KÖŞƏ

Vəli İlyasov

“Şuşa ili”nin işığında - Sənətkarlar şəhəri

02 mart 2022 00:56
1597

Şuşa XVIII əsrdə Qarabağ xanlığının paytaxtı olmaqla yanaşı, həm də onun  mühüm iqtisadi mərkəzi idi. Bu şəhər sənətkarlıqla bərabər yaranıb desək, səhv etmiş olmarıq. Sənətkarlıq isə buranın zəngin flora və faunası, təbii sərvətləri, iqlimi və relyefi ilə bağlıdır. Əzəmətli dağlar, başı dumanlı zirvələr, gur çaylar və saf bulaqlar, qartalların qıy vurduğu yalçın qayalar, sıx meşələr, dərin dərələr, dibi görünməyən uçurumlar, göz aparan düzlər və s. burada dünyaya gələnlərə xüsusi qabiliyyət, bacarıq və istedad bəxş edir. Buradakı məşhur xanəndəlik sənəti su ilə, torpaqla və təbii şəraitlə sıx bağlıdır. Xalq arasında belə bir ifadə işlənir: “Filan yerin suyunu içənlər ya şair, ya xanəndə, ya da aşıq olur.” İnamla deyə bilərik ki, bütün dövrlərdə Şuşada doğulan hər iki-üç nəfərdən biri məlahətli səsə və ya müəyyən bir sahə üzrə istedada malik olub.

Bu bölgədə xalçaçılıq qoyunçuluğun, dabbaqlıq maldarlığın, mebel və musiqi alətləri istehsalı isə meşəçiliyin inkişafı ilə sıx əlaqəlidir. Şuşa ətrafında bitən ağac və kollar rəngkarlığın, boyaqçılığın bazası idi. İlk illərdə əsas ticarət və sənətkarlıq obyektləri şəhərin mərkəzi rolunu oynayan Aşağıbazar və Meydan adlandırılan ərazidə cəmləşmişdi. Burada çoxlu dükan və emalatxanalarla yanaşı, bir neçə məscid, karvansara və hamam da tikilib istifadəyə verilmişdi. Şəhər XVIII əsrin sonlarından başlayaraq sürətlə inkişaf edərək bütün Cənubi Qafqazın mühüm ticarət mərkəzlərindən biri oldu. Tacirlər Şuşaya Dərbənddən qızıl, boya, Şəkidən silah, ipək, mahud, Bakıdan neft və zəfəran, Naxçıvandan duz və bez parça, Gəncədən zəy və meyvə gətirirdilər. Şuşanın ticarət əlaqələrində Cənubi Azərbaycan və İran şəhərləri, habelə Osmanlı imperiyası, Rusiya, Hindistan və Avropa ölkələri mühüm rol oynayırdılar. Şuşalı tacirlər Almaniyanın məşhur Leypsiq, Rusiyanın Nijni-Novqorod yarmarkalarının daimi iştirakçıları idilər. 1872-ci ildə Moskvada keçirilən politexniki sərgidə Şuşa xalçaçılarından Kərbəlayi Əhməd Dəmir oğlu, Cabbar Hacı Əhməd oğlu və Bayram Məşədi Qurban oğlu yüksək keyfiyyətli və gözəl çeşidli xalçalar nümayiş etdirdiklərinə görə mükafata və qızıl medala layiq görülmüşdülər. Yəni, Şuşa xalçalarının şöhrəti özündən min kilometrlərlə uzaqda olan ölkələrdə belə yayılmışdı.

 

Göründüyü kimi, Şuşa şəhəri özünün sənətkarlıq məhsulları ilə də şöhrət qazanmışdı. XIX əsrin əvvəllərində şəhərdə 100-dən artıq sənət sahəsi üzrə ixtisaslaşmış böyük sənətkarlar ordusu fəaliyyət göstərirdi. Onların arasında memarlar, dulusçular, sərraclar, həkkaklar, xəttatlar, silah ustaları, bənnalar, zərgərlər, nəqqaşlar, daşyonanalar, tikmə ustaları, toxucular, papaqçılar, çəkməçilər, dabbaqlar, dərzilər, dülgərlər, həllaclar, oyma ustaları və s. çoxluq təşkil edirdi. Şəhərdə toxuculuq və xalçaçılıq xüsusilə yüksək inkişaf səviyyəsinə çatmışdı. XIX əsrin əvvəllərində burada müxtəlif növ parçalar istehsal edən 500 toxucu dəzgahı işləyirdi. Kapitalist münasibətlərinin sürətli inkişafı Şuşada ipəkçiliyin fabrik-zavod istehsalı səviyyəsinə yüksəlməsinə gətirib çıxardı. Artıq XIX əsrin 60-cı illərində şəhərdə illik istehsal gücü 78 min rubla bərabər olan 16 ipəksarıma fabriki fəaliyyət göstərirdi. Bu, o zaman üçün böyük nailiyyət hesab olunurdu.

Dediyimiz kimi, Şuşa Azərbaycanda xalça istehsalının da mühüm mərkəzlərindən biri idi. XIX əsrin sonlarında dünya bazarlarında Azərbaycan xalçalarına tələbatın artması Şuşada xalçaçılığın daha da inkişaf etməsinə səbəb oldu. Bu dövrdə şəhərdə hər il ümumi dəyəri 50 min rubla bərabər olan xalça məmulatı istehsal edilirdi. Şuşa xalçaları bədii xüsusiyyətlərinə görə iki böyük qrupa – ornamentli və süjetli xalçalara bölünürdü. Əsasən, XVIII-XIX əsrlər üçün xarakterik olan ornamentli Şuşa xalçalarında nəbati ünsürlər üstünlük təşkil edirdi.

