KÖŞƏ

Zahid Rza

Bir xəyanətin izi ilə…

27 dekabr 2022 23:12
9630

Və ya tarxi Azərbaycan torpağı Zəngəzur düşmənə necə verildi?

Prezident İlham Əliyev daim vurğulayır ki, qədim türk yurdu olan Zəngəzurun Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi xalqımıza qarşı törədilmiş cinayətin tərkib hissəsidir. Ölkəmizin başçısı 2010-cu il sentyabrın 16-da İstanbulda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə Toplantısındakı nitqində bu məsələ ilə bağlı bildirmişdi ki, Zəngəzurun vaxtilə Azərbaycandan alınıb Ermənistana verilməsi demək olar ki, böyük türk dünyasını parçaladı. Əgər o tarixi ədalətsizlik törədilməsəydi bu gün türk dünyası coğrafi baxımdan vahid bir məkan kimi mövcud olacaqdı.

Zəngəzur tarixən türk yurdu olub. Azərbaycanın qədim mahallarından olan bu diyar 7824 kv.km ərazisi ilə indiki Ermənistan Respublikasının Gorus, Sisian, Qafan, Mehri və Azərbaycan Respublikasının Laçın, Qubadlı, Zəngilan rayonlarını əhatə edir.  “Zəngəzur” sözü təmiz türk mənşəli toponimdir. “Zəngi” – qədim türk tayfasının adıdır və bu gün bu ərazidə yerləşən bir çox coğrafi adların – Zəngiçay, Zəngitəpə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran, Zəngişalı, Zəngi çayı, Zəngibasar, Zəngilər, Zəngan, Zəncan, Zəngilli və s. kimi kənd, çay, dağ adlarının qaynağıdır.

XI əsrdə yaşamış Qaraxani alimi və Kaşqardan olan türk dillərinin lüğətçisi Mahmud Kaşğarinin, həmçinin Fəzlullah Rəşidəddinin, Abbasqulu Ağa Bakıxanovun və digərlərinin əsərlərində, eləcə də qədim səyyahların “Səyahətnamələr”ində Zəngəzur türklərin yurd yeri kimi təqdim edilir. Ən qədim tarixi mənbələrlə yanaşı, bir çox dünya alimləri tərəfindən aparılan tədqiqat və araşdırmalar Zəngəzurun zaman-zaman Alban dövlətinin, daha sonra Sasani İmperiyası və Ərəb xilafətinin, Azərbaycan Sacilər, Salarilər və Rəvvadilərin, Atabəylərin, Hülakülərin, Cəlairilərin, daha sonra Qaraqoyunlu və Ağqoyunlu və qüdrətli Səfəvi dövlətinin, daha sonra isə Qarabağ xanlığının tərkibində olduğunu təsdiq edir.

Zəngəzurun tarixini araşdıran digər tədqiqatlarda 1905–1907 və 1918–1920-ci illərdə silahlı erməni dəstələrinin təcavüzünə məruz qalmış Zəngəzurun 115 müsəlman kəndinin talan edildiyi, yandırılaraq yer üzündən silindiyi, 4472 qadın və uşağın erməni silahlıları tərəfindən xüsusi amansızlıqla öldürüldüyü tarixi sənədlər və faktlarla sübuta yetirilir.

1920-ci ilin 10 avqustunda Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Bürosunun qərarı ilə Zəngəzur, Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazi” elan olunsa da, qərarın qəbulunda bir nəfər də azərbaycanlı iştirak etmir... Beləliklə, Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi tərəfindən 1920-ci il noyabrın 30-da keçirilən iclasın qərarı ilə Zəngəzur – sovet Ermənistanının tərkibinə verilir (pauza –musiqi).

Bu qərarın nəticəsi olaraq Azərbaycanın Naxçıvan bölgəsi ölkə ərazisindən ayrı salınır və beləliklə, Azərbaycanın Türkiyə ilə, eləcə də bütün türk dünyası ilə quru əlaqələri kəsilir.

Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin Siyasi və Təşkilat bürolarının 1921-ci il 12 yanvar tarixli “Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili” adlı qərarı ilə Zəngəzur mahalı iki yerə- qərb və şərq hissələrinə bölünür. 7824 kv.km. sahəsi olan Zəngəzurun 4505 kv.km ərazisi (Qafan, Gorus, Qarakilsə, Mehri və s.) Azərbaycandan qoparılaraq Ermənistana verilir. 1933-cü ildə isə rəsmi Moskvanın qərarı ilə Zəngəzurun rayonlara bölünməsi ilə əlaqədar Zəngəzur adı xəritədən silinir. 

1988-ci ildə təkcə Zəngəzurda deyil, Göyçədən, İrəvandan, Dərələyəzdən-indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlılar zorən Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edildi.

Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlıqdan sonra Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqində bildirib ki, 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi xalqımıza qarşı törədilən növbəti cinayət idi: “Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi”.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Bununla da Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın əsası qoyuldu.

Bəli, gün gələcək Prezidentimizin müdrik, qətiyyətli və cəsarətli siyasətinin Zəfər işığında xalqımız Qarabağa  və Şərqi Zəngəzura qayıtdığı kimi gələcəkdə İrəvana, Qərbi Zəngəzura və Göyçə mahalına da qayıdacaq.