31 mart 2023 17:55
331

Premyer Liqa: IV dövrənin ilk oyununda 5 qol vurulub

Azərbaycan Premyer Liqasında sonuncu - IV dövrəyə start verilib.

“İki sahil” xəbər verir ki, XXVIII turun ilk oyun günündə bir görüş keçirilib.

Turnir cədvəlinin ikinci “beşliy”ində qərarlaşan “Turan Tovuz”la “Sumqayıt” üz-üzə gəliblər. Tovuz şəhər stadionundakı qarşılaşma məhsuldar alınıb.

Matçda hesabı 7-ci dəqiqədə meydan sahibləri açıblar. Natan Oduva fərqlənib. Cəmi 4 dəqiqə sonra Kamran Aliyev bərabərlik qolunu vurub. 33-cü dəqiqədə qərblilər yenidən önə keçiblər. Bu dəfə komandanın ən sərrast oyunçusu Runi Eva toru silkələyib.

Ancaq “gənclik şəhəri” təmsilçisi geridönüş etməyə müvəffəq olub. Əvvəlcə 58-ci dəqiqədə Dieqo Karioka penaltini dəqiq yerinə yetirib. Qarşılaşmada son nöqtəni isə 68-cü dəqiqədə Kamran Aliyev qoyub. “Sumqayıt”ın qış fasiləsində heyətində cəlb etdiyi yarımmüdafiəçi dubla imza ataraq, komandasına 3:2 hesablı səfər qələbəsi qazandırıb. 90+4-cü dəqiqədə qonaqların kapitanı Vüqar Mustafayevin qırmızı vərəqə alaraq, meydandan qovulması da nəticəyə təsir göstərməyib.

Qalibiyyət sayəsində xallarının sayını 24-ə çatdıran “Sumqayıt” turnir cədvəlində yeddinci pilləyə yüksəlib. Altıncı sıradakı “Turan Tovuz” isə 28 xalda qalıb.

Qeyd edək ki, turun “Kəpəz” – “Səbail” və “Zirə” – “Neftçi” oyunları aprelin 1-də, “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” görüşləri isə aprelin 2-də keçiriləcək.