17 avqust 2023 23:14
882

ReAL Partiyasının sədri reallığı niyə görmür?

Yəqin İlqar Məmmədovun qafasını pas tutub

Siyasət kimi dərin "dərya"ya baş vuranların bir çoxu "burulğan"a düşən kimi başı hərlənir və nə edəcəyini bilmir. ReAL Partiyasının sədri İlqar Məmmədov hazırda bu durumdadır. Görünür o, mövcud vəziyyətdən, dünyada cərəyan edən siyasi hadisələrin gedişatından düz-əməlli baş çıxara bilmədiyi üçün nə danışdığını hələ də kəsdirə bilmir. O da bəzi müxalif həmfikirləri kimi "iş"ini hakimiyyəti kor-koranə tənqid etməklə və günahlandırmaqla bitmiş hesab edir. Elə danışır ki, sanki adamın dünyadan heç xəbəri yoxdur. İddia edir ki, guya iqtidar  təbliğatı düzgün qura bilmir, mətbuat hadisələrdən geri qalır, azadlıq əleyhinə hansısa addımlar atılır və s. Ancaq fikirlərini sübut edəcək bircə arqument də gətirə bilmir. Olmayan arqumenti haradan gətirsin axı?

Təəssüf ki, partiya sədrliyini ələ keçirsə də neçə illər ora-bura vurnuxduğu siyasətdə İlqar Məmmədov elə bir şey artırmayıb. Əvvəlki bəsit düşüncələrində qalıb. Əli Kərimlinin, Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin və digər onun kimilərinin həmişə təkrarladıqları sözləri eynilə təkrar edir. Yəni, bu mənada artırmayıb, yeni heç nə deməyib, hər hansı konstruktiv fikir irəli sürməyib. Başqalarını qərəzli şəkildə tənqid etmək və ya günahlandırmaq müxalifətçilik deyil. Belə müxalifətçiliyin isə nə özünə, nə də cəmiyyətə bir xeyiri var.

Azərbaycanın illərdən bəri yeritdiyi ağıllı siyasət və ölkəmizin iqtisadi inkişafı dünya mətbuatının diqqətini cəlb edib.  Bu qədər saysız-hesabsız nailiyyətlər nə əcəb ReAL Partiyasının  reallıqdan uzaq sədrinin diqqətini cəlb etməyib?

İlqar Məmmədov son illərdə ölkəmizin dünyada qazandığı uğurları görə bilmirsə, yainki görmək istəmirsə, Məşədi İbad demişkən, "Belə məlum olur ki, onun gözü yaxşı görmür."

Azərbaycanda bu qədər hərtərəfli inkişafı görmürsə, heç olmasa otuz il əvvəlki vəziyyətləri müqayisə etsin. Əgər onu da bacarmırsa, onda həqiqətən də bu adamın "gözdən əlilliyi" yüz faizdir, buyursun istefa versin. Daha nə deyək...

V. Yusifoğlu, "İki sahil"