Şuşada boyaqçılıq, gön-dəri məmulatı istehsalı və metalişləmə sənətləri də yüksək inkişaf səviyyəsinə çatmışdı. Şuşalı boyaqçılar müxtəlif növ bitkilərdən istifadə edərək 50-yə qədər rəng və rəng çaları almağı bacarırdılar. XIX əsrin sonu - XX əsrin əvvəllərində Şuşada fəaliyyət göstərən 8 hananın illik istehsal gücü 69500 rubla çatırdı. Elə həmin dövrdə şəhərdə 200 nəfərə yaxın sənətkar gön-dəri məmulatı istehsalı ilə məşğul olurdu. XIX əsrin sonlarında Şuşada 78 nəfər zərgər müxtəlif növ baş, boyun, sinə, qulaq, bel, qol və barmaq üçün zərgərlik məmulatları hazırlayırdılar.

Azərbaycanlılar tərəfindən salınan və uzun müddət əhalisinin mütləq əksəriyyətini Azərbaycan türkləri təşkil edən Şuşa şəhəri XIX əsrin əvvəllərində baş vermiş Rusiya işğalından sonra ciddi demoqrafik dəyişikliklərlə üzləşdi. Azərbaycanın digər yaşayış məntəqələri kimi, xaricdən gətirilən ermənilərin Şuşaya köçürülməsi başlandı. Buna görə bir çox tanınmış sənətkarlar köçüb ətraf yerlərə, bəziləri isə Gəncəyə və Tiflisə getdilər.

 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə Şuşanın fəlakətli günləri başlandı. Qarabağda rəhbər vəzifələri ələ keçirən ermənilər şəhərin azərbaycanlı əhalisinə qarşı fiziki və mənəvi  repressiyalara başladılar. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV-nin) yaradılması və Xankəndinin onun mərkəzi seçilməsi ilə Şuşa Qarabağın inzibati mərkəzi olmaq funksiyasından məhrum edildi. Bununla da Şuşa şəhərinin və orada yaşayan azərbaycanlıların vəziyyəti xeyli pisləşdi. Vilayət rəhbərliyinin düşmən münasibəti nəticəsində şəhər sürətlə tənəzzülə uğradı. Azərbaycan xalqının tarixi-memarlıq abidələrinin bir çoxu uçurulub dağıdıldı. Əhalinin sayı təxminən əlli il ərzində 3 dəfədən də çox azaldı. Belə ki, 1917-ci ildə Şuşada 44 min nəfərə qədər əhali yaşadığı halda, 1967-ci ildə onların sayı azalıb 13664 nəfərə enmişdi.

Bütün süni çətinliklərə baxmayaraq Şuşa inkişafdan qalmırdı. 1962-ci ildə məşhur tarzən Sadıqcanın-Sadıq Əsəd oğlunun adını daşıyan Şuşa şərq musiqi alətləri sexi açıldı. Sexdə tar, kamança, ud, balaban, tütək,  nağara, saz və digər musiqi alətləri istehsal olunurdu. Onun məhsulları Gürcüstana, Qazaxıstana, Dağıstana, Orta Asiya ölkələrinə, Hindistana və Yaxın Şərq ölkələrinə ixrac olunurdu. Burada istehsal edilən musiqi alətləri o zaman Ümumittifaq və Beynəlxalq sərgilərdə yüksək mükafatlara layiq görülürdü. Ona görə də sexin istehsal dairəsi genişləndirildi.

Şuşanın yenidən dirçəlməsi yalnız 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra mümkün oldu. 1973-cü ildə fabrikin istehsal imkanlarının daha da genişləndirilməsi üçün oraya Moskvadan, Leninqraddan və Tbilisidən yeni dəzgahlar gətirilib quraşdırılmışdı. Elə həmin il istehsal sexi ətrafında yeni binalar inşa edilərək böyük bir fabrikə çevrildi. Bütün musiqi alətləri dövlət keyfiyyət nişanı ilə istehsal olunmağa başladı. 1977-ci ildə Azərbaycan SSR Nazirlər Soveti «Şuşa şəhərinin tarixi hissəsinin tarix-memarlıq qoruğu elan etmək haqqında» qərar qəbul etdi. Şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün mühüm tədbirlər həyata keçirildi. Bütün bu tədbirlər nəticəsində şəhərdə əhalinin sayı artaraq 1989-cu ildə 21 min nəfərə çatdı.

Təəssüf ki, Şuşada başlanmış bu dirçəliş uzun sürmədi. 1992-ci il mayın 8-də şəhər erməni silahlı qüvvələri tərəfindən işğal olundu. İşğal illərində Şuşanın tarixi-memarlıq abidələri, o cümlədən sənətkarlıq inciləri erməni vandalları tərəfindən qəddarlıqla dağıdıldı.

2020-ci il noyabrın 8-də rəşadətli Azərbaycan Ordusu erməni işğalçılarını qovub Şuşadan çıxardı. Artıq il yarımdır ki, üzücü işğal geridə qalıb. Şəhər azad edilən gündən onun  yenidən qurulmasına və abadlaşdırılmasına  başlanıb.  Bütün spesifik xüsusiyyətləri saxlanmaqla Şuşamız yenidən gözəlləşir və yüksəlir. Çox keçməz ki, burada başımızı ucaldan yeni nəsil istedadlı sənətkarlarımız yetişər.