KÖŞƏ

Vəli İlyasov

Revanşistlərin bulanıq suda balıq tutmaq sevdası

08 fevral 2022 00:56
1051

Haradan gəlib hara gedəcəklərini bilməyən daşnak əhval-ruhiyyəli hakimiyyət iddiaçıları xalqı İrəvanda siyasi mühiti yenidən gərginləşdirməyə sürükləyirlər. Araqarışdıranların başçıları özlərini nə qədər gizlətməyə çalışsalar da İddiaçı və revanşist qrupların başında ermənilərə fəlakətlər  gətirmiş “Qarabağ klanı”nın dayandığı gün kimi aydındır. Artıq hakimiyyətə aparan yolda bütün şanslarını itirən sabiqlər-Robert Koçaryan, Serjik Sarkisyan, Suren Ohanyan və başqaları “fəaliyyətlərini” siyasi müstəviyə daşıyaraq mövcud iqtidarın planlarını pozmağa yönəldiblər. Baş nazir Nikol Paşinyana patoloji nifrət bəsləyən həmin şəxslər əlaltdan onun “ayağının altını” qazımaqla məşğuldurlar. Onlar hakimiyyəti gözdən salmağa çalışaraq əhalinin nəzərində guya özlərinin vətənpərvər obrazlarını yaratmaq üçün məğlubiyyəti qəbul etməməyə, Azərbaycanla yeni müharibəyə hazırlaşmağa çağırışlar edirlər. Nəhayət, son məqsədləri erməni toplumunun rəğbətini qazanmaqla yenidən hakimiyyəti ələ keçirməkdir.

Məlum olub ki, Ermənistan parlamentindəki müxalif “Hayastan” və “Şərəfim var” blokları bu ilin mart ayında keçiriləcək prezident seçkisində iştirak etməyəcəklər.

Bununla bağlı sözügedən siyasi qüvvələrin yayımladığı bəyanat erməni mətbuatında dərc edilib. Bəyanatda bildirilir ki, müxalif siyasi partiyalar parlamentdə mart ayında keçirilməli olan prezident seçkisində iştirak etməmək qərarına gəliblər. Həmin bloklar nə prezidentliyə namizəd irəli sürəcəklər, nə də səsvermədə iştirak edəcəklər. Bu qərar onunla izah edilir ki, hakim partiya prezident postuna neytral şəxsi yox, özünə yaxın namizədi irəli sürüb. Və hakim partiyanın parlamentdəki səs çoxluğu Nikol Paşinyana istədiyi namizədi seçdirmək imkanı verir. Bu səbəbdən müxalifətin bu prosesdə iştirakı mənasını itirib.

Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyan yanvarın 23-də vəzifəsindən istefa verib. Bu səbəbdən parlament yeni prezident seçməlidir. Hakim partiya bu vəzifəyə yüksək texnologiyalar sənayesi naziri Vahan Xaçaturyanın namizədliyini irəli sürüb.

Göründüyü kimi, indiki vəziyyətdə  şəkkakların bəhanələri tamamilə əsassızdır. Əslində onların prezident seçkilərində iştirak edib-etməyəcəklərinin ciddi əhəmiyyəti yoxdur. Çünki sadə ermənilər müharibə istəmirlər. Hamı başa düşür ki, müharibə olarsa, yenə də onların övladları öləcək, şikəst olacaq, itkin düşəcək. Hələ də Qarabağdan əsgər cənazələri gözləyən  erməni ailələri üçün Azərbaycanla yenidən müharibə etməyi dəhşətli nağıl kimi qəbul edirlər. 2020-ci ilin müharibə vahimələri hələ onları tərk etməyib. Artıq sadə ermənilər bilirlər ki, vəzifəli şəxslərin və hakimiyyət əldə etməyə çalışanların övladları isə həmişəki kimi, xarici ölkələrdə firavan həyat keçirəcəklər. Ona görə də erməni kütlələri müharibə istəməyən, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa meyl edən Nikol Paşinyana və onun komandasına dəstək verəcəkdir. Belə olan halda müxalifətçilərə qalan odur ki, özlərinin varlıqlarını göstərmək üçün haray-həşir salıb diqqəti cəlb etsinlər. O zamana qədər ki, onlar üçün əlverişli real vəziyyət yarananda hücuma keçib hakimiyyət kreslolarını zəbt etsinlər. Bu isə heç uzaq üfüqlərdə belə görünmür, yəni revanşistlərin hakimiyyət sevdası bulanıq suda balıq tutmağa bənzəyir.