanır. Artıq işğalçını adı ilə çağırmağa ehtiyac yoxdur. Azərbaycan Ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində 44 gündə işğala son qoydu, 27 ildən artıq icrasını gözləyən BMT qətnamələrini təkbaşına icra etdi, haqq, ədalət bərpa olundu. Bu gün yeganə məqsəd ermənilərin işğaldan azad edilmiş ərazilərimizdə törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə elə həmin dövlətlərin, təşkilatların təmsilçilərinin vasitəsilə çatdırmaqdır. Dövlət başçısının tapşırığına uyğun olaraq diplomatların, jurnalistlərin işğaldan azad edilmiş ərazilərimizə səfərləri təşkil olunur və onlar erməni vəhşiliklərini gözləri ilə görürlər.

Azərbaycan hər zaman Ermənistana və ona havadarlıq edən dövlətlərə reallıqlarla barışmağa, sülhə, təhlükəsizliyə töhfələr verməyə çağırışlar edir. Dövlət başçısı İlham Əliyev daim bildirir ki, dünya xalqlarının üzləşdiyi problemlərin həlli üçün beynəlxalq hüquqa hörmət, siyasi müstəvidə yer alan aktual məsələlərə ədalət prinsipləri baxımından yanaşılması daha vacibdir.

BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrlə bağlı Xarici İşlər Nazirliyinin bəyanatında da bu mühüm məqam xüsusi qeyd edilir ki, Azərbaycan normallaşma gündəliyinin irəli aparılmasında həqiqətən maraqlı olan və bununla da regionda çoxdan gözlənilən sülh və sabitliyə nail olmağa öz töhfəsini vermək istəyən, habelə bu istiqamətdə müvəffəq olan bütün tərəflərlə konstruktiv qarşılıqlı fəaliyyətə sadiqdir. Azərbaycan Ermənistana iki ölkənin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında sülh təklif edib. Digər tərəfdən, Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş, habelə Azərbaycanın tərəfdar çıxdığı insan hüquqları üzrə bütün müvafiq beynəlxalq mexanizmlərə uyğun olaraq, bütün hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya siyasətini aparır. Hər iki istiqamətə sadiq olduğumuz kimi, suverenliyimizi və ərazi bütövlüyümüzü BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə qorumaqda da əzmliyik.

Bəyanatda o da bildirilir ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri postmünaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir. BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən vurğulandığı kimi, regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır. BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin, eləcə də Türkiyənin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar xüsusilə Ağdam-Xankəndi yolu olmaqla, Azərbaycan tərəfindən təklif olunan bütün marşrutların fəaliyyət göstərməsi ilə bağlı səmimi dialoq və vicdanlı qarşılıqlı fəaliyyətin zəruriliyi barədə verilən bəyanatları yüksək qiymətləndiririk. Müzakirələr Azərbaycanın Ağdam-Xankəndi yolundan istifadə təklifinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını və yüklərin Azərbaycanın Qarabağ bölgəsinə qanuni və şəffaf şəkildə çatdırılmasını təmin etmək üçün Ermənistanın yaratdığı maneələrin qəti şəkildə aradan qaldırılmasının labüdlüyünü bir daha göstərdi.

Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxışında da mühüm məqamları müzakirədə iştirak edən dövlətlərin təmsilçilərinin diqqətinə çatdırdı. Bir daha bildirildi ki, Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır. Məhz Ermənistan 30 ilə yaxın dövrdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını birmənalı şəkildə tələb edən 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb. Bu xüsusda, Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir.

Bu mühüm məqama da xüsusi diqqət yönəldildi ki, Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyası siyasətini həyata keçirir və  Konstitusiyada, Azərbaycanın imza atdığı bütün müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara zəmanət verir. BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit olunmuş bütün qanuni vasitələrlə suverenliyimizi və ərazi bütövlüyümüzü müdafiə etmək əzmində olduğumuz kimi, qeyd edilən hər iki yola sadiqliyimiz sarsılmazdır.

Qeyd edilənlərin fonunda bu ümumiləşdirməni apara bilərik ki, ədalət hər zaman öz sözünü deyir. Ermənistan dünya güclərinin  ikili standartlara əsaslanan siyasətindən bəhrələnərək yalanlarını həqiqət kimi  təqdim etməyə, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışsa da sonda qalib olan ədaləti və beynəlxalq hüququ müdafiə edən Azərbaycan olur. Əvvəldə də qeyd etdiyimiz kimi,  BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr kimin kim olduğunu bir daha nümayiş etdirdi. Hansı ki, 44 günlük İkinci Qarabağ müharibəsi bu məqamlara bütün təfsilatı ilə işıq salmışdır. Kimin haqqın, ədalətin, kimin isə şərin, təcavüzkarın yanında olduğu bəlli oldu. Düşünürük ki, belə təcili müzakirələr bir reallığın da sona yaxınlaşmasını qaçılmaz edəcək. Bu, dünya güclərinin  ikili standartlara əsaslanan siyasəti və onun yaratdığı problemlərdir. Dünyada sülhün, təhlükəsizliyin təminatında öz sözünü deyən BMT Baş Assambleyası belə heç bir əsasa söykənməyən, erməni yalanlarını özündə əks etdirən müzakirələrə vaxt ayırmaq yox, sistemin təkmilləşdirilməsinə, qəbul olunan  qətnamələrin icrasına nail olmaq üçün təkmil mexanizmin ortaya qoyulmasına daha çox diqqət göstərsə  yaxşı olar. Azərbaycanın bütün məsələlərin həllində ədalətə, beynəlxalq hüqüqun norma və prinsiplərinə önəm verməsi inkaredilməzdir və tarixi Zəfərimiz bunun təsdiqidir.

Yeganə Əliyeva, «İki sahil»