19 mart 2022 16:13
1005

Beynəlxalq yarışlarda idmançılarımız yüksək göstəricilər nümayiş etdirirlər

Gənc idmançılarımız Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında qazandıqları möhtəşəm uğurlarla Azərbaycanı layiqincə təmsil etdilər. Nəticələrə əsasən idmançılarımız 7-si qızıl olmaqla ümumilikdə 16 medal qazanaraq komanda hesabında birincilik əldə etdilər.

Azərbaycanda həm böyük nəsilin, həm də gənc nəsilin idmana yiyələnməsi dövlətin əsas hədəflərindən biridir. Məhz bu səbəbdən keçirilən beynəlxalq yarışlarda idmançılarımız yüksək göstəricilər nümayiş etdirirlər. Bu isə Azərbaycanın idman dövləti olaraq yüksək potensialından və ölkədə idmanın uğurlu inkişafından xəbər verir.

Keçirilən yarışmada ölkəmizin dövlət himni qürur mənbəyimiz olan idmançılarımızın əzmkarlığı sayəsində Avropa məkanında yeddi dəfə səsləndirildi. Azərbaycan vətəndaşları bu qürurlu anları yüksək çoşğu ilə qarşıladılar. Çünki, Avropa məkanında, qitənin qabaqcıl dövlətlərinin rəqabətcil idmançıları arasında birincilik əldə etmək növbəti tarixi qələbədir.

Qeyd etmək lazımdır ki, güləş Azərbaycanda idmanın digər növləri baxımından xüsusi əhəmiyyətə malikdir. Milli idman növü olan güləş tarixən nəsildən-nəslə keçərək öz ənənələrini gənclərə aşılamış, Azərbaycanın dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevrilməsində önəmli rol oynamışdır. 7-ci Avropa çempionatında 34 Avropa ölkəsi arasındam birinci yerə sahiblənmək, bu tarixi və milli mirasın gənc nəsil tərəfindən yüksək səviyyədə mənimsənilməsinin göstəricisidir.

Əllbətdəki, güclü idman potensialının əsasında dövlətin idmançılara yaratdığı yüksək səviyyəli şərait önəmli əhəmiyyət kəsb edir. Bölgələrdə formalaşdırılan idman infrastrukturundan kütləvi şəkildə istifadə əsas prioritet istiqamətlərdən biridir. Bu gün Azərbaycanın hər bölgəsində yüksək standartlara cavab verən idman kompleksləri var. Həmin idman ocaqlarının məqsədi bölgələrdə istedadlı və bacarıqlı gənc nəslin nümayəndələrini idmana fəal şəkildə cəlb etməkdir. Həyata keçirilən uğurlu idman siyasəti nəticəsində gənc nəsil xüsusi qayğı ilə əhatə olunaraq, yüksək standartlara cavab verən idman komplekslərində öz üzərilərində çalışır, yarışlara böyük məsuliyyətlə hazırlaşırlar.

İdmana bu səviyyədə önəmin verilməsi gənclərdə vətənpərvərlik kimi yüksək keyfiyyətin formalaşdırılması ilə birbaşa bağlıdır. Vətən müharibəsində gənc nəslin vətənə olan bağlılığı və sevgisi möhtəşəm qələbənin əldə olunmasında müstəsna rol oynadı.

Təəssüflər olsun ki, Azərbaycan 30 ilə yaxın bir dövrdə beynəlxalq arenada ictimai-siyasi cəhətdən məğlub olkə kimi təmsil olunurdu. Müstəqilliyimizin ilk illərində ölkəmizin rəhbərliyində təmsil olunan antimilli xəyanətkarlar, gəncləri vətənpərvər ruhda yetişdirmək əvəzinə onları siyasi oyunların qurbanına çevirmişdi. Aparılan başıpozuq, yarıtmaz siyasət gəncləri ölkənin çətin vaxtlarında bir yumruq şəkilində birləşməsinin qarşısını alırdı. Ancaq Azərbaycan xalqı daim öz qəlbində qalib ölkə amalını yaşadırdı. Ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımı, etnik təmizləmə siyasəti öz layiqli cavabını almalı idi. Xalqımız bu tarixi ədalətsizliyə son qoymaq üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında milli birlik nümayiş etdirərək düşmənin layiqli cəzasını verdi.

Azərbaycanda son 20 ildə formalaşmış gənc nəsil ona görə xoşbəxtdir ki, həmin nəslin nümayəndələri məsuliyyətli, dəqiq və uzaq görən siyasətin himayəsi altında öz ölkəsinin qalib dövlətə çevirilməsinə tarixi şahidlik etdilər. Artıq idmançılarımız beynəxalq yarışlarda qürur və fəxarət hiss ilə, müzəffər xalqın nümayəndəsi olaraq ölkəmizi təmsil edirlər. Lakin, qazanılan böyük qələbədən sonra, azad edilmiş torpaqlarımızda bərpa və yenidənqurma işlərinin getdiyi dövrdə, bu ərazilərin idman potensialı da inkişaf etməlidir. Həmin ərazilərin hazırlanmış yeni Baş planlarında idman komplekslərinin inşası istiqamətində addımların atılması geniş şəkildə öz əksini tapmışdır.

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini