KÖŞƏ

Zahid Rza

Riyakarlıq, şər, terror yuvası olan İran Azərbaycan xalqından üzr istəməlidir

31 yanvar 2023 01:57
7231

Azərbaycana düşmən münasibət bəsləyən İranın farsist rejimi ölkəmizin uğurlarına  daim qısqanclıqla yanaşıb. Bu ölkənin rəhbərliyi xüsusilə Qarabağ zəfərindən sonra Azərbaycana düşmənçilik münasibətini açıq şəkildə ortaya qoyub. 

Hələ keçən əsrin ikinci onilliyində -1918-ci ilin sentyabrında M.Ə.Rəsulzadə İstanbulda Azərbaycan hökuməti adından Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barəsində “İstiqlal Bəyannaməsi”ni İran konsulluğuna göndərəndə həmin sənədi geri qaytarıb yazmışdılar ki, İran “Azərbaycan adında dövlətin müstəqilliyini tanımır”. 1919-cu ildə Paris konfransında isə İran nümayəndə heyəti və onun rəhbəri, xarici işlər naziri Əliqulu xan Azərbaycan Respublikasına və bəzi digər ölkələrə ərazi iddiaları qaldırmışdı, Xəzər dənizində İranın hüquqları barəsində tələblər irəli sürmüşdü.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra İran ölkəmizə qarşı daim qərəzli münasibət nümayiş etdirib, uzun müddət respublikamızın suverenliyini tanımayıb. Təsadüfi deyil ki, “İzvestiya” qəzetinin 27 noyabr 1991-ci il tarixli sayında dərc edilən məqalədə Ə.Ə. Vilayətinin “Exo Moskva” radiostansiyasına dediyi bu fikirlər xatırladılıb: “Biz Azərbaycanın müstəqilliyini tanımaq niyyətində deyilik. Bu respublika ilə münasibətlərimiz Sovet İttifaqı çərçivəsində inkişaf etdiriləcəkdir”.

2001-ci ilin iyulunda Xəzər dənizində geoloji kəşfiyyat işləri aparan Azərbaycanın “Geofizik-3”, “Əlif Hacıyev” gəmiləri İranın hərbi təyyarələri tərəfindən təhdid edildi. Yalnız dost, qardaş Türkiyənin Azərbaycana həmrəylik dəstəyi sayəsində molla rejimi quyruğunu qısaraq ortalığı tərk edib.

Bundan başqa, 2020-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsi dövründə Azərbaycanla ortaq dəyərlərdən, dostluq münasibətlərindən dəm vuran İran Ermənistana silah göndərilməsindən tutmuş ölkəmizin təhdid olunmasına qədər respublikamıza qarşı hər cür çirkin vasitələrdən istifadə edib. Fars-molla rejimi Azərbaycanın tarixi torpaqları olan Qarabağın və Şərqi Zəngəzurun təxminən 30 illik işğalı dövründə məscidlərimizdə donuz saxlayan Ermənistana hərtərəfli yardım edib. Təcavüzkar Ermənistanın sərhədlərini özünün “qırmızı xətti” təşkil etdiyini bəyan edən mollakratiya rejimi Azərbaycan - İran sərhədinin 130 kilometri ermənilər tərəfindən işğal ediləndə isə inadkarcasına susurdu.

Nəhayət, 2023-cü il yanvarın 27-də səhər saat 08:30 radələrində avtomat silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış, farsist rejimin xüsusi xidmət orqanları ilə, daha doğrusu, SEPAH-la əlaqələri şübhə doğurmayan terrorçu Yasin Hüseynzadə Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı xain terror hücumu törətdi. Hücumun qarşısının alınması zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, iki nəfər isə yaralanıb. Səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev əliyalın şəkildə terrorçunun üzərinə atılaraq, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah edib. Şübhəsiz, terrorçu tərk-silah olunmadığı təqdirdə, səfirliyin digər əməkdaşlarını və onların səfirliyin binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağı istisna edilmir.

