KÖŞƏ

Zahid Rza

Bu hiyləgər xəyanətlər…

08 dekabr 2022 01:37
7672

Son vaxtlar sosial şəbəkələrdə, xüsusilə də İnternet TV-lərdə radikal müxalifətin çıxışlarını, monoloqlarını dinləyərkən bir daha əmin oluruq ki, bu xəyanətkar dəstənin ipi başqalarının əlindədir. Daha doğrusu bu marginal zümrə anti-Azərbaycan qüvvələrin sifarişlərini yerinə yetirir. Xüsusilə AXCP sədri Əli Kərimlinin, onun sağ əli Fuad Qəhrəmanlının, “Milli Şura”nın rəhbəri Cəmil Həsənlinin, bu qurumun Koordinasiya Mərkəzinin üzvləri Tofiq Yaqublunun və Gültəkin Hacıbəylinin müxtəlif sosial şəbəkələrdəki  qeyri-obyektiv, təhriflərlə dolu çıxışları, necə deyərlər, moizələri insanda ikrah hissi doğurur.

Özlərini cəmiyyətə siyasət biliciləri, “demokrat” kimi sırımağa çalışan bu siyasətbazların xüsusilə son günlərdə Naxçıvanda baş verən olaylar, eləcə də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun bu günlərdə baş tutan Moskva səfəri və digər məsələlərlə bağlı Qənimət Zahidin, Sevinc Osmanqızının İnternet TV-lərindəki həqiqətdən uzaq, nimdaş “analizləri”, total yalanları ayaq tutsa da yeriyə bilmir. Dəfələrlə deyilib ki, hazırda Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi hallarına qarşı sərt tədbirlər görülür. Yəni oradakı həbslər digər bölgələrdə və strukturlarda analoji pozuntularla bağlı tədbirlərdən heç nə ilə fərqlənmir. Burada hər hansı siyasi çalar, siyasi məna axtarmağa ehtiyac yoxdur.

Heç kimə sirr deyil ki, AXCP sədri Əli Kərimli başda olmaqla radikal müxalifətin təmsilçiləri, eləcə də siyasi mühacir adı ilə xarici ölkələrə sığınan Qənimət Zahid, Sevinc Osmanqızı, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Vidadi İsgəndərli kimi satqın antimilli ünsürlər sosial şəbəkələrdə ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Bu “sapı özümüzdən olan baltalar”, naxələflər, ermənidən çox erməni olan xəyanətkarlar Azərbaycan haqqında şər və böhtanlar yayır, həqiqətləri təhrif edir, “YouTube” və “Facebook”dakı çıxışları, absurd monoloqları ilə cəmiyyətdə yanlış ictimai rəy yaratmağa, bu gün bütün dünyanı heyran qoyan Azərbaycan gerçəklərinin əhəmiyyətini azaltmağa çalışırlar.

Təbii ki, bütün bunlar təsadüfi deyil. Danılmaz faktdır ki, son vaxtlar bu antimilli ünsürlər ölkəmizin inkişafını, onun beynəlxalq aləmdə mövqeyinin gündən-günə möhkəmlənməsini, qardaş Türkiyə ilə münasibətlərimizin müttəfiqlik səviyyəsinə yüksəlməsini, nəhayət, Qarabağın işğaldan azad olunmasını gözü götürməyənlərlə bir cəbhədə birləşiblər. Şübhəsiz, bütün bunlardan xoflanan anti-Azərbaycan dairələr, erməni lobbisi və mənfur düşmənlərimizin havadarları daxildəki bu cür dağıdıcı qüvvələri ölkəmizin əleyhinə daha da fəallaşdırmaq üçün var qüvvələri ilə çalışır, onlara ayırdıqları maliyyə yardımlarını birə-beş qat artırırlar.

Təbii ki, həqiqətlər ortaya çıxdığı üçün heç kim anti-Azərbaycan dairələrin əlində oyuncağa çevrilən bu xəyanətkarların yalanlarına inanmır. Amma məsələnin digər tərəfi odur ki, öz şəxsi ambisiyaları naminə Vətəninə, xalqına müxalifətdə dayanan, 90-cı illərdən qalma nimdaş radikal müxalifətin lidercikləri -“klaviatura qəhrəmanları” və onların trol şəbəkəsi dünyada və Azərbaycanda dəyişən reallıqlara ya uyğun reaksiya verə bilmir, ya da merkantil maraqlar naminə öz köhnə şakərlərindən və hiyləgər xəyanətlərindən əl çəkə bilmirlər. Belə yerdə Xalq şairi Bəxtiyar Vahabzadənin bir şeirindəki misraları xatırlamamaq olmur: “Neçə kərə; Tarix endi zirvələrdən dərələrə: Bu hiyləgər xəyanətlər; Tariximin neçə-neçə varağını ləkələdi, qaraladı.”