KÖŞƏ

Vəli İlyasov

Ermənilər “pırnı-pırnıda”

27 oktyabr 2021 01:57
1211

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayandan dərhal sonra Ermənistanda dövlət rəhbərləri, parlament üzvləri və siyasilər təşvişə düşüblər. Onlar bu səfərdən sonra hansı hadisələrin baş verə biləcəyini, qarşıda onları nə gözləyəcəyini, hansı məsələlərin gündəmə gələcəyini təxmin etməyə çalışırlar.

Həddindən atıq narahat olan erməni deputatlar bu gün təcili surətdə parlamentin növbədənkənar iclasını keçirmək üçün toplaşıblar. Yenə də “at ilxısı, köpək sürüsü” yığışaraq başlarına çarə axtarıblar. Hələlik çarə tapdıqları barədə heç kəsə heç bir məlumat verməyiblər.

Yalnız bilinən budur ki, dünən Ermənistan parlamentində Azərbaycanla sərhəddəki vəziyyət və demarkasiya məsələləri ilə bağlı qapalı dinləmələr keçirilib.  İclasın iştirakçıları haqqında məlumat verilmədiyi kimi, müzakirə olunan digər məsələlər məxfi müzakirə edildiyinə görə hələlik mətbuata bu barədə heç bir açıqlama verilməyib. İştirakçılar barədə məlum olan odur ki, dinləmələrdə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini general Kamo Koçunts və sərhəd qoşunlarının komandanı general Arman Maralçyan da iştirak ediblər. Onların nə qırıldadıqları haqda bir fikir deyilmir.

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib ki, deputatların ən azı 30 faizi bu məsələlər ətrafında müzakirə aparmağı təklif edib.

Bildirdiyimiz kimi, dünənki dinləmələrdən sonra bu gün parlament iclası keçirilir. Ermənistan hökuməti və parlamentin deputatları yaxşı başa düşürlər ki, Zəngəzur dəhlizinin açılmasının, Ermənistan silahlı qüvvələrinin bir hissəsinin hələ də Qarabağda qalmasının, sərhədlərin müəyyən olunmasının gecikdirilməsinin səbəbkarı onlardır. Bu məsələlərin tezliklə qaydaya salınması isə Türkiyə və Azərbaycanın  maraq dairəsindədir. Bundan başqa, sülh sazişinin və bəzi həllini gözləyən məsələlərin həllinin Ermənistan tərəfindən qəsdən yubadılaraq əngəllənməsi də ermənilərin passivinə yazılır. Bütün bu yaramazlıqları revanşistlərin təkidi və təzyiqləri ilə edən Ermənistan rəhbərləri məğlub olduqları tərəfə bunları izah etmək məcburiyyətindədirlər. Ancaq yalan izahlara kim inanar?!  Ermənistanın “sudan quru çıxmaq” zamanları artıq keçmişdə qalıb. Ona görə də başa düşürlər ki, Azərbaycana konkret cavab verməlidirlər, daha nala-mıxa döyməklə aradan çıxmaq mümkün deyil. Əslində gətirəcəkləri bəhanlər qətiyyən  onların xeyrinə olmayacaq. Özlərini axmaq vəziyyətə salmış ermənilər iki gündür ki, özlərinə “alibi” tapmaq üçün kabinetlərində və parlamentdə baş sındırırlar. Maraqlıdır ki, görəsən bu “pırnı-pırnı”lardan  nə xəbər çıxacaq?