10 iyun 2023 08:26
625

“Sabah”ın qapıçısı Yusif İmanov bu göstəricidə birinci olub

Azərbaycan Premyer Liqasının 2022-2023-cü il mövsümündə ən çox quru oyun keçirən qapıçıların siyahısı müəyyənləşib. “Sabah”ın qapıçısı Yusif İmanov bu göstəricidə birinci olub.

"İki sahil" Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, o, 19 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. İyirmi bir yaşlı qoalkiper Azərbaycan çempionatları tarixinin ikinci nəticəsinə imza atıb. Onun bir mövsümdə ən çox quru oyun keçirən qapıçı adına şərik olmağa 1 matçı çatmayıb. Buna Y.İmanovun mövsümün sonlarındakı qarşılaşmalarda şans qazanmaması da təsir edib. Legionerlər arasında ən yaxşı olan İvan Brkiç ümumi siyahıda ikincidir. “Neftçi”nin qolkiperi 13 matçda qapısını toxunulmaz saxlayıb. İlk “üçlüy”ü Tərlan Əhmədli qapayıb. “Turan Tovuz”un əlcək sahibi 10 quru oyun keçirib.

“Top-5”də “Qarabağ”ın iki qapıçısı var. Onlar hərəyə 9 dəfə meydanı qol buraxmadan tərk ediblər. Şahrudin Məhəmmədəliyev yalnız 2 qarşılaşmada qapısında qol görübsə, onun komanda yoldaşı Luka Quqeşaşvili daha çox matçda şans qazanıb.