KÖŞƏ

Vəli İlyasov

Qaradaban keşiş prezident olmaq istəyir?!

22 fevral 2022 00:30
908

Ermənilər “ipin ucunu” itiriblər...

Azərbaycanla 44 günlük müharibədəki biabırçı kapitulyasiyadan sonra Ermənistanın çirkaba bulaşmış ictimai-siyasi həyatı durulmaq bilmir. Mitinqlər, küçə yürüşləri, digər kütləvi etiraz aksiyaları ilə, hədə-qorxu, terror təhdidləri ilə Nikol Paşinyanı devirə bilməyən radikal müxalifət artıq bir müddətdir ki, qınına çəkilmiş vəziyyətdədir. Ara-sıra revanşistlərin liderləri media qarşısına çıxıb “mən də varam” jesti edib “boy göstərməyə”, ictimai rəyi öz tərəflərinə çəkməyə çalışsalar da, gözlədikləri nəticə alınmır. Çünki müharibələrdə güdaza verdikləri toplum bir daha hakimiyyət başında davakarları görmək istəmir.

İndi ölkə nə günə qalıbsa  Ermənistanın ikinci prezidenti, Xocalı hərbi canisi Robert Koçaryan ləbbadəli bir keşişin dövlətin başına gətirilməsini məsləhət görür. Bir neçə gün əvvəl keçirdiyi növbəti mətbuat konfransında o, yenə bəzi sərsəm bəyanatlar verməklə bərabər, konkret olaraq ölkə prezidentliyinə din xadimlərindən birinin namizədliyini təklif edib. Koçaryanın fikrincə, bu, ölkədəki mövcud mürəkkəb şəraitdə “milli birlik” naminə ən optimal variantdır. Yəni, dolayısı ilə əslində, özünün də daxil olduğu “Qarabağ klanı”nın ciddi ictimai dəstəyə malik olmadığını etiraf edib.

Gülməlidir ki, erməni katolik kilsəsindən Koçaryanın bu qeyri-ciddi və lağlağı təklifinə reaksiya gecikməyib. Koçaryan ağılda olan Şirakın baş keşişi Mikayel Acapaxyan dərhal cavab olaraq öz namizədliyini istisna etməyib, yəni axmağın sarsaqlamasına keşiş sayıqlama ilə cavab verib. Axı, keşişlər bu sıraya qəbul ediləndə İsa qarşısında əllərini “Tövrat”a basıb yalnız onun yolu ilə gedəcəklərinə, həmişə humanist mövqedə və ədalətin keşiyində duracaqlarına, zülmə və qan tökülməsinə qarşı olacaqlarına, insanlar arasında dostluq və qardaşlığa xidmət edəcəklərinə and içirlər. Keşişlərin dövlət işinə qarışmalarını kilsə də qadağan edir. Ancaq deyəsən bu Mikayel başını itirib. Xəlvət dərədə tülkü bəy olan kimi, Mikayel də ölkədəki qarışıqlıqdan istifadə edib prezident olmaq xəyalına düşüb.  Həmişə qaradaban kimi tanınan Acapaxyan ruhanilərin hökumət işində iştirakının mümkünsüzlüyü haqqında iradla bağlı deyib ki, din xadiminin siyasi fəaliyyətlə məşğul olmasını və hər hansı siyasi vəzifə tutmasını qadağan edən qanun mövcud deyil. “Bir din adamına bunu yalnız kilsənin daxili qanunvericiliyi qadağan edir. Biz Ermənistanın tamhüquqlu vətəndaşlarıyıq. Ruhanilər də daxil, bütün vətəndaşlar bərabər deyilmi?”, - deyə keşiş prezident olmaq istəyini gizlətməyib.

Niyə də olmasın? Əgər xristian dininin öldürməyi yasaq etməsinə baxmayaraq erməni ruhaniləri əldə silah, hərbçi kimi “artsax” uğrunda vuruşursa, terrorçu dəstələr yaradır və saxlayırsa, niyə də terror dövləti Ermənistanın başında hansısa keşiş durmasın ki? Əksinə, bu, anormal Ermənistan cəmiyyətində tam məntiqli olar.

Göründüyü kimi, ermənilər oxşarı olmayan “unikal” tayfadır. Xaç çevirsələr də, xristianlığı ilk qəbul edən xalq olduqlarını iddia etsələr də, ən qədim qövm olduqlarını bildirsələr də, dinləri belə saxtadır, səmavi deyil və xristianlığa, İsa peyğəmbərə heç bir dəxli yoxdur. Birinci və İkinci Qarabağ müharibələrində əllərində avtomat silah Azərbaycana qarşı döyüşən keşişlər və papazlar xaricdən gətirdikləri, onlarla çiyin-çiyinə vuruşduqları muzdlu başkəsənlərdən heç də fərqlənmirdilər. Bilə-bilə günahsız insanları-uşaqları, qadınları, qocaları vəhşi işgəncələrlə qətlə yetirən bu insanabənzərlərin humanizmdən uzaq olduqları göz önündədir. Həqiqətdir ki, tarixən Azərbaycan torpaqlarını işğal etməkdə erməni keşişləri həmişə fitva vermiş və kütləvi qırğınlara təşkilatçılıq etmişlər. Eçmiədzin kilsəsi iki yüz il bundan əvvəl də iblis yuvası idi. Azərbaycanlıları qıraraq torpağımızı ələ keçirmək kimi qanlı planlar məhz Eçmiədzində cızılırdı. Eyni zamanda dünyanın hər yerindən varlı ermənilər Eçmiədzinə külli miqdarda pullar göndərirdilər.  Keşişlər kilsəyə “ümumi iş” üçün pul verməyən erməniləri sərt cəzalandırır, onları terror yolu ilə məhv edirdilər. Bu ssenari Sumqayıtda da işə salınmış, Eduard Qriqoryan adlı qatı daşnak şəhərdəki  ermənilərdən “Krunk” terror təşkilatına pul vermədiklərinə görə vəhşi üsullarla qıraraq qisas almışdı. Ancaq təşkil edilmiş bu qətliam ermənipərəst Moskva tərəfindən saxta dəlillərlə günahsız azərbaycanlıların üstünə atılmışdı.  Qan tökmək, baş kəsmək, yurd dağıtmaq bütün ermənilərə xas olan xislətdir. Onların qəddarlığını bilən Koçaryan nahaq yerə keşişi prezidentliyə dəvət etmir ki! Biz yüzlərlə sübut gətirə bilərik ki, harada keşiş izi varsa, nə vaxtsa orada qan töküləcəyinə şübhə ola bilməz. Çünki hər yerdə kilsə fitnə-fəsad yuvası , şər-böhtan, qətl-terror qərargahı kimi tanınıb. Bunu biz azərbaycanlılardan yaxşı bilən olmaz. O ki qaldı keşiş Mikayelin prezidentliyinə, bu izaholunmaz mövcudiyyətlərdən hər nə desən gözləmək olar. Ermənilər onsuz da “ipin ucunu” çoxdan itiriblər…