KÖŞƏ

Vəli İlyasov

Ermənistanı siyasi dəllallar və kosmopolitlər idarə edir

07 yanvar 2023 00:14
1714

Levon Ter-Petrosyan: Beynəlxalq hüquqa görə, bəli, işğalçıyıq

O, hələ 90-cı illərdə Azərbaycanın sürətlə gücləndiyini ayıq gözlə görmüş və Qarabağ ətrafındakı işğal edilmiş ərazilərin geri qaytarılmasının vaxtı çatdığını, belə bir fürsətin bir daha ələ düşməyəcəyini demişdi. Məhz bu fikrinə görə daxili və xarici sərsəmlər birləşib onu devirdilər. Ancaq Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyan lazımi məqamlarda susmadı və yeri gəldikcə erməni toplumuna əsl həqiqətləri ucadan dedi.

Petrosyan xatırladır ki, Ermənistanın eks-prezidenti Serjik Sarkisyan işğal edilən Azərbaycan rayonlarının boşaldılacağı ilə bağlı Aprel müharibəsi zamanı üzərinə götürdüyü öhdəlikdən imtina etdi. O zaman Ter-Petrosyan müsahibələrinin birində bildirdi ki, biz BMT-yə və  ATƏT-ə daxil olanda  ərazilərin bütövlüyü, sərhədlərin dəyişdirilməsi üçün güc tətbiqinin qadağan edilməsi prinsiplərini qəbul etmişik və bunu Azərbaycanla birlikdə qəbul etdik. Dünya bu prinsipləri pozacaq heç bir müddəanı qəbul etmir.

Sonra Petrosyan davam edərək demişdi ki, biz Dağlıq Qarabağı öz ərazimiz, hətta müqəddəs torpaqlar adlandıra bilərik. Amma bu cür anlayış beynəlxalq hüquqda yoxdur və olmayacaq da. Bu, illüziyadır və nə Koçaryan, nə də Sarkisyan zamanında bizim hakimiyyət bu terminlərdən istifadə edib. Onlardan istifadə edilsəydi, biz bütövlükdə təcrid ölkə elan ediləcəkdik. Biz bu torpaqları “azad edilən” adlandıra bilərik, amma beynəlxalq ictimaiyyət bunu işğal adlandırır.

Müsahibə alan müxbirin “O zaman siz işğalçısınız” sualına Ter-Petrosyan, “Beynəlxalq hüquqa görə, bəli, işğalçıyıq” cavabını vermişdi.

Levon Ter-Petrosyan 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Robert Koçaryanın yeni müharibə çağırışına cavab olaraq demişdi: “Başa düşmək lazımdır ki, bu, hansı problemlərə gətirib çıxara bilər. Koçaryan doğrudanmı düşünür ki, Azərbaycan oradan çıxacaq? Koçaryan yeni müharibə başlada bilər və bu erməni xalqı üçün yeni itkilərə səbəb olar. Heç bir qüvvə Azərbaycanı oradan çıxmağa vadar edə bilməz. Sizcə, bunu Rusiya edəcək? Heç vaxt! Bütün dünya bizə deyir ki, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasıyla razılaşmaq lazımdır. Bizdən artıq heç nə asılı deyil. Hər şey qurtarıb. Əgər razılaşmasaq, bizi qorxunc problemlər gözləyir”.

2021-ci ilin iyun ayında eyni fikrini təkrarlayan Petrosyan Azərbaycanın yalnız ərazisini bərpa etdiyini açıqlamışdı: “Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın hissəsi hesab edir. O, yalnız ərazisini bərpa etdi, heç kim Azərbaycanı ittiham etmədi. Bu dünyanın qanunu belədir. Bizi Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə razılaşmağa məcbur edəcəklər. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi”.

Xatırladaq ki, Petrosyan 1996-97-ci illərdə “mərhələli həll” variantını “Ermənistan üçün ən ideal variant” adlandırmışdı. Bu varianta görə Ermənistan işğal etdiyi əraziləri boşaldır, Dağlıq Qarabağın statusu gələcəyə saxlanılırdı.

44 günlük savaşda Azərbaycanın tarixi Qələbəsindən sonra isə Ter-Petrosyan artıq Ermənistan dövlətçiliyi barədə düşünməyin lazım gəldiyini, işğal siyasətinin davam etdiriləcəyi təqdirdə Ermənistan dövlətçiliyinin mövcudluğunun sual altına düşəcəyini təkrarlayır. Ancaq Ermənistanda onun səsini eşidən çox azdır. 2021-ci ilin sentyabrında isə Ter- Petrosyan münaqişəni uzatmamağa çağıraraq xəbərdarlıq etmişdi ki, Bakı və Ankara ilə problemlər həll olunmasa çox keçməyəcək ki, Ermənistan dövlətçiliyinin mövcudluğu təhlükə altına düşəcək. Ancaq onun məntiqlə, ağılla irəli sürdüyü fikirləri Ermənistanda qəbul edən çox azdır, böyük əksəriyyət revanşizmə meyillidir.

Bu günlərdə  Levon Ter-Petrosyanın əksinə olaraq katalikos  II Qaregin Ermənistana, diaspor təşkilatlarına və “artsax”a ünvanladığı Yeni il müraciətində sülh müqaviləsinin imzalanmasına deyil, revanşizmə çağırış edib. Avantürist keşiş bildirib ki, Azərbaycana və Türkiyəyə qarşı Ermənistan-İran ittifaqı yaradılmalıdır. “Bir millət, iki dövlət”ə qarşı “iki millət, iki sivilizasiya” durmalıdır. Amma keşiş  unudur ki, əgər İran Azərbaycana əl qaldırsa neçə müsəlman ölkəsi və İsrail onu öldürücü zərbələrlə yerində oturdacaq. Hələ onu da nəzərə almır ki, bugünkü proseslər İranı dağılıb parçalanmaya aparacaq.

Son 30 ildə, xüsusilə 2020-ci ilin sentyabrından sonra cərəyan edən proseslər bir daha sübut etdi  ki, tanınmış ermənilərin arasında ağlı başında olan bir neçədən biri olan Levon Ter-Petrosyan reallığı daha düzgün qiymətləndirir. Təəssüf ki, Ermənistan kimi bir dövləti sərsəmlər, xəyalpərəstlər, əli qanlı cəlladlar, siyasi dəllallar və kosmopolitlər idarə edir, ağlı başında olan isə orada  heç kimdir.