KÖŞƏ

Vəli İlyasov

Könlüm keçir Qarabağdan...

20 avqust 2022 01:49
1685

Ölməz şairimiz Səməd Vurğunun bu misralarını ustad xanəndəmiz Xan Şuşinskinin ifasında dinləyəndə özümüzü sanki Qarabağda, uca bir dağın zirvəsində  hiss edirik. Bu bölgə Azərbaycanın ən zəngin flora və faunası olan, ən gözəl guşəsi kimi cəlbedicidir. Şübhə yoxdur ki, Qarabağda törədilən erməni vəhşilikləri aradan qaldırılandan sonra bu cənnət diyar yenidən gözəlliklər məskəninə çevriləcək, insanlara "gəl-gəl" deyəcəkdir. Qarabağımız əvvəllər də turistlərin həvəslə gəldikləri və dincəldikləri məkan olub.  Məsələn, Kəlbəcərdəki müalicəvi isti su keyfiyyətinə və müalicəvi təsiri baxımından  Karlovı-Varıdakı isti sudan da üstündür. Dünyanın ən qədim insan məskənlərindən biri olan Azıx mağarasını görmək alimlər üçün nə qədər vacibdirsə, adi adamlar üçün də bir o qədər maraqlıdır. Kəlbəcərdəki yaşı min ili keçən Xudavəng monastrı həmçinin.

Ancaq bu yerlər Ermənistan tərəfindən işğal olundu, otuz il tapdaq altında qaldı və qonaqları perik düşdü.  Bu müddətdə Azərbaycana gələn xarici turistlərin böyük əksəriyyəti Qarabağı ziyarət edə bilmədilər. Yerli turistlər, gözəl məkanların dadını-duzunu bilənlər isə bu yerlərə həsrət qaldılar.

Bu səbəbdən illər boyu Azərbaycana gələn turistlərin 80 faizi Bakı şəhərinə üstünlük verirdilər. Bu o deməkdir ki, ölkəyə gələn hər 100 turistdən yalnız 20-si Bakıdan kənara, rayonlara gedirdi. Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qəbələdir. Azərbaycana gələnlərin 6,2 faizi sözügedən rayonda qalıblar. Bütövlükdə tursitlərin 4,5 faizi Qusarda, 3,1 faizi Qubada, 2,3 faizi Naftalanda, 1,1 faizi Şabranda, 0,7 faizi Naxçıvan Muxtar Respublikasında, 2,2 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qonaq olublar.

Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmir. Bu da xarici turistlərin cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək, keyfiyyət isə hələ də standartlardan geri qalır. Bölgələrimiz xarici turistləri niyə cəlb edə bilmir? Turistlərin Azərbaycanın füsunkar təbiətə malik bölgələrinə üz tutmasına əngəl olan nədir?

İnsafən, son zamanlar bir sıra qabaqcıl, yeni yaranan turizm destinasiyalarına - Qəbələ, Şəki, Lənkəran, Qusara səfər edən turistlərin sayı artıb. Bunun səbəbi odur ki, hansı regionun infrastrukturu daha çox təkmilləşib və beşulduzlu və yüksək komfortlu hotellər inşa edib, əyləncə, sağlamlıq-idman mərkəzləri yaradıblarsa, o regionlara xarici turistlər daha çox gedir.

 Turistlərin istirahətini düzgün təmin etmək üçün zəruri şərait, infrastruktur və texniki təminat mütləq olmalıdır. Əks halda yalnız təbiətə görə heç kəs infrastrukturu olmayan yerə üz tutmaz. Doğrudur, bəzən yalnız təbiətə görə gedən insanlar da olur ki, ancaq onlar azlıq təşkil edir. Kütləvi turistlərin böyük qismi komfort axtarır, hər bir şəraitə malik olan yerdə istirahət etmək istəyir.

Təəssüf ki, bölgələrimizdə turizm agentlikləri azdır. Məsələn, bu gün bölgə üçün hansısa tur-paket satılırsa, ora Bakıdan bələdçi, sürücü getməlidir ki, bu da qiymət artımına səbəb olur. Əgər turist əcnəbi olarsa, o halda tərcüməçi də gərəkdir.

Özəl turizm şirkətlərinin formalaşması çətin olsa da, ancaq çox əhəmiyyətli olar. Yerli əhali öz yaşadığı ərazini daha yaxşı tanıyır. Bu baxımdan  şirkətdə iş yeri tapsa onun üçün rahat olar. Bu, həm də regionların sosial-iqtisadi inkişafına təkan verən amillərdən biridir. Çünki problem təkcə turizm agentlikləri ilə bitmir, bölgələrdə nəqliyyat şirkətləri, burada bələdçilik xidmətləri göstərən ekskursiya büroları və ya xarici dillər bilən və sərbəst işləyən bələdçilər formalaşa bilər. Hələ ki, bu prosesin zəif inkişafı müşahidə olunur. Artıq bir neçə regionda beynəlxalq status daşıyan hava limanları var. Şübhəsiz ki, yaxın gələcəkdə onların potensialından tam istifadə ediləcəkdir. Həmin aeroportlar xaricdən gələn turistlər üçün daha ucuz və rahat olacaqdır.

Yeri gəlmişkən, Dövlət Turizm Agentliyinin məlumatına görə, ölkədə turistlərin gecələmələrinin hələlik 11,1 faizi işğal altında qalmış ərazilərin payına düşüb: “Bunu nəzərə alaraq rəsmi açıqlanan və ehtimal edilən göstəricilərin qiymətləndirmələrinə əsasən, ölkə ərazisinin 20 faizinin 30 il müddətində işğal altında qalması nəticəsində həmin ərazilərə 33 milyon turist səfər edə bilməyib. Eyni zamanda, turizm üçün xarakterik sahələrdə ÜDM istehsalı üzrə zərər 5 milyard ABŞ dollarından artıq olub”, - agentliyin məlumatında qeyd olunub.

İşğal zonaları abadlaşdırılandan sonra bu rəqəmin daha yüksək olacağına şübhə yoxdur. Yaxın gələcəkdə Şuşa, Kəlbəcər və Laçın kimi təbiəti gözəl olan dağlıq rayonlar turistlərin ən çox üz tutduqları məkanlar olacaq. Qarabağa və digər ərazilərimizə turist axını bu regionların inkişafına əsaslı təsir göstərəcək, bölgə əhalisinin işlə təminatına müəyyən qədər şərait yaradacaq. Qısaca desək, turizmin inkişafı ölkəmizin ümumi inkişafına sanballı töhfə verəcəkdir. Bundan əlavə, beynəlxalq arenada Azərbaycanın dostlarının sayı xeyli artacaqdır.