KÖŞƏ

Vəli İlyasov

Separatçı Əlikram Hümbətovun 23 avqust iflası

23 avqust 2022 01:16
1677

Hər il yay ayları gələndə yadımıza Gəncə qiyamı və üzdəniraq polkovniklər Surət Hüseynovun və Əlikram Hümbətovun xəyanətləri düşür. Əlbəttə, yaddan çıxarmamalıyıq ki, Surət Hüseynovla Əlikram Hümbətov Azərbaycanın ən ağır günlərində, taleyinin həll olunduğu dönəmində dövlətimiz və xalqımız üçün təhlükəli xəyanətlərə getdilər. İlan və ilana ağu verən rollarını oynayan bu şəxslər tariximizə qara səhifələr yazdılar. Onlar xarici düşmənlərimizin fitvası ilə Azərbaycanın dövlət müstəqilliyini sarsıtmaq və ölkəni parçalayıb dağıtmaq kimi alçaq məqsədə xidmət edirdilər.

İyirmi doqquz il əvvəl -1993-cü ilin isti  yay  günlərində Surət Hüseynovun qiyamından çox keçməmiş ölkəmizin cənub regionunda yeni bir münaqişə ocağı yandırıldı. Həmin ərəfədə gərginliyi daha da artırmaq Azərbaycan xalqına qarşı ən böyük cinayət olsa da onun müəllifləri satqın hərəkətlərindən çəkinmirdilər. Bu dəfə briqada komandiri olan polkovnik Əlikram Hümbətov özü kimi bir qrup separatçını ətrafına toplayaraq Azərbaycanı parçalamaq planını işə saldı. Üzdəniraq polkovnik cənub bölgəmizə daxil olan beş rayonu qoparıb həmin ərazidə bədnam “Talış-Muğan Respublikası” "düzəltmək" üçün Ermənistan işğalçılarına qarşı vuruşmalı olan briqadanı döyüşdən çıxararaq Lənkərana geri çəkdi. Briqadanın müdafiə etdiyi mövqelər boş qaldı. Bu, elə bir vaxt idi ki, qarmaqarışıqlıqdan istifadə  edən Ermənistan qoşunları rayonlarımızı biri-birinin ardınca işğal edirdi. Tabeliyindəki canlı qüvvəni, artilleriyanı və zirehli texnikanı döyüşdən geri çəkən Əlikram Hümbətov bu xain hərəkəti ilə Azərbaycana arxadan zərbə vurdu.

Xatırladaq ki, 1993-cü il avqustun 7-də separatçı Əlikram Hümbətov Azərbaycanı parçalamaq məqsədilə qondarma “Talış-Muğan Respublikası”nı (TMR) “yaratdı“. Bu ideya hələ iyunun 21-də bir qrup separatçı ilə keçirilən toplantıda Ə. Hümbətov tərəfindən irəli sürülmüşdü.

Xalqın təkidli tələbi ilə yenicə hakimiyyətə gəlmiş ümummilli liderimiz Heydər Əliyev  separatçılara  silahı yerə qoyub  məsələnin danışıqlar yolu ilə nizama salınmasını təklif etsə də  üzdəniraq polkovnik cinayətkar əməllərini yenidən davam etdirdi. Vəziyyətin daha da gərginləşdiyini görən Heydər Əliyev televiziya ilə çıxışında cənub bölgəsinin əhalisinə müraciət etdi. Həmin tarixi müraciətə on minlərlə insan səs verdi. Əhali əlikramçılara qarşı birləşərək ayağa qalxdı.  Avqustun 23-də isə separatçılar çirkin niyyətlərini sonadək həyata keçirə bilməyərək ifşa olundular. Onların bir çoxu inzibati orqanlar tərəfindən həbs edildi, digərləri isə Rusiyaya və digər xarici ölkələrə qaçdılar.

Vurğulamaq lazımdır ki, Azərbaycanın müstəqilliyini gözü götürməyən bəzi xarici dairələr əlikramçılara gizli dəstək verir, onları ruhlandırırdılar. Separatçıların məğlubiyyəti  ərəfəsində onlara məxsus bəzi qəzet və  internet səhifələrində Ə. Hümbətov və onun tərəfdarlarının “qəhrəmanlıq“larından bəhs edən yazılar yerləşdirilirdi. Üzərində Ə. Hümbətovun şəkli əks olunmuş qondarma “Talış-Muğan Respublikası”nın “xəritəsi”  isə onların  səhifələrində manşetlərə çıxarılırdı.  Onu da qeyd edək ki, ifşa olunduqdan sonra Rusiyaya qaçan separatçılar müxtəlif internet saytları açaraq Azərbaycanın müstəqilliyinə qarşı çirkin təbliğata başlamışdılar. Azərbaycanda guya 2 milyondan (?) çox talışın hüququnun pozulduğunu önə çəkən separatçılar qondarma respublikanı yaratmaqla onları azadlığa çıxaracaqlarını vəd edirdilər. Onlar  həmişə  kənar qüvvələrin diktəsi və köməyi ilə Azərbaycanda qarşıdurma yaratmağa cəhd göstərirdilər.  Hətta illər keçəndən sonra da Əlikram  Hümbətovun separatçıları hər il  özlərinə  məxsus  internet saytında avqustun 23-nü yad edir və qondarma “Talış-Muğan Respublikası”  uğrunda separatçıların göstərdikləri  “qəhrəmanlıq“lar xatırlanır.  Onlardan fərqli olaraq həmin günlərin xronikasına  ötəri nəzər yetirək. 

