Dopinqlə Mübarizə üzrə Müstəqil Təşkilat (AIU) rusiyalı atlet Yelena Laşmanovanı iki il müddətinə yarışlardan kənarlaşdırıb.
“İki sahil” xəbər verir ki, buna 30 yaşlı idmançının antidopinq qaydalarını pozması səbəb olub.
Diskvalifikasiya 2021-ci il martın 9-dan hesablanacaq. Laşmanovanın 2012-ci il fevralın 18-dən 2014-cü il yanvarın 3-dək olan nəticələri ləğv olunacaq.
Təcrübəli atlet bu müddətdə London-2012 Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb, həmçinin 20 km məsafəyə yürüşdə dünya çempionu olub. Laşmanova bu medallardan məhrum ediləcək.