17 avqust 2023 18:17
433

BMT Təhlükəsizlik Şurasında “poker”...

Ali platformada Ermənistan və himayədarları üzərində dördüncü diplomatik qələbə Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisidir

Döyüş meydanında Azərbaycana uduzmuş Ermənistanın diplomatiya müharibəsindəki uğursuz “hücum” cəhdləri də acı məğlubiyyətlərlə nəticələnməkdədir. Düşmən ölkənin BMT Təhlükəsizlik Şurasını (TŞ) özünün siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirmək istəyi növbəti dəfə fiaskoya uğradı və Azərbaycan sözügedən platformada Ermənistan və ermənipərəst dairələr üzərində sayca dördüncü qələbəsinə, futbol termini ilə desək, “poker”ə imza atdı.

TŞ-nin avqustun 16-da Ermənistanın müraciəti əsasında keçirilən iclasında aparılan müzakirələr və nəticə, daha doğrusu, Ermənistan üçün nəticəsizlik bir sıra reallıqları da ortaya qoydu. Əvvəla, məlum oldu ki, vaxtilə beynəlxalq təşkilatlarda və dünyanın aparıcı ölkələrində tərəfdaşlar taparaq, ciddi əlaqələr yaradaraq Azərbaycan əleyhinə qərəzli qərarların qəbul edilməsinə nail olmağı bacaran erməni lobbisi öz gücünü tamamilə itirib. Bu gün hətta daha çox təşkilatlandıqları Birləşmiş Ştatlarda belə ermənilər nəinki Ermənistanın lehinə hansısa addım atmaq iqtidarında olan güc deyillər, üstəlik BMT-nin mənzil-qərargahının qarşısında dinc aksiya keçirən azərbaycanlılara hücum edəcək qədər kriminallaşmış cinayətkar dəstələrə çevriliblər. Erməni lobbisinin zəifləməsi bir az da Ermənistanın indiki siyasi rəhbərliyinin diaspor məsələsindəki mövqeyi ilə bağlıdır. Baş nazir Nikol Paşinyanın xaricdə yaşayan “yan”lara münasibəti onların Ermənistana səfərlərini məhdudlaşdıracaq qədər birmənalı deyil. Düşmən ölkənin mətbuatında və siyasi elitasında bu məsələ mütəmadi müzakirə mövzusuna çevrilir, Paşinyan diaspor təşkilatları ilə Ermənistanın bağlarını qırmaqda ittiham edilir.

Erməni və ermənipərəst fransız diplomatların Nyu-Yorkdan geri üzüqara dönməsinin səbəblərindən biri də Ermənistan hökumətinin BMT TŞ-yə müraciətinin yalan və siyasi spekulyativ iddialar üzərində qurulması ilə bağlıdır. Belə ki, Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra “humanitar böhran” yaranması, Azərbaycanın öz suveren ərazisində beynəlxalq qanunlara uyğun atdığı addımların Qarabağda yaşayan erməni azlığa qarşı “soyqırımı” siyasəti kimi təqdim edilməsi Ermənistanın məğlubiyyətini qaçılmaz edirdi. TŞ-nin iclası zamanı müzakirələrdə edilən çıxışlar da göstərdi ki, əksər ölkələr Cənubi Qafqazda baş verən prosesləri yaxından izləyirlər və vəziyyətin gərginləşməsinin əsl səbəblərindən, Ermənistanın sülh prosesini pozmaq cəhdlərindən xəbərdardırlar. Üstəlik, rəsmi İrəvanın bu addımları regionda davamlı sülhün əldə edilməsinə çalışan böyük aktorların maraqları ilə ziddiyyət təşkil edir. Çünki düşmənin növbəti dəfə ABŞ-ın, Avropa İttifaqının, Rusiyanın vasitəçiliyi ilə balanslı, beynəlxalq hüquqa əsaslanan və məqbul həll yolu tapmağa yönəlmiş səylərə qəsdən və məqsədyönlü şəkildə mane olmağa çalışması çoxlarına aydın idi.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin təkzibolunmaz faktlara əsaslanan çıxışı həm Ermənistanın, həm də ölkəmiz əleyhinə hər hansı sənədin qəbul edilməsində ermənilərdən daha çox canfəşanlıq edən fransızızların planlarının pozulmasında ciddi rol oynadı. Azərbaycanlı diplomat sübut etdi ki, Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir.

Y.Əliyev ali tribunadan düşmənə xəbərdarlıq etdi ki, Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətlərinə son qoymalı, daxili işlərimizə qarışmaqdan çəkinməli və münaqişədən sonrakı normallaşma danışıqlarına səmimi şəkildə qoşulmalıdır. Çünki Ermənistan rəhbərliyinin Qarabağ regionu da daxil olmaqla Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması ilə bağlı şifahi bəyanatları sülhün həqiqətən də əlçatan olmasına inam yaradır. Ancaq indi Ermənistan bu bəyanatı real əmələ çevirməli və Azərbaycanın suverenliyini Qarabağda yaşayan yerli erməni sakinlərinin “humanitar ehtiyacları” bəhanəsi ilə şübhə altına almaqdan çəkinməlidir.

Azərbaycanın BMT TŞ-də Ermənistan və havadarları üzərindəki növbəti parlaq qələbəsi, eyni zamanda, Prezident İlham Əliyevin hansı qətiyyətə və liderlik keyfiyyətlərinə malik olduğunu növbəti dəfə əyani nümayiş etdirmiş oldu. Məhz bu qətiyyətli liderlik sayəsində Azərbaycanın beynəlxalq nüfuzu, siyasi gücü və qüdrəti, proseslərə təsir etmək imkanları gündən-günə artmaqdadır. Bunun nəticəsidir ki, Ermənistan və erməni maraqlarını müdafiə edən Fransa, Yunanıstan və s. dövlətlər qarşısında tək olmadığımızı hər kəs gördü. Qardaş Türkiyənin, Albaniyanın, Rusiyanın, Braziliyanın haqlı mövqeyimizi müdafiə etmələri düşmənlərimizin rüsvayçı diplomatik məğlubiyyəti ilə nəticələndi. Ermənistan da daxil hər kəs başa düşdü ki, Azərbaycan öz maraqları və haqlı mövqeyi naminə qarşısında duranlarla sona qədər, qələbə qazanana kimi mücadilə etməyə hazırdır və qadirdir.

Mahir Rəsuloğlu, “İki sahil”