KÖŞƏ

Vəli İlyasov

Keşişlərin xəstə təfəkkürü erməni toplumunu hara aparır?

17 avqust 2021 01:13
1329

Katalikos I Aram Ermənistanı Rusiya Federasiyasının prezidenti Vladimir Putinə “yox” deməyə və üçtərəfli Bəyanata məhəl qoymamağa çağırır. O, ölkəsini müstəqil görmək, özü öz taleyini həll etmək, Rusiyanın vassallığından çıxmasını istədiyini bildirib.

Erməni KİV-i xəbər verir ki, onun bu açıqlaması ölkədə heç də gözlənilməz olmayıb. Çünki üç ildən artıqdır ki, Ermənistanda kəskin anti-Rusiya təbliğatı aparılır. Xaricdə yaşayan ermənilər illərdir ki, Ermənistana rəhbərlik edən şəxslərə ölkəni Rusiyanın asılılığından xilas etməyi məsləhət görsələr də buna cəhd göstərilmirdi. Çünki hakimiyyətə yalnız Rusiyapərəst şəxslər gətirilirdi. 2018-ci ildə bu ənənə pozuldu. Qərbin hakimiyyətə gətirdiyi Nikol Paşinyan ona verilən  “təlimata” sədaqət göstərərək Ermənistanda antirus hərəkatına start verdi. Yüksək vəzifə tutan Rusiyapərəstlər hakimiyyətdən uzaqlaşdırıldılar. Bu işlərdə şübhəsiz, keşişlərin də “xidməti” oldu. Bildiyimiz kimi, bu qondarma dövlətin həyatında kilsə mafiyası daim mühüm rol oynayıb. İndi də belədir.

“Miatsum” sərsəmləməsinə dəlicəsinə inanan “Böyük Kilikiya evi”nin kilsə mafiyası yalnız öz iddiasını yeritmək üçün erməni cəmiyyətini qurban verməkdən belə çəkinmir. Hətta bilə-bilə ki, üçtərəfli razılaşmadan imtina erməni xalqının intiharı deməkdir, kilsə bu cür təhlükəli çağırışlardan da ehtiyat etmir. Dindar terrorçuların bu xətti-hərəkətləri faşist füreri Adolf Hitlerin son hərəkətlərini xatırladır. O, Sovet qoşunları Brandenburq darvazasına çatanda Şpreye çayını  Berlin metrosuna yönəldib günahsız insanların suya qərq edilməsini əmr edərək qəzəblə demişdi ki, alman xalqı məhv olmalıdır, məğlub olan millətin yaşamağa haqqı yoxdur.

İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyəti heç cür həzm edə bilməyən erməni millətçiləri bunun günahını özlərində deyil, Rusiyada axtarırlar. Erməni kilsəsinin papazlarının xəstə təfəkkürünə görə, ərazilərin itirilməsinin əsas günahkarı Ermənistan deyil, bu prosesin möhkəmlənməsinə kömək edən Vladimir Putindir. Bəziləri açıq bildirirlər ki, Rusiya həmişə ermənilərə düşmənçilik edib. Ona görə də Paşinyana başa salırlar ki, Rusiyanı Ermənistandan çıxarıb Qərbdən olan dostlarını ölkəyə gətirsin. Keşişlərin əqidəsinə görə, Ermənistan Azərbaycanla yenidən müharibə etmək üçün ABŞ və Fransanın köməyinə arxalanmalıdır. Bu səbəbdən də hazırda sərhədlərin delimitasiya və demarkasiya olunmasına əngəl törədilməsi, hər gün məhəlli atışmaların təşkili və bununla da guya “hərbi əməliyyatların davam etməsi” görüntüsünü yaratmağa çalışırlar. Bununla da ermənilər guya Qarabağ müharibəsinin qurtarmadığını, hələ müqavimət göstərdiklərini bildirmək istəyirlər. Ancaq heç cür ağıllarına gətirmirlər ki, öz sərhədlərini özü qorumağa qabil olmayan bir qondarma dövlətə müharibə qətiyyən lazım deyil. Rusiyanın bir çox siyasətçiləri və politoloqları açıq bildirirlər ki, Ermənistan yeni müharibədə dövlətçiliyini də itirə bilər. Ancaq xəstə təfəkkürlü ermənilər bu reallığı başa düşmürlər, ya da başa düşmək istəmirlər.

Xatırladaq ki, hələ Ermənistan dövlət kimi qondarılmazdan xeyli əvvəl dünyanın müxtəlif ölkələrində yaşayan varlı ermənilər Eçmiədzin kilsəsinə bu məqsəd üçün pul göndərirdilər. İndi də belədir, bütün ermənilər “ümumi iş” üçün vəsait ödəyirlər. Katalikos I Aram boşuna danışmır. O da, bədnam  “Klikiya evi” də, mürtəce erməni diaspor təşkilatlarının üzvləri də  Ermənistana külli miqdarda pul göndərir və nəticə tələb edirlər, müsbət nəticəni görmədikdə daha da aqressivləşirlər.

Beləliklə, erməni din adamlarının, bütövlükdə kilsə mafiyasının  erməni toplumunu daim qırğın və müharibəyə sürüklədiyi açıq-aşkar görünür. Belə məlum olur ki, erməni papazları özgənin torpağını işğal etməyin, sadə toplumu mənasız qırğınlara düçar etməyin fərqində deyillər. Onların erməniliyi də elə bundadır.