17 avqust 2023 22:57
612

Yeni Qanun Əli Kərimlini niyə qorxudur?

AXCP sədrinin saxtakarlıqları ifşa olunur

Azərbaycanda « Siyasi  partiyalar haqqında» yeni Qanun qüvvəyə mindikdən sonra, əslində adı olub, fəaliyyəti isə heç cür nəzərə çarpmayan bir çox partiyalar özlərini  buraxmalı olublar. Yeni Qanuna görə, siyasi  partiyaların qeydiyyatı üçün ilkin şərt hər bir partiyanın ən azı 5 min üzvünün olmasıdır. Məhz bu Qanunun qəbulundan sonra  özünü ana müxalifətin lideri  hesab edən AXCP sədri Əli Kərimli çox ciddi şəkildə narahat olub. O, sosial şəbəkələrdəki statuslarında yenə də  populist və qərəzli çıxışlar edərək iddia edir ki, Ədliyyə Nazirliyi AXCP-nin  qeydiyyatında  problemlər  yaratmağa hazırlaşır. Onun qarayaxması bununla bitmir, hətta daha dərinə gedərək bildirir ki, hakimiyyət real müxalifət partiyasının qeydiyyatını ləğv etməyə hazırlaşmaqla təkpartiyalı sistemə keçəmək istəyir. Bununla da ölkədə müxalifətçilik rəsmən qadağan edilir.

 Göründüyü kimi çox cılız iddialardır və faktiki olaraq Əli Kərimlinin və ətrafının fiaskoya uğradığının təsdiqidir. Sual olunur: əgər ana müxalifət partiyası adına iddialısansa, niyə qanunun tələb etdiyi  5 min üzvünün siyahısını təqdim etmirsən? Təbii ki, 5 min üzvü olmayan AXCP kimi partiyanın siyasi fəaliyyəti ancaq sözdən, hap-gopdan olar ki türk qardaşlarımız demişkən «xalqın belə laflara qarnı tox…»

Təbii ki, Əli Kərimlinin başladığı bu anti-Azərbaycan kampaniyasında  başlıca  məqsədi  həmişəki kimi,  Azərbaycan dövlətinə və onun başçısına  böhtan atmaq, qara yaxmaq, bir sözlə, xaricdəki anti-Azərbaycan qüvvələrə yarınmaqdır.  

Qeyd edək ki, AXCP sədri Əli Kərimli ötən illərdə partiyasının sıralarının genişləndiyini, onun sayının minlərlə olduğunu bağıraraq bildirirdi  Bu yalana inananlar elə bilirdilər ki, doğrudan da bu gün AXCP-nin beş mindən çox üzvü var. Ancaq yeni Qanuna uyğun olaraq Ədliyyə Nazirliyi partiyadan üzvlərinin siyahısını istəyəndə məlum oldu ki, bu say nəinki minlərlə, heç yüzlərlə də deyil.

Bu səbəbdən də güc verdilər saxta adlara... Ona görə də bu gün həm cəbhəçilər, həm də onların lideri Əli Kərimli  cəmiyyətdə gülüş hədəfinə çevriliblər. Artıq onların fəaliyyətləri  qeyri-ciddi hesab edilir və populist çıxışları dəyərsiz qəpik-quruş  effekti verir. Hətta eyni düşərgənin  insanları belə, AXCP-nin gülüş mənbəyi olduğunu bildirməklə onları saxtakarlıqda və yalançılıqda ittiham edirlər.

Bu, faktdır ki, Əli Kərimlinin qeyri-konstruktiv çıxışları və antimilli çağırışları xaricdəki anti-Azərbaycan qüvvələri həmişə ruhlandırıb.   İndi bəzi beynəlxalq təşkilatlar AXCP sədrinin davam etdirdiyi qarayaxma kampaniyasına daha çox dəstək olmağa çalışırlar. Diqqət yetirsək görərik ki, Əli Kərimli və onun xaricdəki havadarları  bu qarayaxma kampaniyasını həm də elə bir vaxtda başladıblar ki, ermənilərin riyakar çağrışları ilə beynəlxalq təşkilatlarda və xüsusilə də BMT-də Azərbaycan əleyhinə ciddi antitəbliğat kampaniyası genişlənib. Bəli, məhz Azərbaycanın Ermənistanla münasibətlərinin indiki gərgin vaxtında anti-Azərbaycan qüvvələrin əlinə oynamaq əsl riyakarlıqdır.

Faktlardan da göründüyü kimi, Əli Kərimlinin bütün siyasi fəaliyyəti  Azərbaycan dövləti və xalqına qarşı düşmənçilik üzərində qurulub. Belə ki, yeri gələndə yalvarışlarla, yeri gələndə israrla beynəlxalq təşkilatlardan  Azərbaycana qarşı sərt mövqe istəyən bu adam hərəkətləri ilə davamlı olaraq işğalçı Ermənistanın dəyirmanına su tökübdür.

Eyni zamanda, o, statuslarında Ermənistanı «demokratik ölkə» adlandırmaqla  onların ötən əsrin 90-cı illərində  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında törətdikləri çoxsaylı  soyqırımı cinayətlərinə bəraət qazandırır. Hətta Əli Kərimlinin silahdaşları tərəfindən də rəzillik kimi qəbul edilən digər fəaliyyəti  isə bütün potensialını «beşinci kolon» düşərgəsini monopoliyaya almasıdır. Məqsədi  xaricdən  qrant adı ilə gələn «göy»lərə təkbaşına sahiblənməkdir.

Elçin Zaman, «İki sahil»