KÖŞƏ

Vəli İlyasov

Revanşistlərin əyri-üyrü hərəkətləri göstərir ki...

04 mart 2022 02:39
1285

Son günlər mətbuatda xəbərlər dolaşır ki, Rusiya-Ukrayna müharibəsi hələ uzun çəkəcək. Bir çox siyasi ekspertlər və politoloqlar düşünürlər ki, müharibə uzanarsa, bu Azərbaycanla Ermənistan arasında başlanmaq ərəfəsində olan sülh danışıqlarını ləngidə bilər. Bu fikirdə olanlar belə şərh verirlər ki, müəyyən müddətdən sonra Rusiya-Ukrayna müharibəsi üçtərəfli Bəyanatın icrası ilə bağlı məsələlərə ciddi təsir göstərəcək, Azərbaycanla Ermənistan arasında gedən danışıqların dayandırılması, prosesin sonsuzluğa qədər saxlanılması ilə nəticələnəcək.

Təbii ki, Ermənistanla Azərbaycan arasında olan münasibətlərə Rusiya-Ukrayna müharibəsi müəyyən qədər təsir göstərdi. Sadəcə olaraq danışıqlar arasında fasilə yarandı. Amma birmənalı olaraq bu, prosesin tamamilə dayandırılmasına, Bəyanatdakı müddəaların icrasının dondurulmasına gətirib çıxara bilməz.

Ermənilər belə hesab edirlər ki, Rusiya ilə Ukrayna arasındakı gərginliyin, yaxud da ki, Rusiya ilə Qərb arasında gedən proseslərin nə ilə nəticələnəcəyini gözləmək lazım gələcək. Əgər bu arada uzun fasilə yaranarsa, onda ermənilərin bundan istifadə edərək öz xeyirlərinə hansısa işləri həyata keçirməyə çalışacaqları gün kimi aydındır. Çünki ermənilərin daim namərd mövqedə durmaları onların xislətindədir və yüz illərdir ki, bunun məhz belə olduğunu bəd əməlləri ilə təsdiq ediblər. Amma bu gün  bu da bir reallıqdır ki,  beynəlxalq aləmdə baş verənlərin nəticəsini gözləmək qətiyyən lazım deyil,  üçtərəfli Bəyanatda götürülən öhdəliklərin icrası istiqamətində işlər davam etdirilməlidir. Bu, sonsuzluğa qədər belə saxlanıla bilməz. Yalnız vasitəçilik edən Rusiyanın başı müharibəyə qarışıqdırsa, nə Azərbaycanın, nə Türkiyənin, nə də Ermənistanın bununla bağlı heç bir problemləri yoxdur. Yəni, sülh danışıqlarının uzanmasına, Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərin icrasını ləngitməsinə əsası və ya bəhanəsi qalmayıb.

Yazın gəlməsi  Ermənistanla Azərbaycan, Ermənistanla Türkiyə arasında kommunikasiyaların açılmasının vacibliyini bir daha yada salır.  Qarşıdan isə yay gəlir. Ona görə də bundan sonra vaxt itirmədən, uzağı qısa bir aradan sonra iki ölkə arasında sərhəd məsələləri və kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə yenidən start verilməli və danışıqlar dayandığı yerdən başlamalıdır. Sülh danışıqlarının başlanması, sərhədlərin müəyyən olunması, ölkələr arasında vəziyyətin normallaşması hər üç ölkə üçün mühüm əhəmiyyət kəsb edir və prosesləri uzatmağa çalışan Ermənistan üçün isə həyati əhəmiyyət daşıyır. Ona görə də sərhədlərin açılması digərlərindən daha çox iqtisadi böhran içərisində boğulan Ermənistana lazımdır. Bunu ölkəsinin “bataqlıq”dan çıxmasını, iqtisadi inkişafını arzulayan hər bir erməni başa düşməlidir. Ancaq revanşistlərin əyri-üyrü hərəkətləri göstərir ki, bütün ermənilər bunu hələ də anlamır. Anlamayanlar üçün isə “dəmir yumruğ”umuz var və o, Damoklun qılıncı kimi hər vaxt Ermənistanın başı üzərindədir.