KÖŞƏ

Vəli İlyasov

Jirinovski itdi, Delyagin bitdi...

31 mart 2022 01:32
1131

Görünür, İrəvan konyakının təsirindəndir ki, bu üzdəniraq deputat başından böyük danışır

Rusiyanın bəzi ermənipərəst telekanallarının sırtıq aparıcıları və həyasız qonaqları efirdə özlərini o qədər sərbəst aparırlar ki, hətta vətəndaşı olduqları dövlətin siyasətinə və prezidentin qərarlarına qarşı çıxmaqdan belə çəkinmirlər. Əslində bu, demokratiya və söz azadlığı deyil, ilk növbədə məsuliyyətsizlik, qatı şovinizm, boşboğazlıq, özbaşınalıq və xaosdur. Delyagin və züy tutanları nə qədər üz bahəm ediblərsə özlərini Ermənistanın vəkili, Azərbaycanın isə cəlladı kimi aparırlar. Görəsən, gicbəsər hərəkətlərinə və sarsaq söhbətlərinə nəzarət edə bilməyən, dövlət başçısının əleyhinə gedən və sirk meymunlarını xatırladan bu şəxslər kimə güvənirlər? İnsanları incidən, əsəbiləşdirən, qərəzli və axmaq hərəkətlərindən xəbərləri varmı?

Mətləb üstünə gələk. Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin Azərbaycanı bombalamaqla hədələyib. İki gün əvvəl Rusiyanın “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramının canlı efirində çıxış edən Delyagin qızışıb həddini aşaraq Azərbaycanın neft sənayesini atom bombası ilə bombalamağa hazır olduqlarını bəyan edib.

O, hirs- hikkə ilə bildirib ki, guya Azərbaycan Rusiya üçün böyük təhlükədir və Bakı cəzalandırılmalıdır. Görün bu adam ağlını nə qədər itirib. Boyundan yuxarı hoppanmaq iddiasında olan deputat elə sərt qırımla danışır ki, sanki Rusiyanın rəhbərləri bunun dedikləri ilə oturub-dururlar. O, burnunun ucundan uzağa baxmayaraq Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqliyə dair Bəyannaməyə belə hörmət etmədən, Rusiya-Türkiyə münasibətlərinə məhəl qoymadan, insana məxsus abır-həya hissini itirərək tərbiyədən uzaq ifadələr işlədib.

Bütün dünya bilir ki, Azərbaycanla Türkiyə bir etnosun qurduğu iki dövlətdir. İki dövlət arasında Şuşa Bəyannaməsinin imzalanıb qəbul edildiyi və artıq qanuni akt olduğu da beynəlxalq ictimaiyyətə sirr deyil. Belə olan halda Delyaginin özünü kloun kimi aparmasına ehtiyac varmı?!

Ağzından ətrafa üfunət yayan Delyagin efirdə Qarabağ mövzusunu qaldırıb, Bakını regionda münaqişəni bərpa etməkdə ittiham edib. O, üçtərəfli Bəyanatın müddəalarının məhz Ermənistan tərəfindən pozulduğunu qulaqardına vuraraq öz çirkin niyyətlərini səsləndirib. Həddini aşan deputat bildirib ki, guya Azərbaycan Ankaranın “qanadının” altındadır, bu isə Rusiya üçün real təhlükə yaradır. Bu ifadələri ilə lap sələfi Jirinovskiyə oxşayır. Ancaq gicbəsərlikdə onun arxasından beş təpik vurub.

Başabəla deputat sözügedən sərsəm çıxışında vurğulayıb ki, bu gün Rusiya Federasiyasının Azərbaycan neftinə ehtiyacı yoxdur. O, Bakını açıq şəkildə təhdid edib: “İndi zaman çox həssasdır. Onlar sözlərlə anlamaq istəmirlərsə, hərəkətlərlə anlamalı olacaqlar”. Buna isə dəlilikdən savayı başqa ad qoymaq olmur.

Delyaginin sərsəmləməsini təsdiqləyən və ilana ağu verən “media tətikçisi” Olqa Skabayeva da Azərbaycana “çoxlu suallar”ın olacağını deyib. Bu “suallar”ın müəllifi Olqa görəsən niyə sual vermir ki, mən kiməm, səlahiyyətim haraya qədərdir?  Başa düşmür ki, onun suallarına Azərbaycanda “İt hürər, karvan keçər” cavabını verəcəklər. O. Skabayeva ilk dəfə deyil ki, həddini aşan və media etikasına zidd olan anti-Azərbaycan çıxışlar edir. O, hələ 44 günlük müharibə zamanı da bu cür murdar mövqeyi ilə yadda qalıb.

Qəribədir ki, ali təhsilə, uzun illərin əmək təcrübəsinə malik, tarixi, hüququ, beynəlxalq qaydaları, qanunu yaxşı bilməli olan bu adamlar bunları unudub ya keçmiş Bakı qoçuları, ya da özlərinin “vor zakon”ları kimi danışırlar. Ot tayasında iynəyə oxşayan Delyaginin, hansısa əyri ağzına gücü çatmayan Skabayevanın utanıb-qızarmadan bütöv bir xalqın heysiyyatına toxunub onun dövlətinin daxili işlərinə burun soxmaları  yalnız təəccüb və heyrət doğurur. Həm də sadəcə burun soxmaq deyil, Azərbaycan xalqını hədələməklə Rusiya dövlətinin nüfuzuna və xarici siyasətinə ləkə gətirirlər. Dövlət başçısının mövqeyindən danışmağın və hökm verməyin adı nədir görəsən?!  Bu qədər qabalıq, tərbiyəsizlik, saymazlıq və hədsizlik olarmı? İndiki dolaşıq zamanda dövlətlərarası vəziyyəti gərginləşdirmək bunların nəyinə gərəkdir? Bəlkə onlar Rusiyanı daha ağır duruma salmağa çalışırlar. Üstəgəl ölkəsinin Ukrayna ilə ağır müharibə apardığı bir dövrdə. Yəni, bu Delyaginin bədəni bilmir ki, başı nə danışır. Belə məlum olur ki, adları çəkilən zatlar sovet  imperiyasının ölümgətirən tiryəkinin iyindən hələ də yaxa qurtarmayıblar. Ona görə də şovinist bolşevik nəvəsi Delyagin ağına-bozuna baxmadan ağzına gələni çərənləyir.

“Axırıncı aşırım” filmindəki Kərbəlayi İsmayıl demişkən:-a gədə hey, qanmadığın sözü danışma!

Deyilənə görə, Delyagin ciddi səhvə yol verdiyini anlayıb və Azərbaycan xalqından üzr istəyib. Bunca düşmən mövqe göstərən, sonra peşman olduğunu bildirən Delyaginin üzrü başına dəysin. İndi siz deyin:-Onu bağışlamaq olarmı? Bir əhəmiyyətli məsələni qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Mixail Delyaginin mövqeyinin Kremlin mövqeyinə uyğun olmadığını da bildirib. Eyni fikri Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da təkrarlayıb. Hər ikisi Delyaginin söylədiklərinin onun özünəməxsus lafları olduğunu vurğulayıblar. İnanaqmı?