“Ermənilərin Qarabağda qondarma “humanitar böhran”la bağlı bəyanatları tamamilə sünidir və siyasiləşdirilib”.
Bunu Rusiyanın tanınmış hərbi eksperti, istefada olan polkovnik İqor Korotçenko deyib. Ekspert qeyd edib ki, Azərbaycan tərəfi humanitar yüklərin tədarükü və çatdırılmasını təmin etmək üçün Ağdam-Xankəndi yolunu təklif edib: “Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirlərinin iştirakı ilə keçirilən danışıqlarda bu təklif bəyənilib. Üstəlik, Qarabağ erməniləri ilə Azərbaycanın rəsmi hakimiyyət orqanlarının nümayəndələri arasında görüşün keçirilməsi razılaşdırılıb. Lakin separatçılar İrəvanın dəstəyi ilə əldə olunan bütün razılaşmaları ləğv edib və pozublar. Bundan əlavə, Laçın yolunun açılmasını tələb edən və faktiki olaraq ultimatum irəli sürən separatçılar Ağdam-Xankəndi avtomobil yoluna beton bloklar düzərək bu yol boyu yüklərin daşınması imkanını tamamilə əngəlləyiblər”.

Politoloqun fikrincə, Ermənistanın Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına müraciəti İrəvanın özünü "qurbanlıq quzu" kimi göstərmək cəhdlərinə dəlalət edir və bu, heç nəyə gətirib çıxarmayacaq: “Yalnız Azərbaycan tərəfinin irəli sürdüyü və Moskvada üçtərəfli görüşdə nəzərdən keçirilən təkliflər mövcud vəziyyətə real alternativ ola bilər”.
Məsələ ona görə mürəkkəbləşir ki, bölgənin erməni əhalisinin adından danışanlar Xankəndidə yuva salmış separatçılar və hərbi cinayətkarlardır. Onların əli Birinci və İkinci Qarabağ müharibələrində günahsız azərbaycanlıların qanına bulaşıb. Rejimə başçılıq edən Araik Arutyunyan və digərləri gecəyarı Gəncə şəhərinin raket atəşinə tutulmasında və onlarla dinc sakinin öldürülməsində birbaşa təşkilatçıdır və layiqli cəzalarını almalıdırlar. Buna görə də Azərbaycan tərəfindən İnterpol vasitəsi ilə axtarışa veriliblər. Həmin quldurlar sadə ermənilərin arxasında gizlənərək öz iddialarını irəli sürürlər. Təbii ki, Azərbaycan öz ərazisində ilişib qalan terrorçularla heç bir danışığa getməyəcəyini əvvəlcədən bildirib. Fransan, Hindistan və digər havadarlarının ürəkləndirdiyi Ermənistan isə Qarabağdakı terrorçuları oradan yığışdırıb "ana Hayastan"a aparmaq fikrində deyil. Üçtərəfli Bəyanatda bunu öhdəsinə götürsə də Paşinyan hakimiyyəti öz öhdəliyinə əməl etmədi.
“Ermənistanın bu siyasi tamaşanı oynamaq cəhdləri uğursuzluğa məhkumdur, beynəlxalq erməni lobbisinin heç bir səyi bu vəziyyəti dəyişə bilməz”, - İqor Korotçenko sonda vurğulayıb.
Hərbi ekspertin bir neçə gün əvvəl səsləndirdiyi bu fikirlər öz təsdiqini tapdı. BMT Təhlükəsizlik Şurası nə qədər kəsərsiz olsa da ermənilərin "humanitar fəlakət" şousuna ermənilərin gözlədikləri qərarı vermədi. Çünki Ermənistan dünyaya gülməli bir presedent gətirmək istəyir, ancaq oradakılar nə qədər bəsit siyasətçilər olmalı idilər ki, ssenarisi tələm-tələsik cızmaqara olunmuş bu şounu gerçək kimi qəbul edəydilər. Ancaq haqq nə qədər nazilsə də, üzülmədi. Otuz beş iləvvəl süni surətdə cəlb edildiyimiz bu münaqişədə haqq-ədalət həmişə Azərbaycanın tərəfində olub. Çünki biz bir dəfə bölünmüş ərazimizin ikinci dəfə də bölünməsinə qarşı mübarizə aparırıq. Burdan o yanası bizim "qırmızı xətt"imizdir və o xətti kimsənin keçməsinə qətiyyən razı ola bilmərik və heç vaxt bilməyəcəyik.
Vəli İlyasov, "İki sahil"