KÖŞƏ

Vəli İlyasov

Həyasız  “Hayastan” və şərəfsiz “Mənim şərəfim” partiyaları kimi boykot etdi?

03 mart 2022 23:29
1121

Ermənistanda yanvar ayından prezident vəzifəsi uğrunda başlanan və qapalı surətdə davam gedən mübarizənin nəticəsi məlum olub. Martın 2-də Ermənistan parlamentində yeni prezidentin seçilməsi ilə bağlı gizli səsvermə başa çatıb. Təftiş Komissiyası martın 3-də səhər saatlarında seçkinin nəticələrini açıqlayıb.

Bildirilir ki, hakim “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyası prezident postuna yekdilliklə Vahan Xaçaturyanın namizədliyini irəli sürüb. O, prezident postuna yeganə namizəd olub. Çünki parlament müxalifəti vakant posta başqa namizəd irəli sürməyib. Üstəlik, bu postdan əllərinin çıxdığını görən parlamentdəki müxalif cığal və həyasız “Hayastan” və şərəfsiz “Mənin şərəfim” fraksiyaları müzakirəni boykot ediblər.

Səsvermədə 107 deputatdan 71 nəfəri iştirak edib. Onların hamısı hakim partiyanın və onun tərəfdarlarının nümayəndəsi olub. Xaçaturyanın namizədliyi yekdilliklə dəstəklənib.

Konstitusiyaya görə, respublika prezidenti deputatların ümumi sayının azı dörddə üçünün səsini toplayan namizəd seçilir. Əgər respublika prezidenti seçilməsə birinci turda iştirak etmiş bütün namizədlərin iştirak edə biləcəyi seçkilərin ikinci turu keçirilir. İkinci turda deputatların ümumi sayının azı beşdə üçünün səsini toplayan namizəd respublika prezidenti seçilir. Əgər o vaxt da respublika prezidenti seçilməzsə, ikinci turda ən çox səs toplamış iki namizədin iştirak edə biləcəyi seçkilərin üçüncü turu keçirilir. Üçüncü turda deputatların ümumi sayının səs çoxluğunu toplayan namizəd prezident seçilir. Beləliklə, Vahan Xaçaturyanı Ermənistan Respublikasının yeni prezidenti vəzifəsinə seçilib.

Bəs Vahan Xaçaturyan kimdir?  O, 1959-cu ildə Sisyanda anadan olub. Ali təhsillidir, ixtisasca iqtisadçıdır. Bir sıra orta vəzifələrdə çalışıb. Aktiv siyasi fəaliyyət göstərməyib. Davakar “Qarabağ klanı”na qoşulmayıb və ikinci erməni dövlətinin yardılması ideyası ilə çıxış edənlərə dəstək verməyib. 1995-1999 –cu illərdə Ermənistan parlamentinin deputatı olub. 1996-1998 –ci illərdə Ermənistan prezidentinin müşaviri postunu tutub. 2000-ci ildə “Armat” Demokratiyanın və Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Mərkəzinin təsisçi üzvü, 2002-ci ildə Siyasi Elmlər, Hüquq və İqtisadi Araşdırmalar Mərkəzinin vitse-prezidenti olub. 2019-2021-ci illərdə “Armeneconombank” ASC-nin İdarə Heyətinin üzvü olub. 2021-ci il avqustun 4-də Ermənistan Respublikasının yüksək texnologiyalar sənayesi naziri təyin edilib. Ailəlidir, iki övladı var.

Artıq Ermənistan əhalisində belə fikir yaranıb ki, müharibə istəməyən bir şəxs prezident seçilibsə, deməli, yaxın vaxtda ölkədə müəyyən müsbət dəyişikliklər olacaq. Ən başlıcası isə qonşu Azərbaycanla və Türkiyə ilə uzun illər dövlət səviyyəsində davam etdirilən düşmənçilik münasibətləri xeyli yumşaldılacaq və aradan qaldırılacaq. Bundan da əlavə, qonşu ölkələrlə iqtisadi münasibətlər qaydaya düşəcək, kommunikasiyaların açılması ilə ölkə dərin ictimai-siyasi böhranlardan xilas olacaq. Görünən odur ki, baş nazir Nikol Paşinyanın kadr islahatları da bu məqsədə xidmət edir. Təbii ki, bu, bir ovuc revanşist qrupdan başqa bütün dinc ermənilərin milli mənafeyinə xidmət edəcək. Zaman keçdikcə az sayda olan revanşıstlər “əriyib” siyasi səhnədən silinəcək, erməni toplumu rahat nəfəs alacaq.