Prezident İlham Əliyev hadisə ilə əlaqədar dərhal “Tviter” hesabında paylaşım edərək bu xain terror aktını şiddətlə qınayıb, hücumun tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edib. Azərbaycan Prezidenti diplomatik nümayəndəliklərə qarşı terror hücumunun qəbuledilməz olduğunu bildirib: “Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də bəyanatında baş verənlərin terror aktı olduğunu qeyd edib və bu hücumla bağlı hərtərəfli təhqiqat aparılması və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Həmçinin səfirliyimizə xain hücum dünya ölkələrinin və beynəlxalq təşkilatların rəsmiləri, xarici işlər nazirləri, səfirlər, XİN təmsilçiləri, siyasətçilər və jurnalistlər tərəfindən qətiyyətlə pislənib və qəbuledilməz hesab olunub. Bəyanat, açıqlama və paylaşımlarda terror hadisəsinin tam araşdırılması və təqsirkarların cəzalandırılması tələbi ifadə edilib.

Həmçinin Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini Xələf Xələfovun mediaya açıqlamalarından məlum olur ki, səfirliyimizə qarşı hücumun “məişət hadisəsi” yox, terror aktı olduğuna dair rəsmi Bakıda məlumatlar var, bununla bağlı İran tərəfi məlumatlandırılıb.

Həmin gün səfirliyimizə hücumun yeni video görüntüləri yayıldıqca hadisənin İranın təqdim etməyə çalışdığı kimi adi cinayət olmadığı, xüsusi xidmət orqanları tərəfindən planlaşdırılaraq həyata keçirilmiş terror aksiyası olduğuna bir daha dəlalət edir. Videolardan görünür ki, terrorçu İran rəsmilərinin iddia etdiyi kimi, səfirlyə iki uşaqla gəlməyib. Gəldiyi maşını səfirliyin avtomobilinə çırpır və avtomat silahı atəşə hazır vəziyyətə gətirərək maşından düşür və binaya soxulur. Bu zaman səfirliyin girişində mühafizəni təşkil edən İran hüquq-mühafizə orqanının əməkdaşı onu sakitcə müşahidə edir və öz görəvini yerinə yetirmir. Belə təəssürat yaranır ki, həmin polis əməkdaşı silahlı hücum haqqında əvvəldən məlumatlı olub. Riyakar Tehranın polis rəisinin ilkin məlumatlarında terrorçunun yanında iki uşaq olduğu deyilirdi. Müşahidə kameralarının daha sonra yayımlanan görüntüləri isə hücum edən şəxsin tək olduğunu göstərdi. O qapıda duran İran polisinə sanki əli ilə salam edərək binaya girir. İranlı polis onu saxlamaq üçün heç bir cəhd etmir və o heç bir maneə olmadan səfirliyə daxil olur. Silahlı şəxs mühafizə xidmətinin rəisini qətlə yetirərək səfirliyin iki mühafizəçisini yaralayır.

Əslində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum uzun müddətdir ki, İranın rəsmi dairələri və kütləvi informasiya vasitələri tərəfindən Azərbaycan əleyhinə aparılan təbliğatın, düşmənçilik siyasətinin məntiqi nəticəsidir. İstənilən ölkənin səfirliyi beynəlxalq qanunlara görə həmin ölkənin ərazisi hesab olunur, odur ki, səfirliyimizə hücum da Azərbaycan ərazisinə hücum kimi qiymətləndirilməlidir. Səfirliyin qorunması məsuliyyəti ilk növbədə İranın rəsmi qurumlarının öhdəliyi olduğundan baş vermiş terror hücumuna məsuliyyəti də İran dövləti daşıyır. Ekspertlərin də söylədiyi kimi, İran kimi totalitar dövlətlərdə bu kimi hadisələrin xüsusi xidmət orqanlarının nəzarətindən kənar baş verməsi inandırıcı deyil. Bu mənada panfarsist rejimi yanvarın 27-də ölkəmizin İrandakı səfirliyində baş vermis terror hadisəsinə dəqiq münasibət bildirməlidir.

Bu gün Azərbaycan ictimaiyyətinin əsas tələbi ondan ibarətdir ki, İran məsuliyyət daşıyan dövlət kimi beynəlxalq öhdəlikləri çərçivəsində baş vermiş terror aktını hərtərəfli və təfsilatlı olaraq şəffaf şəkildə tədqiq etməlidir, cinayətkarları məsuliyyətə cəlb etməlidir, cinayətkarların arxasında duran, təşkil edən, bu cinayətin törədilməsində əli olan bütün iştirakçıları müəyyən etməlidir və onları ədalət məhkəməsinə cəlb etməklə cəzalandırmalıdır. Riyakar İranın ali rəhbərliyi Azərbaycan xalqından üzr istəməlidir.

Zahid Rza, İki sahil”