...Əlikram Hümbətov avqustun 7-də saat 14:00-da Bakıya bir ultimatum  göndərdi. “Talış-Muğan Respublikası “ yaratdığını”  bəyanlamaqla rəsmi Bakının onunla hesablaşmasını tələb etdi.  Təbii ki,  onun belə bir mövqedən çıxış etməsi respublikanın cənub bölgəsində yaşayan talışların  böyük əksəriyyətinin hiddətinə səbəb oldu. Əhalinin ayağa qalxdığını görən Ə. Hümbətov Cəlilabad, Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara rayonlarında kütləvi repressiyalar həyata keçirdi. Cəlilabad Rayon Prokurorluğunun binası mühasirəyə alındı, ayın 11-də isə Astara rayon prokuroru Sahib Süleymanov və polis idarəsinin rəisi İbrahim Quliyev Əlikram Hümbətovun quldur dəstəsi tərəfindən oğurlandı. Masallı rayon prokurorunun müavini Mircavan Kazımov separatçılar tərəfindən həbs edildi. Pul əldə etmək məqsədilə imkanlı şəxslərin övladları oğurlanıb Ə. Hümbətovun zirzəmisinə salınırdı. Qorxuya düşmüş əhali həmin ərəfədə evindən bayıra çıxmağa belə cürət etmirdi. Özünü sərbəst aparan və daha da həyasızlaşan Ə. Hümbətov ikinci dəfə rəsmi Bakıya ultimatum göndərdi.
Xatırladaq ki,  Lənkərandan çıxarılan Rusiyaya məxsus “N“ saylı hərbi hissənin silah anbarlarının və hərbi texnikasının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə deyil, Ə. Hümbətovun tabeliyinə keçməsi bəzi qaranlıq məqamlara aydınlıq gətirdi.  Ölkənin sabiq müdafiə naziri Rəhim Qazıyevin tez-tez Lənkərana gedib Ə. Hümbətovla guya danışıqlar aparması isə gərginliyi azaltmadı, əksinə,  daha da artırdı. Sonra məlum oldu ki, sən demə, Rəhim "ələkçinin qəzilverəni" imiş.

1993-cü il avqustun 12-də birləşmiş satqınlar-Rəhim Qazıyevlə Əlikram Hümbətov məsələni aydınlaşdırmaq üçün ulu öndər Heydər Əliyevin yanına gəldilər. Rəhim Qazıyevin Ə. Hümbətovun ultimatumunda göstərilən maddələrin qəbul olunmasını Heydər Əliyevdən xahiş etməsi aydın göstərirdi ki, müdafiə naziri separatçının mövqeyini dəstəkləyir. Avqustun 13-də Heydər  Əliyevin yanında keçirilən müşavirədə  talışların ağsaqqallarının və nüfuzlu şəxslərin  Ə. Hümbətovu Azərbaycanı parçalamaqda ittiham etmələri  separatçıların planını alt-üst etdi. Talış ağsaqqallarının da artıq rəsmi Bakıdan separatçılar barədə qanun çərçivəsində ölçü götürülməsini tələb etdiklərini görən Rəhim Qazıyev dərhal  “qeybə“ çəkildi...
 Məlum hadisələrdən sonra 1995-ci ildə Azərbaycandan qaçıb Rusiyada gizlənən qondarma “Talış-Muğan Respublikası”nın  “Milli Məclis”inin sədri, Əlikramın “sağ əli” Fəxrəddin Abbaszadənin “tolishpress“ agentliyinə verdiyi müsahibəsindən aydın olur ki, o, xalqına qarşı tutduğu yoldan heç vaxt dönmək fikrində deyil.  Azərbaycanı parçalamaq istiqamətində yenə də “qızğın” fəaliyyət göstərir. Sankt-Peterburqda ayda 2 dəfə rus, talış və türk dillərində nəşr edilən “Tolış“ qəzetinə rəhbərlik edən bu şəxsin xalqımıza qarşı tutduğu destruktiv mövqeyi yazılarında açıq  hiss olunur. 
Separatçıların internet saytlarında yer adları dəyişdirilərək Lənkəran - Lankon, Lerik - Lik, Astara isə Ostoro adlandırılıb. Separatçılar dünyanın müxtəlif bölgələrində yaşayan talışlara və eyni zamanda, Azərbaycanın parçalanmasında maraqlı olan separatçı kürd və ermənilərə, o cümlədən bir sıra beynəlxalq təşkilatlara ünvanladıqları müraciətlərdə həyasızcasına Azərbaycanda onların hüquqlarının tapdandığını iddia edirlər. Bu separatçı şəxslər  Ermənistanda müxtəlif mövzularla bağlı keçirilən “dəyirmi masa“ və forumlara qatılaraq açıq-aşkar öz “tarix“lərini bərpa etmək istiqamətində çalışdıqlarını bildirirlər.

Azərbaycan vətəndaşlığından çıxarılandan sonra separatçı qiyamçı Əlikram Hümbətov dəfələrlə İrəvana və Xankəndiyə gedərək erməni “qardaşları” qarşısında Azərbaycan əleyhinə çıxışlar etmişdir. O, Azərbaycan xalqının düşmənləri ilə əlbir olaraq öz alçaq əməllərini indi də davam etdirir. Oğlu ilə İrəvan Dövlət Universitetində "mühazirə"lər oxuyan Hümbətov bütün "dərs"lərini Azərbaycana qarşı düşmənçilik ruhunda aparır. Aparsın.  Ancaq unutmasın ki, yel qayadan heç nə apara bilməz.

Əlikram  Hümbətov və onun kimiləri isə lənətlənərək  artıq çoxdan tarixin  zibilliyinə atılmışlar. Ancaq Vətən xainlərinin əməlləri yaddan çıxmamalıdır və çıxmır. Gələcək nəsillərimiz dostunu, düşmənini tanımalıdır. Təkcə onu demək qalır ki, Azərbaycanın çörəyi belələrinə haram olsun!