03.07.2013-cü il tarixində İtaliya, İspaniya, Fransa və Portuqaliya hava məkanını bağlayır, NATO qırıcıları havaya qalxır və Rusiyadan Boliviyaya uçan prezident Evo Moralesin təyyarəsi Avstriyada məcburi şəkildə endirilir. Beləliklə də, ABŞ və Avropa dövlətlərinin xüsusi xidmət orqanları CİA-nin agenti Edvard Snoudeni təyyarədə axtarmağa başlayırlar, lakin tapa bilmirlər...
23.05.2021-ci il tarixində Belorus qırıcıları havaya qalxır, Afina-Vilnüs marşrutu üzrə hərəkət edən şərnişin təyyarəsi Minsk hava limanına təcili eniş edir. Sərnişinlər yoxlanılan zaman "YouTube"da və "Telegram"da fəaliyyət göstərən "Nexta" kanallarının təsisçisi, Belarusda terrorizmdə ittiham olunaraq, axtarışa verilən Roman Protaseviç müəyyən olunur və saxlanılır.
Zaman və məkan fərqli olsa da, baş verən hadisələrin motivi eynidir. ABŞ da, Belorus da milli təhlükəsizlik prinsipindən yanaşma tətbiq edir. Hər iki ölkə milli maraqlarına potensial təhlükə törədən şəxsin perspektiv "virtual terror" fəaliyyətinin qarşısını almaq niyyətindədir. Fərq ondadır ki, ABŞ və Avropanın xüsusi xidmət orqanları qarşılarına qoyulan vəzifəni yerinə yetirə bilmir, lakin beloruslu həmkarları bacarır.
Hadisələr arasında bir fərq var ki, ABŞ və Avropa xüsusi xidmət orqanları toxunulmazlığı olan, havada ikən qorunması beynəlxalq qanunlarla tənzimləyənən Prezident təyyarəsini məcburi endirir, hətta Boliviya rəhbərinin həyatını təhlükəyə atırlar. Hətta, Boliviya prezidentindən üzr belə istəmirlər. Boliviya hökuməti nə qədər səsini çıxarmağa çalışsa da, Avropa dövlətləri və ABŞ cəzasız qalır.
İndi isə Belorus xüsusi xidmət orqanları ABŞ kimi davranıb milli maraqları müdafiə naminə əməliyyat keçirib. Lakin Qərb dünyası və onların müxtəlif yerlərdəki "Troya atları" Belorusu linç edir ki, niyə belə bir iş tutmusan? Hətta, Avropa İttifaqı Belorus üçün hava məkanını bağlamaq, sanksiyalar tətbiq etmək barədə də düşünür. Bəs, 2013-cü ildə eyni münasibəti nə üçün Almaniya, Fransa, Polşa, Latviya, Çexiya kimi ölkələr ABŞ-a və Avstriyaya qarşı göstərmədilər? Niyə onlar üçün hava məkanlarını bağlamadılar? Nə üçün Boliviyanın haqq səsini eşidib, ABŞ-a və Avstriyaya sanksiya tətbiq etmədilər? Bütün bunlar onu göstərir ki, ABŞ və Avropa yalnız öz maraqlarını güdür, onlarla razı olmayanları isə məhv edir. Bu da ikilistandartların, cığallığın sübutudur.
Hər fürsətdə Lukaşenkonu, Belorusu əldə bayraq edib Azərbaycan hakimiyyətinə qara yaxmağa çalışan "5-ci kolon"un da mövqeyi gözdən qaça bilməz. Belorus nə edir, necə edir onun daxili məsələsidir, buna qarışmaq heç kəsin haqqına düşməyib. Amma Belorusda baş verən hadisənin Azərbaycan hakimiyyəti üzərinə transformasiya edilməsi Əli Kərimli, Cəmil Həsənli, Qənimət Zahid, Sevinc Osmanqızı kimilərin qərəzindən, kinindən, düşmənçiliyindən xəbər verir. İstənilən diqqətli oxucu sual edə bilər ki, bu adları çəkilənlər eyni ssenari üzrə Prezident təyyarəsini təhdidlə endirən ABŞ və Avropa ölkələrinə də "Belorus tonu"nda söz deyə, status yaza, canlı yayım aça, linç edə bilərlərmi? Cəsarətləri çatarmı ki, ABŞ, yaxud Avropadakı dövlətlərin rəhbərlərini qatil adlandırsınlar? Əlbəttə ki, yox. Səbəb də ondan ibarətdir ki, Belorusa asanlıqla dil çıxaranlar da elə Qərbdəki fondlardan, oradakı avrolardan və sentlərdən asılıdırlar. Əli Kərimli, Cəmil Həsənli, Qənimət Zahid, Sevinc Osmanqızı kimiləri danışdıran da, dövlətimizə və xalqımıza düşmən kəsilməyə vadar edən də həmin pullardır. Bu qədər sadə...

Ramil Vəlibəyov
Rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi əsas hədəflərdəndir - TƏHLİL