KÖŞƏ

Vəli İlyasov

Makronun Qarabağ oyunu

22 iyul 2021 18:38
1469

Məğlub Ermənistan, havadarları  və onun sırtıq “böyük bacısı” “Dəmir yumruğ”un təsirini azaltmaq üçün ora-bura vurnuxur, yeni qondarmaları ilə nəyəsə nail olmağa çalışırlar. Bütün vurnuxmalarda ermənilərin yanında olan Fransa prezidenti Emmanuel Makron daha fəal görünür.

Bəzi məlumatlara görə, Fransa və Ermənistan diplomatları Dağlıq Qarabağda ölümcül döyüşlərə son qoyan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarını hüquqi qüvvədən salmaq üçün İrəvan və Paris BMT qərargahının yerləşdiyi Nyu-Yorkda intensiv görüşlər keçirirlər. Bildiyiniz kimi, bu sənədi Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıblar. Bu Bəyanatla bölgədəki müharibə dayandırılıb. Lakin bəzi Qərb dairələri Ermənistana onun arxasında dayandıqlarını bildirir, sülhə razı olmamağa çağırır, Minsk qrupunun işinin yenidən dirçəldiləcəyinə, Qarabağda status-kvonun bərpa olunacağına və əsas məsələlərin ermənilərin xeyirinə həll ediləcəyinə inam yaradırlar. Ona görə də Ermənistan özünü cığal və həyasız aparmaqda davam edir.

 Aydın görünür ki, bu sənədi imzalayan üç tərəfdən birinin bu gün başqa maraqları var.  Fransa prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Dağlıq Qarabağdakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının əvvəlki qətnaməsinə yenidən baxılması təklifi ilə yeni planın qəbul edilməsi imkanlarını nəzərdən keçirirlər. Şübhəsizdir ki, rəsmi Paris, BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsini qəbul etdirərək status-kvonu bərpa etmək istəyir və bununla ermənilərə sədaqətli olduğunu faktla sübut etməyə çalışır. Bundan əlavə, bu qeyri-real layihəyə görə, Fransa qoşunlarının yalnız Cənubi Qafqaza daxil olması və onların Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsi deyil, həm də Qarabağa girməsi ehtimalı nəzərdən keçirilə bilər. Bundan sonra nə olacağını təxmin etmək çətin deyil.

 Fransanın bu yolla Ermənistanı Cənubi Qafqaz bölgəsində şəxsi geosiyasi forpostuna çevirmək istəməsi mümkündür. Lakin Qafqazda marağı olan digər dövlətlər buna imkan verərlərmi? Hesab edirik ki, qətiyyən yox!

Fransanın ambisiyaları başa düşüləndir. Göründüyü kimi, Qarabağ müharibəsinin noyabr ayındakı nəticəsi və əsasən Vladimir Putinin səyləri sayəsində bağlanan üçtərəfli razılaşma Emmanuel Makronun istəklərini təmin etmədi. İndi Makronun planları ilə baş verənlər yalnız bölgəyə qayıtmaq və burada möhkəmlənmək cəhdləridir.

İlk növbədə Ermənistan adlı bir dövləti bizim torpağımızda qondaran və ona iki yüz ilə qədər himayə göstərən Rusiya buna yol verməz.  Xatırladaq ki, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi, xüsusən də öz mənafelərini bu və ya digər şəkildə təsir edə biləcək qətnamələrə veto qoymaq hüququna malikdir. Digər tərəfdən, Makronun Türkiyəyə və Azərbaycana düşmən münasibəti Fransanın Cənubi Qafqaz regionuna gəlişini əngəlləyən ən təsirli amildir.

Göründüyü kimi, ağılsız və sərsəm siyasət yeridən və “qızın iki adaxlısından” biri olan Makron özünü “ofsayt”a salıb. Bəlkə də o, regionumuza sülhməramlı niyyətlə və qarşılıqlı əməkdaşlıq məramı ilə gəlsəydi qəbul olunardı. Ancaq “Babam mənə kor deyib, gəlib-gedəni vur deyib” kimi sərsəm ideya ilə heç nəyə nail ola bilməz. Onun Ermənistana saxta canfəşanlıq göstərməsindən yalnız bir qazancı ola bilər ki, o da qarşıdan gələn prezident seçkilərində Fransa ermənilərinin səsini qazanar. Hələ o da ya qismət, baş tuta ya tutmaya. Çünki ermənilər Fransa əhalisinin yalnız 1,5 faizini təşkil edir. Bundan əlavə, verilən statistik məlumata görə, Fransa əhalisinin 65 faizi, əsasən də gənclər Makronun daxili və xarici siyasətindən ciddi narazılıqlarını bildirirlər. Əhalinin sosial vəziyyəti ildən-ilə ağırlaşır, tətillər, iğtişaşlar baş alıb gedir. Bundan başqa, Fransa beynəlxalq aləmdə nüfuzunu sürətlə itirməkdədir. Fransızlar ölkənin durumunu yaxşılaşdırmaq əvəzinə digər ölkələrin daxili işlərinə qarışmağı Makrona bağışlamır və bunu açıq şəkildə bildirirlər. Təbii ki, bütün bunlar hakimiyyətə qarşı etimadsızlıq və nifrət yaradır. Bir sözlə, “gönü suya vermiş” Makronun Qarabağ oyunu dəryada balıq sövdasına bənzəyir.