KÖŞƏ

Vəli İlyasov

Mükafat əvəzinə şapalaq...

28 oktyabr 2022 00:56
1050

Zatulin və Simonyan "pay"larını aldılar

İllər boyu Ermənistana yarınan və yaltaqlanan Zatulin və  Simonyan İrəvanda lənətlə damğalanıblar. Hər ikisi Ermənistanda arzuolunmaz şəxs-persona non-qrata elan olunublar. Şayətdi çaşıb Ermənistana gəlsələr, onları aeroportdan iti qovan kimi qovacaqlar. Bu da onların çoxillik rəzillikərinin mükafatı...

Ermənistan hakimiyyəti bir neçə gün əvvəl rəsmən Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin və jurnalist, "Russia Today" televiziyasının baş redaktoru Marqarita Simonyanın ölkəyə girişinə qadağa qoyub. Paşinyan komandası Zatulinə bildirib ki, onun təhlükəli bəyanatları və səsləndirdiyi qızışdırıcı fikirlər Ermənistana zərər vurur. Beləliklə, rusiyalı deputatın bundan sonra erməni maraqlarından danışması belə ciddi qəbul olunmayacaq. Yəni, mükafat əvəzinə şapalaq. Analoji xəbərdarlıq və qadağa Simonyana da aiddir. Yəqin ki, bu, başqalarına da bir görk olacaq. Çünki ətrafa zəhər üfürən təkcə onlar deyillər, başqaları da var.

Deməli, Ermənistan Rusiya Dövlət Dumasında və mediasında yuva salmış şovinistlərdən imtina etdi. Baş nazir Nikol  Paşinyanın bu addımının siyasi istiqamətini Qərbə çevirməsi ilə bağlı olduğu məlumdur. Lakin niyə Zatulindən və Simonyandan başladı? Axı onlar Rusiyada ciddi nüfuza və böyük postlara sahib deyillər. Deməli, başqa səbəblər və Paşinyanın biləcəkləri var. Birincisi və ən başlıcası  Zatulin Ermənistanın bəzi siyasi dairələri, xüsusilə Rusiya rəhbərliyinin rəğbət bəslədiyi, lakin Nikolun barışmaz düşmənləri olan eks-prezidentlər Koçaryan-Sarkisyan cütlüyü ilə yaxındır. Aydındır ki, hakimiyyət iddiasında olan həmin şəxslər Paşinyan üçün real təhlükə yarada bilərlər.

İkincisi, Marqarita Simonyanın rəhbərlik etdiyi media resursları Ermənistanın maraqlarını müdafiə etsə də, siyasi hakimiyyətə qarşıdır və birtərəfli qaydada hazırkı baş nazirin rəqibləri üçün geniş meydan verir.

Nikol Paşinyan anlayır ki, Rusiyanın dövlət  maraqlarına və siyasətinə bu qədər qarşı çıxdığı vaxt əks tərəfin cavab tədbirləri ilə rastlaşacaq və bu tədbirlərdən ən təhlükəlisi onun hakimiyyətinin devrilməsi ola bilər. Ona görə də gələcək  təhlükəyə qarşı ilk qabaqlayıcı tədbir olaraq Kremlin aşağı ranqlı buyuruqçularını neytrallaşdırmaq oldu. Yəni, Paşinyan "sadə"dən "mürəkkəb"ə prinsipini seçdi.

Belə başa düşülür ki, zatulinlərin, simonyanların və digər simasızların illərdir ki, Ermənistan üçün özlərini yorub-yortduqları hədər getdi. Obrazlı desək, "ətlə dırnağın arasına girən" çürüdü.

Nikol Paşinyanın non-qratasından əsəbiləşən erməni əsilli  jurnalist Marqarita Simonyan şətəlinin işlədiyi "Rossiya 1" telekanalında kəskin və ironik çıxış edib.“Ermənistan lideri sayılan Paşinyanı mənim burada tənqid etmək fikrim yoxdur. O, Vladimir Putinlə 100 dəfə də görüşsə də mənim ona qarşı fikirlərim dəyişməyəcək. Mənim fikrimcə, o, erməni deyil. Baxın, Ermənistanda hazırda nələr baş verir – orta məktəblərin ibtidai siniflərində “seksual oriyentasiya” dərsləri... Mən uşaqlıqda “seks” sözünü ucadan desəydim, məni elə vurardılar ki... Bu prosseslər ermənilərin mentalitetini dəyişməyə yönəlib. Geyparadlara, LQBT-yə Ermənistandan dəstəklər bu prossesin bir qoludur”, - deyə o qeyd edib.

Ancaq Marqarita ermənilərin mentalitetlərində olan yaramazlıqlardan söz açmayıb. O, bunlardan danışmasa da olar, çünki bütün dünya  ermənilərin alçaq xarakterlərindən və yamaq mentalitetlərindən çox şey bilir. Ermənilərin milli mentalitetləri vardı ki, bədbəxt Paşinyan onu dəyişəydi?