KÖŞƏ

Vəli İlyasov

Ara, hanı bizim milyardlarımız?…

28 oktyabr 2021 02:59
1019

Füzuli Beynəlxalq Hava Limanının təntənəli açılışı dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizin gözlərinə ox kimi sancılıb. Buna ilk mənfi reaksiyanı Ermənistan verib. Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni hava limanının istifadəyə verilməsinə həsr olunmuş  mərasimdə iştirakları düşmən ölkədə şok effekti yaradıb. Dözə bilməyən erməni rəsmiləri dərhal dilə gəliblər.

“Bu gün ermənilərin heç nəyi yoxdur – nə döyüş qabiliyyətli ordusu, nə “artsax”ı, nə də yaşamaq belə mümkün olmayan Ermənistanı. Biz özümüz hər şeydə təqsirkarıq və bu gün də başımıza, dizimizə vurmaqdan başqa heç nə edə bimərik.”  Bu fikirləri erməni siyasi şərhçi Tevos Arşakyan səsləndirib. Daşnak Arşakyan hava limanının açılışını yana-yana “qeyd” edərək Azərbaycanın qısa müddətdə gördüyü işləri Ermənistan rəhbərlərinin gözlərinə soxub. Onların fərsizlikərini, özlərinin isə yanlış yolda və təqsirkar olduqlarını etiraf edib.

“Bu gün bütün erməni xalqı Azərbaycana və onun Qarabağda etdiklərinə həsədlə baxır. Bəli, azərbaycanlılar qollarını çırmalayaraq yalnız paxıllıq edə biləcəyimiz güclü enerji ilə Qarabağı dirçəltməyə can atırlar. Artıq Füzulidə aeroport da hazırdır, bu gün onu Azərbaycan və Türkiyə prezidentləri açdılar. Bir ildən bir qədər əvvəl heç bir erməni bunu təsəvvür belə edə bilməzdi. Ermənilərin kökündən yanlış yanaşması var idi. Hər şeydən əvvəl ermənilər özləri-özlərinə sual verməlidirlər: “artsax”ın çiçəklənməsi və dirçəlməsi naminə biz nə etmişik? Biz 30 il ərzində heç orada normal yollar belə qura bilməmişik. Bu illər ərzində heç bir iş görülməmişdir. Hər şey oğurlandı, talandı. Əvvəlcə Koçaryanın “tulası” oğurladı, sonra Arkadi Qukasyan və Bako Saakyan, axırda da Araik Arutyunyan bu işi tamamladı.

Ermənistan isə Qarabağın boğulmasına sakitçə kənardan baxırdı. Əvvəllər 100 min nəfərə yaxın əhalisi olan yerlərdə 2020-ci ilin sentyabr ayında minimum insan yaşayırdı. İnsanlar sadəcə “artsax”dan qaçırdı. Çünki onlar aç idilər. Biz ermənilər hələ müharibədən əvvəl “artsax”ı itirmişdik. Çünki bizə Qarabağ lazım deyildi. İndi biz paxıllıqla azərbaycanlıların Qarabağda etdiklərinə baxırıq”, - deyə erməni ekspert qeyd edib.

Erməni siyasi şərhçinin dedikləri də sübut edir ki, bəli, Qarabağ heç vaxt onların olmayıb. Ermənilər sadəcə olaraq havadarlarının köməyi ilə Azərbaycan torpaqlarının bir hissəsini də qamarlamaq fikrinə düşmüşdülər. Əgər onların olsaydı işğal altında saxladıqları otuz il müddətində Qarabağı abadlaşdırardılar. Heç olmasa yol çəkərdilər, qaz, işıq və su təminatı yaradardılar, Hiss olunardı ki, ermənilər bu yerlərdə hansısa abadlıq işləri görüblər. Onlar isə  Qarabağ torpağında betonlaşdırılmış səngərlər, atəş nöqtələri və yeraltı sığınacaqlar tikiblər. Bunları da ona görə ediblər ki, işğalı mümkün qədər uzatsınlar və Qarabağ torpağından narkotik traziti kimi istifadə edərək milyonlar qazansınlar, buranın yeraltı, yerüstü sərvətlərini daşıyıb aparsınlar. Ancaq bu torpaqlar onların deyil, ona görə də erməni başbilənləri Qarabağ məsələsindən sui istifadə edərək yalnız öz mənfəətləri üçün saysız-hesabsız pullar əldə ediirdilər. Həmin pulların qədəri yüz milyonlarla ölçülür. Bir fakt göstərək ki, Serjik Sarkisyan prezidentliyi dövründə Almaniyanın Baden-baden şəhərinin kazinolarında qumar oynayaraq yüz milyon dollar pul uduzub.

Ermənistana başçılıq edənlər xaricdəki erməni diasporundan, ayrı-ayrı ölkələrdəki varlı ermənilərdən yüz milyonlarla dolları guya Qarabağı inkişaf etdirmək adı ilə alaraq özlərinə xaricdə bahalı villalar, ticarət obyektləri, restoranlar, mehmanxanalar almış, banklar açmışlar. Otuz ildə xaricdən göndərilən milyardlarla dollardan kasıb erməni toplumunun xəbəri belə olmayıb. Indi bu cür faktlar üzə çıxmaqdadır.

İrəvanın küçələrində keçirilən mitinqlərdən birində kasıb erməni kəndlisi üzünü həmin başabəla rəhbərlərə tutaraq soruşur:-Ara, hanı bizim milyardlarımız, hara xərclədiniz bu qədər pulu?

Bu suala Ermənistan Xüsusi İstintaq Komitəsi cavab axtarmaqdadır. Hələlik komitə bu sualı üç nəfərə-Serjik Sarkisyana, silah “baronu” David Qalstyana və keçmiş müdafiə naziri David Tonoyana verib cavabını gözləyir. Adı hallanan başqaları da var. Yəqin ki, zamanı gəldikcə digərləri də məhşər ayağına çəkiləcəklər.