KÖŞƏ

Vəli İlyasov

Sarsaq Şerinin naqqallığı

02 aprel 2022 02:38
1265

və yaxud quduzluq virusuna yoluxan daha bir rus hoqqabazı

Azərbaycanın daşı ağırdır, ona görə də bir çoxlarının başına düşür. Mixail Delyagindən sonra kimsənin dəlilik etməyəcəyini düşündüyümüz halda daha birisi peyda olaraq başından böyük qələtlər qırmağa başlayıb. Təəccüblüdür ki, başını başlara qoşmağa çalışan eks-deputat hazırda özünün heç kim olduğunu unudaraq özündə  iki ölkəni birdən hədələməyə cürət tapıb. Özü də necə ölkələri! Yaponiya kimi dünya nəhənglərindən birini və Azərbaycan kimi dünyada söz sahibini. Görəsən nə olub bunlara, bəlkə bir-birinin ağzına tüpürürlər? Bilmirik. Onu bilirik ki, Rusiyanın müharibə apardığı bir vaxtda daha iki ölkəni hədələmək, ciddi “xəbərdarlıq” etmək cuvallağılıqdan başqa heç nə deyil.

Rusiya Federasiyası  Dövlət Dumasının Müdafiə komitəsi sədrinin keçmiş müavini Aleksandr Şerin Azərbaycan və Yaponiya haqqında ittihamlar səsləndirib: “Kimsə Rusiyanın güclü və zəif tərəflərini hiss etməyə çalışırsa, o zaman yaxşı işləyən “Kalibr” və “İskəndər”lər hiss edəcəklər. Hazırki prosesdə fürsətdən istifadə edən bəzi dövlətlər hiyləgərcəsinə Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışır. Bəzi həll olunmamış ərazi məsələləri ilə bizi şantaj edirlər. Bununla bağlı həm Yaponiyadan, həm də Azərbaycanın nazirlik və idarələrindən müvafiq bəyanatlar verilir. Mən Tokio və Bakıya xəbərdarlıq edirəm. Rusiyanın müxtəlif istiqamətlərdə və dövlətinin sərhədlərində öz ölkəsinin tam təhlükəsizliyini təmin etmək üçün bütün qüvvə və vasitələri var. Əgər kimsə bizim döyüş effektivliyimiz və dövlətimizin Ukrayna istiqamətində qüdrəti barədə nəticə çıxarmağa çalışırsa, demək istəyirəm ki, ehtiyatlar hətta cəlb olunmayıb, ən güclü silah növləri isə hələ istifadə olunmayıb”.

Azərbaycan Rusiya ilə müttəfiqlik Bəyannaməsi imzalağı halda Saşanın bu hərzə-hədyanları qətiyyən başa düşülən deyil. Əgər Dumada daha bir neçə  belə düşünən deputat varsa, onda vay o Dumanın halına!

Xatırladaq ki, bu, son günlər Rusiyadan Azərbaycana qarşı səsləndirilən ikinci hədədir. Bundan əvvəl Dövlət Dumasının üzvü, iqtisadi siyasət komitəsinin sədr müavini  Mixail Delyagin həddini aşaraq "Rossiyya 24" dövlət televiziyasındakı çıxışında Bakının neft infrastrukturunu nüvə bombaları ilə vurmağa çağırış etmişdi. Nəyə görə? Azərbaycan Ordusu hissələrinin dislokasiya olunan yerlərini dəyişməyə görə. Heç dəxli varmı? Əlbəttə, xeyr! Bu axmağın bəyanatı Rusiya Prezidentinin mətbuat katibi  Dmitri Peskov və Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova tərəfindən yolverilməz adlandırılmışdı. Daha sonra Mişa Delyaginə başından böyük qələt elədiyi başa salınaraq Azərbaycandan üzr istəməyə məcbur edilmişdi. Buna baxmayaraq Azərbaycanın Baş Prokurorluğu onun barəsində 3 maddə ilə cinayət işi açıb, beynəlxalq axtarışa verib.

Görünür, Aleksandr Şerin bundan ibrət dərsi almayıb. Bu donqili hələ bilmir ki, ondan da betər xox gələnləri çox görmüşük və lazımınca yola salmışıq. Saşa və Mişa qanmalıdırlar ki, Azərbaycan öz ərazisində gördüyü iş üçün kimlərəsə hesabat vermir və onların sayıqlamaları köpəyin ulduza baxıb hürməsindən başqa bir şey deyil.  Öz ölkəsində heç kim olan bu adamın yekəbaşlığı hamımızı əsəbiləşdirir, incidir və küsdürür. Odur ki, ona da həddini aşdığını başa salmaq, söylədiyi hədələrə və axmaq laflara görə Azərbaycandan üzr istəməyə məcbur etmək lazımdır. Belə yerdə başqalarına diş qıcıdan köpəyi kötəkləmək daha məqbul addım olardı…